12:00 19 İyun 2020 332
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.06.2020

MÖHSÜN SƏNANİ

(1900-1981)

1. Azərbaycanın xalq artisti, aktyor Möhsün Sənaninin doğum günüdür. Möhsün Sadıq oğlu Cəfərov 1900-cü il iyunun 19-da Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Ailə vəziyyətinə görə təhsilini tamamlaya bilməyib. 1911-ci ildə ilk dəfə geniş izdiham qarşısında çıxış edib. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayıb. Burada oynadığı rollar ona həqiqi aktyor şöhrəti qazandırıb. 1915-1920-ci illərdə Tiflis Teatr Truppasında çalışıb, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmlərdə rol alıb. Möhsün Sənani 1981-ci il fevralın 11-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, idman şərhçisi Valid Sənaninin atası, məşhur diktor Ofeliya Sənaninin qayınatasıdır.

TALEH HƏMİD

(1952-2016)

2. Şair, publisist və jurnalist Taleh Həmid oğlu Babayev 1952-ci il iyunun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Kənd Təsərrüfatı Nazirliyində müfəttiş, təsərrüfat müdiri, bir sıra mətbu orqanlarda şöbə müdiri, baş redaktor, Regionların İnkişafı İctimai Birliyində sədr müavini vəzifələrində çalışıb, “Müstəqil qəzet”in və Yeni fikir” qəzetinin təsisçisi və baş redaktoru olub. Bir neçə şeir və publisistik kitabların müəllifidir. Respublika Komsomolu Mükafatına, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülüb. Taleh Həmid 1 noyabr 2016-cı ildə Bakıda vəfat edib.

SƏFA AXUNDOV

(1958-1992)

3. Azərbaycanın Milli Qəhrəmanı Səfa Fətulla oğlu Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olub. 1979-cu ildə Orenburq Mülki Aviasiya Məktəbini bitirərək, Yevlax rayonundakı aeroportda pilot, 1989-cu ildə isə Zabratda "Azal Aero" aviaşirkətinə məxsus Mi-8 vertolyotuna 2-ci pilot təyin edilib. 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş edib, üçüncü uçuşu edərkən Xankəndi istiqamətindən atılan raketlə vertolyot vurulub. Nəticədə 3 heyət üzvü və 47 sərnişin faciəli surətdə həlak olub. Səfa Axundov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub.

BORİS CONSON

(1964)

4. Böyük Britaniyanın baş naziri Boris Conson 1964-cü ilin bu günü Nyu-Yorkda anadan olub. Əsl adı Aleksandr Boris de Pfeffel-Consondur. Atasının babası türkiyəli jurnalist Əli Kamal Osmanlı imperiyasının son böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olub və Mustafa Kamal Atatürkün həbsinə əmr verib. Atatürk hakimiyyətə gəldikdən sonra isə Əli Kamal edam edilib. Boris Conson Oksford Universitetində təhsil alıb. Karyerasına “The Times” qəzetində başlayaraq redaktor köməkçisi və redaktor vəzifələrində çalışıb. 2001-ci ildə keçirilən ümumi seçkilərdə İcmalar Palatasına seçilib və ölkənin aparıcı siyasətçiləri sırasında yer alıb. Müxtəlif illərdə Mühafizəkarlar Partiyasında sədr müavini, London meri, Böyük Britaniyanın dövlət katibi, “kölgə kabinetin”də mədəniyyət və ali təhsil naziri kimi vəzifələrdə çalışıb. Boris Conson 2019-cu ildə Tereza Meyin istefasından sonra İngiltərənin baş naziri olub.

FƏTƏLİ XAN XOYSKİ

(1875-1920)

5. Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Fətəli xan Xoyskinin anım günüdür. O, 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub. 1901-ci ildə Moskva Universitetini bitirdikdən sonra təxminən 15 il ərzində Gəncə, Suxumi, Batumi, Kutaisi və Bakıda məhkəmə sistemində çalışıb. Rusiya Dövlət Dumasına deputat seçilib. 28 may 1918-ci ildə istiqlaliyyətin elanından sonra Azərbaycan Milli Şurası Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökuməti təşkil edib. 1919-cu ilin martınadək hökumətə başçılıq edib. Bu müddət ərzində Azərbaycan hökuməti dövlət hakimiyyətinin strukturunu yaradıb və möhkəmləndirib, bank sistemini təşkil edib, ilk milli əsginaslar və poçt markalarını dövriyyəyə buraxıb, Azərbaycan dilində məktəblər açıb və digər dövlət əhəmiyyətli tədbirlər həyata keçirib. 1919-cu ilin martından sonra Fətəli xan Xoyski hökumətdə xarici işlər naziri vəzifəsində çalışıb. 27 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Fətəli xan Xoyski Tiflisə köçüb və 1920-ci ilin iyununda erməni terrorçuları tərəfindən qətlə yetirilib.

HUŞƏNG AZƏROĞLU

(1938-2019)

6. Güney Azərbaycanın tanınmış müğənnisi və aktyoru Huşəng Azəroğlu da bu gün xatırlanır. O, 1938-ci ildə Ənzəli şəhərində anadan olub. Vəli Vahid, Məşədi Salamat və Mustafa Paya kimi musiqi ustadlarından musiqi təhsili alıb. Musiqidən əlavə özünü aktyorluq və peşəkar idmanda da sınayıb, böyük uğurlar əldə edib. 20 filmdə rol alıb, Türkiyədə İstanbul və TRT radioları ilə əməkdaşlıq edib. “Sizə salam gətirmişəm” və “Olmaz, olmaz” mahnıları ilə şöhrət qazanıb. 1985-ci ildə Türkiyə prezidenti Turgut Özal tərəfindən “Qızıl Kəpənək” mükafatına layiq görülüb. Dəfələrlə Kanada, İngiltərə, Fransa, ABŞ və Türkiyədə konsertlər verib. Ömrünün son illərini Urmiyada keçirən Huşəng Azəroğlu 2019-cu ilin iyununda Ənzəli şəhərində dünyasını dəyişib.

YUSİF QASIMOV

(1968-1992)

7. Şəhid Yusif Telman oğlu Qasımovun xatirə günüdür. O, 13 avqust 1968-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1986-1990-cı illərdə SSRİ DİN-in Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə taqım komandiri olub. Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərə bölgəsində gedən döyüş zamanı şəhid olub. 9 mart 2018-ci ildə “İgidliyə görə” medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın