00:01 20 Sentyabr 2020 358
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 20.09.2020

ƏSRİN MÜQAVİLƏSİ VƏ NEFTÇİLƏR GÜNÜ

(1994)

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) arasında müqavilə imzalanıb. Təxminən 400 səhifə həcmində və 4 dildə olan müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb. Bununla da müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var. Azərbaycan Prezidenti Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – “Neftçilər günü” kimi qeyd olunur.

ƏŞRƏF HÜSEYNOV

(1907-1980)

Azərbaycanın əməkdar elm xadimi, riyaziyyatçı alim, akademik Əşrəf İsgəndər oğlu Hüseynov 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1931-1933-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub. Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktorlarından biri olub. 1939-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində kafedra müdiri və dekan vəzifələrində işləyib. 1965-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun ilk direktoru təyin edilib və beş il bu vəzifədə çalışıb. 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü, 1971-1980-ci illərdə Azərbaycan EA Fizi­ka-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olub. Əşrəf Hüseynov 1980-ci il avqustun 26-da dünyasını dəyişib.

HACIBƏY SULTANOV

(1921-2008)

Azərbaycanın əməkdar elm və texnika xadimi, akademik Hacıbəy Fərəculla oğlu Sultanov 20 sentyabr 1921-ci ildə Bakının Şağan kəndində ana­dan olub. Azərbaycan Dövlət Universitetinin Fizi­ka-riyaziyyat fakültəsində astronomiya və göy me­xa­nikası ixtisası üzrə təhsil alıb. Azərbaycan SSR EA-nın Fizi­ka-Riyaziyyat İnstitutunda astrono­miya eks­pe­di­siyasının rəisi, astrofizika şöbəsinin müdiri, Astrofizika sektorunun rəhbəri, Şama­xı Astrofizika Rəsədxanasının direktoru, Azərbaycan SSR EA-nın vit­se-prezidenti vəzifələrində çalış­ıb. Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cə­miyyətinin üzvü olub. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərin­dən­dir. Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qur­ğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifa­rişi, istifadəyə verilməsi və kadrların hazırlanmasına mühüm töhfələr verib. Hacıbəy Sultanov 2008-ci il martın 5-də Bakıda vəfat edib.

MURTUZ ƏLƏSGƏROV

(1928-2012)

Tanınmış ictimai-siyasi və dövlət xadimi, əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb. 1954-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. Müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olub. I, II və III çağırış Milli Məclisin deputatı, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olub. Murtuz Ələsgərov 7 avqust 2012-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

RƏFİQƏ ƏLİYEVA

(1932-2017)

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayıb. 1957-ci ildən Azərbaycan Dövlət Universitetində, daha sonra Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alıb. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Rəfiqə Əliyeva 2017-ci il mayın 6-da dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

VAHİD QULİYEV

(1955)

Azərbaycanın Milli Qəhrəmanı Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya gəlib. Zəngilan rayonunda Hacallıkənd orta məktəbində və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçirib. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində, Laçın rayonunun Fərəcan kəndində müəllim, Bakıda “Azon” Cihazqayırma Zavodunda sahə rəisi olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Sentyabrın 7-də Ağdam istiqamətindəki döyüşdə, oktyabrın 14-də Qubadlıda, 28 fevral 1994-cü ildə Ağdam döyüş bölgəsində iştirak edib, atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarıb. Azərbaycan Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə Vahid Quliyev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Atəşkəsdən sonra Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllim, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim vəzifələrində çalışıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

ARİF QUBADOV

(1966-2009)

Azərbaycanın Milli Qəhrəmanı Arif Vəliş Oğlu Qubadov 1966-cı ilin bu günü Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olub. Əliqasımlı kənd orta məktəbində, Bakı Birləşmiş Komandirlər Məktəbində və MTN Akademiyasının Sərhəd Qoşunları bölməsində təhsil alıb. 1984-cü ildə hərbi xidmətə çağırılıb. Sədərək, Ağdam, Füzuli, Tərtər və Ağdərə cəbhələrində rəşadətlə döyüşüb. Əfətli, Yusifcanlı, Əhmədbəyli, Alxanlı, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu kəndləri onun komandirliyi ilə ermənilərdən azad edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 26 sentyabr 2009-cu ildə Türkiyədə vəfat edib.

YUSİF KOSAYEV

(1955-1990)

Gəncənin ilk şəhidlərindən olan Yusif Zahid oğlu Kosayev 1955-ci il sentyabrın 20-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi Gəncədə bitirib. Hərbi xidmətdən sonra bir müddət Daşkəsən rayon Filizsaflaşdırma Zavodunda işləyib. 1988-ci ildən etibarən milli azadlıq hərəkatında və Qarabağ uğrunda gedən müharibədə iştirak edib. Yusif Kosayev 1990-cı il yanvarın 19-da Çaykənd uğrunda gedən döyüşlərdə şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

SƏMƏD QURBANOV

(1974-1993)

Şəhid Səməd Bakir oğlu Qurbanov 20 sentyabr 20 sentyabr 1974-cü ildə Quzanlı kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirəndən sonra kolxozda çalışıb. 6 oktyabr 1992-ci ildə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Üç aya yaxın Bakıda Daxili Qoşunlarının tərkibində hərbi təlim keçib. Təlimdən sonra Fərrux dağının müdafiəsində, Mehmanə və Drmbon kəndləri uğrunda döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 11-də Koçaqot yüksəkliyini düşməndən geri alsalar da, əlavə sursat və qüvvə gəlmədiyindən mühasirəyə düşüblər. Bu döyüşdə iştirak edən 275 nəfərdən yalnız 91-i mühasirədən çıxa bilib. Səməd Qurbanov yaralı dostunu atəş nöqtəsindən uzaqlaşdırmaq istərkən snayper gülləsindən həlak olub.

ƏJDƏR İBRAHİMOV

(1919-1993)

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimovun anım günüdür. O, 1919-cu il aprelin 29-da Bakıda anadan olub. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. 1937-1942-ci illərdə Aşqabad Musiqili Dram Teatrında aktyorluq edib, daha sonra Bakıya qayıdaraq “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Firuzə”, “Xəzər dənizinin şərqində” mənzərə filmlərini, “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi” bədii filmlərini çəkib. Bir müddət Vyetnamda işlədikdən sonra “Mosfilm” studiyasında rejissor kimi fəaliyyət göstərib. “26-lar”, “Ulduzlar sönmür” bədii filmlərinə quruluş verib. “Məhəbbətim mənim, kədərim mənim” onun son filmi olub. Ssenarist Marqarita Maleyevanın həyat yoldaşı olan Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

SALMAN DADAŞOV

(1922-1986)

Azərbaycan aktyoru, rejissor Salman Yusif oğlu Dadaşovun xatirə günüdür. O, 20 iyun 1922-ci ildə anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Leninqrad Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə 1939-cu ildə başlayıb, müxtəlif mədəniyyət qurumlarında çalışıb. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub. “Vulkan üzərində ev”, “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Koroğlu”, “İyirmialtılar” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Salman Dadaşov 1986-cı il sentyabrın 20-də vəfat edib. O, aktyor Məlik Dadaşovun qardaşı, aktyor Rəfael Dadaşovun və müğənni Brilliant Dadaşovanın əmisidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın