00:00 19 Oktyabr 2020 101
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.10.2020

HÜSEYN HƏSƏNOV

(1932-1995)

Azərbaycanın əməkdar elm xadimi, biologiya elmləri doktoru, professoru, akademik Hüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabrın 19-da İrəvan şəhərində anadan ol­ub. Azərbaycan Dövlət Universitetinin Biolo­giya fakültəsində təhsil alıb. Azərbaycan SSR EA-nın Fiziologiya sekto­runda laborant, kiçik elmi işçi, Fiziologiya İnstitu­tunda elmi işlər üzrə direktor müavini və direktoru vəzifələrində işləyib. Azərbaycan Fizio­loq­lar Cə­miyyətinin sədri, Azərbaycan EA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın elmi kadrlar üzrə Şurasının sədri, “Ali sinir fəa­liyyəti” və SSRİ EA-nın “Fiziologiya” jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü olub. 300-dən çox elmi əsərin, o cümlədən 5 mono­qra­fiyanın və 1 dərsliyin müəllifidir. “Şanlı əməyə görə” medalı, “Şərəf nişanı”, “Fəxri nişan” (1982) ordenləri ilə təltif edilib, elm və texnika üzrə Azərbaycan SSR-in Dövlət Mükafatı laureatı olub. Hüseyn Həsənov 1995-ci il iyulun 18-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

OGÜST LÜMYER

(1862-1954)

Kinematoqrafiyanın banisi Ogüst Lümyer 19 oktyabr 1862-ci ildə Fransanın Bezanson kəndində doğulub. Martiniere Texniki Məktəbində təhsil alıb. Atasına məxsus fotomaterial fabrikində işləyib. 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoaparat ixtira edib. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilib. Onlar 1907-ci ildə rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf ediblər. Ogüst Lümyer 1954-cü il aprelin 10-da Lion şəhərində vəfat edib.

RƏHİM BABAYEV

(1930-2010)

Azərbaycanın xalq artisti, fleyta ifaçısı Rəhim Sadıq oğlu Babayev 1930-cu ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olub. 1958-2010-cu illərdə pedaqoji fəaliyyət göstərib. Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat edib.

VERONİKA KASTRO

(1952)

Meksika aktrisası, müğənni və teleaparıcı Veronika Kastro 1952-ci il oktyabrın 19-da Mexiko şəhərində anadan olub. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialından sonra bütün Latın Amerikasında və Avropada məşhurlaşıb. Bir çox filmlərdə, seriallarda yaddaqalan obrazlar yaradıb. Eyni zamanda televiziya verilişlərinin aparıcısı, bir çox albomun müəllifidir.

FATMA MUXTAROVA

(1893-1972)

Azərbaycanın xalq artisti, Gürcüstanın əməkdar artisti, müğənni Fatma Abbas qızı Muxtarovanın anım günüdür. O, 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 12 yaşından küçələrdə mahnılar oxuyaraq pul qazanıb. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyıblar. İki il Konservatoriya təhsili aldıqdan sonra Saratovdan Moskvaya yola düşüb və burada məşhur musiqiçi Fyodor Şalyapinlə tanış olub. 1913-cü ildə ilk dəfə Bakıya gəlib. Daha sonra Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyub, 1938-1953-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. “Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif edilən Fatma Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

CABBAR QASIMOV

(1935-2002)

Azərbaycanın xalq rəssamı, professor Cabbar Ağadadaş oğlu Qasımovun xatirə günüdür. O, 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib, ittifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olub. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Müxtəlif illərdə əsərləri Azərbaycanda və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib, dəfələrlə diplomlara və fəxri fərmanlara layiq görülüb. Cabbar Qasımov 2002-ci il oktyabrın 19-da vəfat edib.

CAVİD ABDURƏHMANOV

(1972-1992)

Şəhid Cavid Təvəkkül oğlu Abdurəhmanov da bu gün xatırlanır. O, 1972-ci il noyabrın 26-da Şamaxı şəhərində anadan olub. Şamaxı şəhərində yerləşən Cəmo bəy Cəbrayılbəyli adına orta məktəbdə və Bakı Kooperativ Texnikumunda təhsil alıb. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Cavid Abdurahmanov 1992-ci il oktyabrın 19-da Kəlbəcər rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın