00:01 18 Sentyabr 2020 290
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.09.2020

MİLLİ MUSİQİ GÜNÜ

(1995)

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərdi. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının – indiki Bakı Musiqi Akademiyasının önündə minlərlə insan toplaşardı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi il bəstəkarın əsərlərini ifa edərdi. 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü elan olunub. Bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

ÜZEYİR HACIBƏYLİ

(1885-1948)

Azərbaycan peşəkar musiqi sənətinin, Şərqdə və Azərbaycanda ilk operanın banisi, SSRİ və Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, publisist, dramaturq, pedaqoq, ictimai xadim, akademik Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Ailədə üç qardaş və iki bacı olublar. Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidəki təsərrüfatına rəhbərlik edib. Qori Müəllimlər Seminariyasında və Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. Müxtəlif illərdə məktəblərdə rus dili, hesab, tarix və musiqidən dərs deyib, qəzetlərdə tərcüməçi və redaktor olub, jurnallarda çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. 22 yaşında bəstələdiyi «Leyli və Məcnun» operası təkcə Azərbaycanda deyil, bütün Şərqdə əlamətdar hadisə olub. Bundan sonra «Əsli və Kərəm», «Şah Abbas və Xurşidbanu» muğam-operalarını yaradıb. Yaradıcılığının zirvəsi sayılan «Koroğlu» operası, eləcə də «Arşın mal alan», «O olmasın, bu olsun» musiqili komediyaları dünyanın bir çox ölkələrinin opera teatrlarının səhnələrində də uğurla oynanılıb. Dahi sənətkar 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Konservatoriyasına və Bəstəkarlar İttifaqına rəhbərlik edib, istedadlı bəstəkar nəslinin yetişməsində əvəzsiz rol oynayıb. 1945-1948-ci illərdə Azərbaycan EA-nın İncəsənət İnstitutunun direktoru olub. Stalin mükafatı, "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib. Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

MÜSLÜM MAQOMAYEV

(1885-1937)

Azərbaycanın xalq artisti, bəstəkar, dirijor, pedaqoq, folklorşünas və ictimai xadim Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi ailəsində anadan olub. Qroznı şəhər məktəbini və Qori Müəllimlər Seminariyasını bitirib. Seminariyada Üzeyir Hacıbəyli ilə tanış olub və bu tanışlıq sonradan qohumluğa çevrilib. Onların hər ikisi Terequlova bacıları ilə evlənib. Bir müddət Şimali Qafqazda və Lənkəranda müəllimlik etdikdən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Bakıya gəlib, burada onun yaratdığı teatr truppasının rəhbəri olub. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edib. Onun ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. Bundan başqa, yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd” və digər mahnılar daxildir. Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb. Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.

ƏSƏDULLA BƏY MURADXANOV

(1866-1942)

İctimai-siyasi xadim, maarifpərvər-publisist Əsədulla bəy Muradxanov 1866-cı ilin bu günü Salyanda anadan olub. Qori Müəllimlər Seminariyasında təhsil alıb. Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb. Cavad qəzasında “Kəndlilərlə əlaqə şöbəsi”ndə kargüzar və tərcüməçi, Salyanda məhkəmə məmuru, Bakıda mülki məhkəmənin sədri vəzifələrində çalışıb. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilib və Rusiya Dövlət Dumasına deputat seçilmiş ilk salyanlı olub. Salyanda yaradılmış ilk Xeyriyyə Cəmiyyətinin, ilk həvəskar teatr cəmiyyətinin və ilk kütləvi kitabxananın qurucusudur. Dövri mətbuatda çıxış edib, məqalələri çap olunub. Əsədulla bəy Muradxanov 1942-ci il yanvarın 28-də Salyanda vəfat edib. O, görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır.

İSMİXAN RƏHİMOV

(1925-2004)

Görkəmli tərcüməçi, dilçi alim İsmixan Məmməd oğlu Rəhimov 18 sentyabr 1925-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər İnstitutunda və Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1948-ci ildə sovet rejimi tərəfindən həbs edilib, 7 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilərək 25 il azadlıqdan, 5 il seçki hüququndan məhrum edilib, bütün əmlakı müsadirə olunub. Stalinin ölümündən iki il sonra – 1955-ci ildə azadlığa buraxılıb və 1956-cı ildə isə bəraət alıb. Bir neçə kitabın müəllifidir. İsmixan Rəhimov 2004-cü il dekabrın 15-də Bakıda vəfat edib.

SEYMUR MƏMMƏDOV

(1971-1992)

Azərbaycanın Milli Qəhrəmanı Seymur Qəhrəman oğlu Məmmədov 1971-ci il sentyabrın 18-də Füzuli şəhərində dünyaya göz açıb. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb, xidmətini Almaniya və Ukraynada keçirib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb və bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərib. Seymur Məmmədov Məlikcanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Oxuduğu məktəb onun adını daşıyır, haqqında "Qartal yuvası" sənədli filmi çəkilib.

MÜŞFİQ ORUCOV

(1994-2016)

Şəhid Müşfiq Arif oğlu Orucov 1994-cü il sentyabrın bu günü Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya şadlıq sarayında ofisiant, dondurma sexində işləyib. Naftalan şəhərində hərbi xidmətdə olub. Müşfiq Orucov 2016-cı ilin aprel döyüşlərində cəbhənin Tərtər istiqamətində şəhid olub və Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

QATIR MƏMMƏD

(1887-1919)

İnqilabçı Məmməd Əli oğlu Məmmədovun anım günüdür. O, 1887-ci ildə Goranboyda anadan olub. Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı olub. Dəfələrlə həbs və sürgün edilib. 1917-ci il Rusiya inqilabından sonra sürgündən geri dönüb və öz dəstəsi ilə Müsavat hökumətinə qarşı mübarizə aparıb. Bakını ölkənin qərbi ilə birləşdirən telefon və teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb. Qatır Məmməd Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq 18 sentyabr 1919-cu ildə öldürülüb. Sovetlər dövründə xalq qəhrəmanı elan edilib, heykəlləri qoyulub, adına küçələr salınıb, haqqında film çəkilib. Sovet hakimiyyəti dağıldıqdan sonra Gəncədəki heykəli götürülüb.

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

(1906-1988)

Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi də bu gün xatırlanır. O, 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub. Tehran Universitetinin tibb fakültəsində təhsil alıb. «Heydərbabaya salam» poeması şairin yaradıcılığında bir dönüş nöqtəsi olub və böyük şöhrət gətirib. İlk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olunub. «Varlıq» jurnalının əməkdaşı olub, Tehranda şair və yazıçıların təşkil etdikləri ədəbi-mədəni dərnəklərdə iştirak edib. Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə Tehranda vəfat edib. Məzarı Təbrizdə "Şairlər məqbərəsindədir". Cənubi Azərbaycanda hələ dahi şairin sağlığında 7 mart «Şəhriyar günü» elan olunub. Təbriz məktəblərindən birinə, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilib. Paytaxtımızın mərkəzi küçələrindən biri şairin adını daşıyır.

ADİL İSGƏNDƏROV

(1910-1978)

Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyor və pedaqoq Adil Rza bəy oğlu İsgəndərovun xatirə günüdür. O, 1910-cu il mayın 5-də Gəncədə dünyaya gəlib. Teatr Texnikumunda və Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. Akademik Dövlət Teatrında aktyor, baş rejissor, sonra isə burada və "Azərbaycanfilm" kinostudiyasında direktor işləyib. 25 ilə yaxın bir dövrdə Akademik Dövlət Teatrında öz məktəbini yaradıb. Bir sıra tamaşaların rejissoru olub. "Uzaq sahillərdə", "Qara daşlar", "Məhəbbət dastanı", "Axırıncı aşırım", "26 Bakı komissarı", "Arxadan vurulan zərbə" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Əhməd haradadır?" onun quruluş verdiyi yeganə filmdir. “Stalin” mükafatına, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenlərinə layiq görülən Adil İsgəndərov 1978-ci il sentyabrın 18-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

CƏFƏR CƏMİLOV

(1958-1993)

Şəhid Cəfər İsaq oğlu Cəmilovun anım günüdür. O, 1958-ci il mayın 25-də Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya göz açıb. Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. 1980-ci ildə Ağdam islah əmək koloniyasında leytenant rütbəsi ilə xidmət edib. 1992-ci ildə Milli Orduya çağırılıb və 708 saylı hərbi hissənin tağım komandiri olub. Baş leytenant Cəfər Cəmilov 1993-cü ilin sentyabrında Ağdamda şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın