00:00 18 Avqust 2020 555
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.08.2020

AZƏRBAYCANDA SƏRHƏDÇİ GÜNÜ

(1919)

18 avqust Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günüdür. 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Azərbaycan Prezidentinin 31 iyul 2002-ci il tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı təyin edilib. Ölkə Prezidentinin 16 avqust 2000-ci il tarixli sərəncamı ilə 18 avqust - Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

ARİF SALAHOV

(1937-2006)

Azərbaycan Silahlı Qüvvələrinin ilk zabitlərindən biri, artilleriya general-mayoru Arif Əliabbas oğlu Salahov 1937-ci il avqustun 18-də Abşeron rayonunun Digah kəndində anadan olub. 1955-ci ildə kənd orta məktəbini bitirib. 1956-1958-ci illərdə Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında hərbi xidmət keçib. 1958-1961-ci illərdə Tula Hərbi Artilleriya Məktəbində, 1965-1970-ci illərdə Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil alıb. 1961-ci ildən SSRİ-nin müxtəlif hərbi hissələrində diviziyanın artilleriya alayının rəisi, qərargah rəisinin müavini, qərargah rəisi, artilleriya rəisi vəzifələrində xidmət edib. 25 may 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarında tərxis olunub. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılıb. 1992-ci il yanvarın 30-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Artilleriya və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, 5 sentyabr 1992-ci ildən 25 aprel 1993-cü ilə qədər 922 nömrəli artilleriya briqadasının komandiri vəzifələrində xidmət edib. Ağdam, Tərtər, Beyləqan və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir çox orden və medallarla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Arif Salahov 25 mart 2006-cı il tarixdə Bakıda vəfat edib.

HACI MURAD YEGİZAROV

(1939)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, Dövlət Mükafatı laureatı Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 1939-cu ilin bu günü Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görüb. Bu səbəbdən Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. 30-dan artıq filmdə yaddaqalan obrazlar yaradıb. "Arşın mal alan" filmində oynadığı Süleyman bəy rolu ona böyük populyarlıq qazandırıb. Hacı Murad Yegizarov 28 oktyabr 2009-cu ildə "Şöhrət", 1 avqust 2019-cu ildə "Şərəf" ordeninə layiq görülüb.

ASLAN ASLANOV

(1951)

Azərbaycanın əməkdar jurnalisti, əməkdar mədəniyyət işçisi Aslan Əhməd oğlu Aslanov 18 avqust 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975-1992-ci illərdə respublikanın müxtəlif qəzetlərində, o cümlədən "Kommunist" qəzetində işləyib. 1992-ci ildə AzərTAC-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci ildə AzərTAC-ın baş direktorunun birinci müavini, 2002-ci ildə AzərTAC-ın baş direktoru təyin olunub. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. 2013-2016-cı illərdə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının vitse-prezidenti, 2016-2019-cu illərdə prezidenti olub. 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İnformasiya Agentlikləri Birliyinin İcraiyyə Şurasının üzvü seçilib. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvüdür. Aslan Aslanov 2018-ci il martın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

ŞAHİN MƏMMƏDOV

(1965-1994)

Şəhid Şahin Səməd oğlu Məmmədov 1965-ci il avqustun 18-də Göyçə mahalının Çəmbərək rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə deportasiyaya məruz qalaraq, Bakı şəhərinə köçüb. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Maşınqayırma Zavodunda çilingər işləyib. 1991-ci ildə ailə həyatı qurub və bir qız övladı dünyaya gəlib. Şahin Məmmədov 1994-cü ilin yanvar ayında Milli Orduya yazılıb və elə həmin ayda Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub.

ƏLİAĞA ŞIXLİNSKİ

(1863-1943)

Görkəmli hərb xadimi, artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Hərb nazirinin müavini Əliağa İsmayıl ağa oğlu Şıxlinskinin anım günüdür. O, 1863-cü il martın 3-də Gəncə quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb, 1886-cı ildə Peterburq artilleriya məktəbini bitirib. 1904-1905-ci illərdə isə rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub, Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi ona tapşırılıb. Cümhuriyyət dövründə Hərb nazirinin müavini, sovet işğalından sonra Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib. Dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi", "Xatirələrim" adlı əsərlərini, "Rusca-Azərbaycanca qısa hərbi lüğət"i çap etdirilib. Bir çox orden və medallarla təltif olunan Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.

ƏLİ YUSİF

(1900-1937)

Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair Əli Yusifin xatirə günüdür. Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. 1917-ci ildə Şuşa Milli Komitəsinin üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ailəsi ilə Bakıya köçüb. “Yaşıl qələm”, “Ədəbiyyat cəmiyyəti”nin işində fəal iştirak edib, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” kimi qəzet və jurnallarda məqalələr və şeirlər nəşr etdirib. Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə onun adı xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb və Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Ümumittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. Qurultay başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən Əli Yusifzadə evində axtarış aparılmaqla həbs edilib. Haqqında ölüm hökmü çıxarılsa da, sonradan bu qərar 10 il həbs cəzası ilə dəyişdirilib. 1935-ci ilin yanvarında həbsdən azad edilən Əli Yusifzadə 1937-ci ildə Daşkənddə yenidən həbs edilib və həmin il avqustun 18-də həbsxanada güllələnib.

ƏKRƏM CƏFƏR

(1905-1991)

Dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfərin xatirə günüdür. Əkrəm Səftər oğlu Cəfərov 1905-ci il mayın 5-də İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, daha sonra Bakı Darülmüəllimində, Moskvada İkinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsində oxuyub. Müxtəlif illərdə müəllim, elmi işçi, kafedra müdiri kimi vəzifələrdə çalışıb, Moskva Proletar Yazıçılar Cəmiyyəti Azərbaycan bölməsinin katibi olub. "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında da böyük əməyi olub. Əkrəm Cəfər 1991-ci il avqustun 18-də Bakıda vəfat edib.

ƏKBƏR AĞAYEV

(1919-1944)

İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanı, Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri Əkbər Səttar oğlu Ağayev də bu gün xatırlanır. O, 1919-cu ildə Ordubadda anadan olub. 1939-cu ildə sovet ordusuna çağırılıb. Belarus cəbhəsində ağır yaralanaraq əsir alınıb. 1942-ci ilin yazında Buhenvald ölüm düşərgəsinə göndərilib. Burada İvan Spot adı ilə tanınaraq, faşistlərə qarşı mübarizəsini davam etdirib. Əkbər Ağayev 18 avqust 1944-cü ildə güllələnib.

OQTAY RZA

(1934-2019)

Tanınmış Azərbaycan şairi, geologiya-mineralogiya elmləri namizədi Oqtay Rzanın anım günüdür. Oqtay Məhərrəm oğlu Rzalı 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. Arbatan kənd yeddi illik məktəbini bitirdikdən sonra Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirib. Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və geoloq ixtisası alıb. Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində operator, baş operator, neftçıxarma ustası olub. Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim və dosent kimi çalışıb. "Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb və "Sosializm yolu" rayon qəzetində dərc etdirib. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olub, bədii tərcümələr də edib. Əsərləri xarici mətbuatda dərc olunub. "Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı olan Oqtay Rza 18 avqust 2019-cu ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın