00:01 19 Dekabr 2020 111
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.12.2020

DADAŞ HƏSƏNOV

(1897-1927)

Azərbaycanın müstəqilliyi uğrunda mübariz, görkəmli siyasi xadim Dadaş Əbdül Hüseyn oğlu Həsənov 19 dekabr 1897-ci ildə Şuşa şəhərində doğulub. Bakı Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb. 1924-cü ildən həkim-terapevt işləyib. Gizli fəaliyyət göstərən Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri və Bakı Komitəsinin nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi olub. Məhəmməd Əmin Rəsulzadənin Sankt-Peterburqdan Finlandiya vasitəsilə Avropaya qaçırılma əməliyyatının birbaşa icraçıları Dadaş Həsənov, Rəhim bəy Vəkilov və tanınmış tatar maarifçisi Musa Cərullah Bigiyev olublar. Dadaş Həsənov 11 mart 1926-cı ildə həbs edilib və 1927-ci ilin aprel ayında güllələnib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra onun işinə yenidən baxılıb və 1992-ci ildə bəraət verilib.

LEONİD İLİÇ BREJNEV

(1906-1982)

Keçmiş SSRİ-nin dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnev 19 dekabr 1906-cı ildə Ukraynanın Dnepropetrovsk vilayətində anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə general rütbəsinə layiq görülüb. 1964-1966-cı illərdə Sov. İKP MK-nın Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi, 1960-1964 və 1977-1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub. Sovet İttifaqı Marşalı və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onun hakimiyyət dövrü sovet dövlətinin tarixinə “durğunluq illəri” kimi düşsə də, əslində SSRİ vətəndaşlarının ən yaxşı yaşadıqları dövr olub. Sovet qoşunlarının 1968-ci ildə Çexoslovakiyaya, 1979-cu ildə isə Əfqanıstana hərbi müdaxiləsinə göstəriş verib. Leonid Brejnev 10 noyabr 1982-ci ildə Moskvada vəfat edib.

ƏNVƏR MANSUROV

(1917-1941)

Azərbaycan tarzəni Ənvər Mirzə Mansur oğlu Mansurov 1917-ci ilin bu günü Bakıda doğulub. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edib. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırıb. Sovet-fin müharibəsində iştirak edib, İkinci Dünya müharibəsinin lap əvvəlində - 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olub. O, Bakı Muğam Məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovun nəvəsi, Azərbaycanın əməkdar artisti, tarzən Mirzə Mansur Mansurovun oğlu, ictimai-siyasi xadim, yazıçı Arif Mansurovun atasıdır.

MİKAYIL ABDULLAYEV

(1921-2002)

SSRİ və Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1963-cü ildə Azərbaycan rəssamları arasında ilk dəfə olaraq SSRİ xalq rəssamı fəxri adına, 1969-cu ildə beynəlxalq Cəvahirləl Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. V-IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "İstiqlal" ordeni və bir sıra medallarla təltif olunan Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

RƏHMAN ƏLİZADƏ

(1947-2003)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatr rejissoru Rəhman Balarza oğlu Əlizadə 1947-ci il dekabrın 19-da Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. Mərdəkan qəsəbəsində mədəniyyət evinin bədii rəhbəri, xalq teatrının rejissoru, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında və Azərbaycan Gənclər Teatrında baş rejissor vəzifələrində çalışıb. Bir neçə kitabın, 30 pyesin müəllifidir. Prezident mükafatçısı olan Rəhman Əlizadə 15 mart 2013-cü ildə Bakıda vəfat edib.

GÜLŞƏN QURBANOVA

(1950-2016)

Azərbaycanın xalq artisti, aktrisa Gülşən Ağadadaş qızı Qurbanova 1950-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 16 fevral 1979-cu ildən 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. ANS telekanalında “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa sonralar “Lider” telekanalında “Mikser” verilişini aparıb. Gülşən Qurbanova 17 noyabr 2016-cı ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ögey bacısıdır.

ELŞAD QULİYEV

(1972-2012)

Şəhid polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda həkim ailəsində anadan olub. Zəngilan şəhər 1 saylı orta məktəbdə və Azərbaycan Texniki Universitetində təhsil alıb. 1995-ci ildə xüsusi xidmət orqanlarında həqiqi hərbi xidmətə qəbul edilib, 1998-2010-cu illərdə keçmiş MTN-in xüsusi təyinatlı dəstəsində baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışıb. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunub. Qarabağ müharibəsi veteranı Elşad Quliyev 6 aprel 2012-ci ildə Gəncə şəhərinin “Mahrasa bağı” adlanan ərazisində qanunsuz silahlı qruplaşma ilə baş vermiş silahlı insident zamanı həlak olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

SURXAY NOÇUYEV

(1988-2020)

İkinci Qarabağ müharibəsinin şəhidi, "Vətən Müharibəsi Qəhrəmanı" Surxay Əbdül oğlu Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Bakı şəhərində Xarici Dillər Təmayüllü Gimnaziyada, Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Zabit kimi fəaliyyəti müddətində tağım komandiri, bölük komandiri, qərargah rəisi və tabor komandiri vəzifələrində xidmət edib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda döyüşlərə qatılıb, düşmənin çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edib. Vətən Müharibəsi dövründə vaxtından əvvəl mayor hərbi rütbəsi ilə təltif edilib. Müharibənin sonuncu günündə Şuşa şəhərində qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn olunub. 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

ƏNVƏR MƏMMƏDXANLI

(1913-1990)

Azərbaycanın xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anım günüdür. O, 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda və Azərbaycan Neft İnstitutunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan Elmi-Tədqiqat İnstitutunda texnik-elektrik işləyib. Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb, Avropa və rus klassik yazıçılarından tərcümələr edib. “Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, İkinci Dünya müharibəsi dövründə "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub, Azərbaycan Radio Verilişləri Komitəsində redaktor, Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və "İkinci Dünya müharibəsi" ordenləri, döyüş medalları ilə təltif olunub. Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ELXAN KƏRİMOV

(1948-2010)

Azərbaycan fotoqrafı Elxan Əziz oğlu Kərimov da bu gün xatırlanır. O, 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində dünyaya göz açıb. 208 saylı orta məktəbdə, Azərbaycan Pedaqoji Universitetində və Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. 1997-ci ildə Türk beynəlxalq iş adamları "Dialoq" aylıq jurnalında, 1998-ci ildən "Azadlıq" qəzetində və "Turan" İnformasiya Agentliyində fotomüxbir vəzifəsində çalışıb. Bir çox sertifikat və diplomlara, o cümlədən "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb. Elxan Kərimov 19 dekabr 2010-cu ildə Bakıda vəfat edib və anadan olduğu Bülbülə kəndində torpağa tapşırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın