00:00 20 Dekabr 2020 99
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 20.12.2020

MEHMET AKİF ƏRSOY

(1873-1936)

Türkiyənin məşhur şairi, İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoy 20 dekabr 1873-cü ildə İstanbulda dünyaya gəlib. İlk və orta təhsilini İstanbulun Fateh səmtində alıb. Ali təhsil üçün Beynəlxalq Hüquq İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq baytarlıq təhsilinə başlayıb və buranı qızıl diplomla bitirib. Şeir yazmağa da bu dövrdə başlayıb, Osmanlı dövlətinin tənəzzül dövründə Anadoluya keçərək xalqı milli azadlıq hərəkatı üçün ruhlandırıb və böyük işlər görüb. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə gedib və Misir Universitetində türk dilindən dərs deyib. 1936-cı ildə ölkəyə qayıdan Mehmet Akif Ersoy 27 dekabr 1936-cı ildə dünyasını dəyişib.

HEYDƏR XAN ƏMOĞLU

(1880-1921)

Peşəkar azərbaycanlı inqilabçı, İran Kommunist Partiyasının Baş katibi Heydər xan Əmoğlu 1880-ci il dekabrın 20-də Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Orta məktəbi İrəvan şəhərində bitirib, daha sonra Tiflisdə elektrik mühəndisliyi ixtisasına yiyələnib. Bir müddət Tehranda müxtəlif vəzifələr yerinə yetirib. Səttarxan hərəkatı zamanı Tehranda "İctimaiye-Əmiyyun"un yerli şöbəsini yaradıb, Təbrizdə şah rejiminə qarşı gedən döyüşlərdə iştirakına görə 1908-ci ildə "Bombaçı" ləqəbini qazanıb. Birinci Dünya müharibəsi zamanı zabit rütbəsində türk ordusu ilə birlikdə döyüşən "Mücahidine-Azərbaycan" birləşməsinə qoşulub, İrandakı Rusiya Ekspedisiya Korpusuna və ingilis ordusuna qarşı döyüşüb. Cənubi Azərbaycanda azərbaycanlılarla kürdlərin arasında çıxan toqquşmalarda iştirak edib, kürdlərin Mərənd və Xoy şəhərlərindən geri çəkilmələrində böyük rolu olub. İrana ilk dəfə işıq çəkdirən Heydər xan Əmoğlu 15 oktyabr 1921-ci ildə Gilan partizanlarının lideri Mirzə Kiçik xanın adamlarının əli ilə öldürülüb.

ƏZİZ NESİN

(1915-1995)

Türkiyəli yazıçı Əziz Nesin 1915-ci ilin bu günü İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olub. 1935-ci ildə İstanbuldakı Kuleli Əsgər Liseyinə daxil olub. 1937-ci ildə isə Ankara Hərb Məktəbi ilə yanaşı, İncəsənət Məktəbini də bitirib. İkinci Dünya müharibəsi ilə əlaqədar 1941-ci ildə zabit kimi orduya çağırılıb və burada tank kurslarını bitirib. 1944-cü ildə “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” səbəbi ilə ordudan qovulduqdan sonra bir müddət baqqal və mühasib kimi peşələrdə çalışıb. Daha sonra sol təmayüllü “Tan” qəzetində işə girib. “Partiya qurmaq, partiya vurmaq” adlı ilk kitabı 1946-cı ildə dərc edilib və ona böyük şöhrət qazandırıb. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırıb və onlar birlikdə “Marko Paşa” adlı satirik qəzet nəşr etməyə qərar verib. 1952-ci ildə “Oluş” nəşriyyatını açıb. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək 99 nəfərlə birlikdə həbs olunub və heç bir səbəb olmadan 9 ay həbsdə yatıb. 1972-ci ildə kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açıb. Əziz Nesin 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində vəfat edib.

NİZAMİ RƏMZİ

(1947-1997)

Tanınmış meyxana ustası Nizami Rza oğlu Baxşıyev 20 dekabr 1947-ci ildə Bakıda doğulub. Ticarət texnikumunu bitirib, əmək fəaliyyətinə sürücü kimi başlayıb. 1988-ci ildə “Meyxana” folklor ansamblını yaradıb. Meyxananı toy, el şənliklərindən yüksək sənət zirvəsinə qaldırmağa nail olub. Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib. Bədahətən meyxana deməklə yanaşı, bir çox bəstələri də var. Xeyli şeir, qəzəl, yanıltmac və qaravəlli müəllifidir. “Qəzəlxan” bədii filmində, “Göy qurşağı” sənədli filmində çəkilib. Xarici ölkələrdə çıxış etmiş ilk meyxana ustasıdır. Nizami Rəmzi 19 yanvar 1997-ci ildə həmkarı Kəbir Azəri ilə birlikdə avtomobil qəzasında həlak olub.

RİAD ƏHMƏDOV

(1956-1992)

Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədov 1956-cı il dekabrın 20-də Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Minsk Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant, Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat idarəsində işləyib. 1991-ci ildə Çaykəndin ermənilərdən azad olunması əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görülüb. 1992-ci il yanvarın 25-də öz dəstəsi ilə Şuşaya göndərilib. Həmin il yanvarın 26-da Şuşa-Laçın yolunun üstündəki Daşaltı kəndində gedən qeyri-bərabər döyüşdə itkin düşüb, sonrakı taleyi haqda heç bir məlumat yoxdur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə polkovnik-leytenant Riad Əhmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

İBRAHİM MƏMMƏDOV

(1958-1994)

Azərbaycanın Milli Qəhrəmanı İbrahim İsmayıl oğlu Məmmədov 1958-ci ilin bu günü Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 3 saylı məktəbində və Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub, PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnib. 1990-cı il 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında çox böyük işlər görüb. 1993-cü ildə Milli Ordu sıralarına yazılıb və döyüşlərdə iştirak etmək məqsədilə Kəlbəcərə yollanıb. 16 fevral 1994-cü ildə Kəlbəcər rayonunda gedən qızğın döyüşlər zamanı ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv edib, lakin snayper gülləsindən şəhid olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 20 iyun 1994-cü il tarixli fərmanı ilə İbrahim Məmmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

ETİMAD ƏSƏDOV

(1963-2018)

Qarabağ qazisi Etimad Savalan oğlu Əsədov 20 dekabr 1963-cü ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1970-1980-ci illərdə kənd orta məktəbində təhsil alıb. 1982-1984-cü illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam ərazi özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb və bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2000-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub. Etimad Əsədov 16 oktyabr 2018-ci ildə Bakıda vəfat edib.

VƏLİ ZEYNALOV

(1956-1990)

20 Yanvar şəhidi Vəli Məmməd oğlu Zeynalov 1956-cı il dekabrın 20-də Naxçıvanda anadan olub. Volqoqrad şəhərindəki Ali Milis Məktəbini bitirib. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində Dövlət hüquq şöbəsinin müdiri işləyib. 1990-cı il mart ayının 28-də Şada kəndində ermənilərlə azərbaycanlılar danışıq aparmalı, Vəli Zeynalov da o danışıqlarda olmalı idi. Ermənilərin Kərməçataq kəndinə hücumu nəzərdə tutulmuş bir neçə adamı o görüşə getməkdən saxlayıb. Vəli Zeynalov başına bir dəstə adam toplayaraq, ermənilər tərəfindən tamamilə tutulmuş kəndə girib və quldurları kənddən qovub, özü isə bir neçə güllə yarası alaraq həlak olub. Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu Naxçıvan şəhər 3 nömrəli orta məktəbə onun adı verilib.

QALİB ZÜLFÜQARLI

(1992-2016)

Şəhid Qalib Laim oğlu Zülfüqarlı 1992-ci ilin bu günü Lənkəran şəhərində anadan olub. 7 nömrəli şəhər tam orta məktəbini bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Qalib Zülfüqarlı ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilib.

NURƏDDİN MİRZƏYEV

(1996-2016)

Şəhid Nurəddin Etimad oğlu Mirzəyev 20 dekabr 1996-cı ildə Yardımlı rayonunun Honuba kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Əsgər Nurəddin Mirzəyev ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

KƏRİM BƏY MEHMANDAROV

(1854-1929)

Tanınmış azərbaycanlı həkim Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun anım günüdür. O, 1854-cü il dekabrın 2-də Şuşa şəhərində dünyaya gəlib. Bakı şəhər gimnaziyasında və Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasında təhsil alıb. Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyib. Daha sonra Şuşa şəhərində çalışarkən ictimai işlərdə də fəal iştirak edib, “Difai” partiyasının Şuşa komitəsinin sədri olub. Müxtəlif illərdə II dərəcəli “Müqəddəs Stanislav”, II dərəcəli “Müqəddəs Anna”, IV dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Kərim bəy Mehmandarov 1929-cu il dekabrın 20-də Şuşada vəfat edib.

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

(1893-1960)

“Azərbaycan" qəzetinin ilk baş redaktoru, görkəmli dövlət və ictimai-siyasi xadimi Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəylinin xatirə günüdür. O, 1893-cü il mayın 31-də Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa vurduqdan sonra 1911-ci ildə Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olub. Qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilib. Elə həmin ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılıb. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin rəhbərlik etdiyi şöbənin fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli olub. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb, bir müddət dairə məhkəməsində işləyib, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edib. 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilib, Daxili İşlər nazirinin müavini olub. 1920-ci ilin aprel işğalından sonra Tiflisə, daha sonra İstanbula köçüb və həyatının qalan hissəsini mühacirətdə keçirib. Şəfi bəy Rüstəmbəyli 1960-cı il dekabrın 20-də İstanbulda dünyasını dəyişib və Fəriköy məzarlığında dəfn edilib.

OQTAY SADIQZADƏ

(1921-2014)

Azərbaycanın xalq rəssamı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə də bu gün xatırlanır. O, 21 fevral 1921-ci ildə yazıçı Seyid Hüseynin və şairə Umgülsümün ailəsində anadan olub. Bakı Rəssamlıq Texnikumunda və Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayıb. Nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilir, ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib, Dövlət Mükafatına layiq görülən Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.

CƏMİL MÜFİDZADƏ

(1934-2019)

Azərbaycanın xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadənin anım günüdür. O, 1934-cü il fevralın 24-də Ordubad rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbinin və Xarkov Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsinin tələbəsi olub. Qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edən rəssamın Polşa, Rusiya, İran, Fransa və Türkiyədə fərdi sərgiləri təşkil olunub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə 20 dekabr 2019-cu ildə Bakıda dünyasını dəyişib.

NURƏNGİZ GÜN

(1938-2014)

Azərbaycan şairəsi, aktrisa və diktor Nurəngiz Günün xatirə günüdür. O, 1938-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olub. 1 saylı Bakı Tibb Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" povesti ilə gəlib. Eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilib. Prezident təqaüdçüsü Nurəngiz Gün 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, Milli Məclisin deputatı Jalə Əliyevanın anasıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın