00:00 22 May 2020 252
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.05.2020

QANTƏMİR

(1888-1944)

1. Azərbaycanın görkəmli maarif xadimi, pedaqoq, yazıçı Qafur Sədrəddin oğlu Əfəndiyev (Qantəmir) 1888-ci il mayın bu günü Göyçay mahalının Potu kəndində anadan olub. İlk təhsilini atasının dərs dediyi kənd mədrəsəsində alıb. Daha sonra İstanbul Universitetinin tarix-filologiya fakültəsində, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində oxuyub. Göyçayda, Qubada müəllim və məktəb direktoru vəzifələrində işləyib, ömrünün sonuna qədər orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib, Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib. Bədii yaradıcılığa XX əsrin 20-ci illərində başlayıb. “Ağıl dəryası”, “Şarlatan”, “Kolxozustan” kitablarını nəşr etdirib. Hekayələrini “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında yazıb. 1937-ci ildə Ağsu rayonuna köçərək diş həkimi işləyib. Qantəmir 1939-cu ildə həbs olunaraq Orta Asiyaya sürgün edilib və 1944-cü il yanvarın 28-də sürgündə vəfat edib.

MEHDİ MƏMMƏDOV

(1918-1985)

2. Azərbaycanın xalq artisti, teatr rejissoru və pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il mayın 22-də Şuşada doğulub. Bakı Teatr Məktəbində və Moskvada ali rejissor təhsili alıb. Səhnə sənətinə aktyorluqla başlayıb. Gəncə Dövlət Dram Teatrında, Milli Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində işləyib. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Bir neçə kitabın müəllifi olan Mehdi Məmmədov 1985-ci il yanvarın 8-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, rejissor Vüqar Məmmədovun, aktyorlar Ülvi Mehdinin və Elçin Məmmədovun atası, aktrisalar Şəfiqə Məmmədovanın və Barat Şəkinskayanın həyat yoldaşı olub.

AQŞİN ƏLİZADƏ

(1937-2014)

3. Azərbaycanın xalq artisti, bəstəkar, professor Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb və 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. 1991-1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi olub. Aqşin Əlizadə 2014-cü il mayın 3-də vəfat edib.

YASİN QARAYEV

(1946)

4. Azərbaycanın xalq artisti, teatr və televiziya aktyoru, rejissor Yasin Mikayıl oğlu Qarayev 1946-cı il mayın bu günü Şəmkir rayonunun Qapanlı kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. “Hacı Qəmbər”, “Sağlıq olsun”, “Ölüm hökmü”, “Çimnaz xanım yuxudadır”, “Ərazi”, “Yol yoldaşları”, “Nigarançılıq” və digər və filmlərdə, tamaşalarda yaddaqalan obrazlar yaradıb. 2012, 2014 və 2015-ci illərdə Prezident Mükafatına layiq görülüb, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.

ASLAN İLYASOV

(1948-2013)

5. Məşhur qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasov 1948-ci ildə may 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Televiziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lent yazıları saxlanılır. 20-yə yaxın rəqs bəstələyib. Aslan İlyasov 20 dekabr 2013-cü ildə Bakı şəhərində vəfat edib.

MƏRİFƏT NƏSİBOV

(1972-1992)

6. Azərbaycanın Milli Qəhrəmanı Mərifət Əhməd oğlu Nəsibov 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. 1979-cu ildə burada məktəbə gedib, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Sovet Ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb. 1992-ci il yanvarın 28-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Mərifət Nəsibova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

RƏHMAN ƏŞRƏFOV

(1955-1990)

7. Şəhid Rəhman İsmixan oğlu Əşrəfov 1955-ci il mayın 22-də Bakının Binə qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. 1990-cı il yanvarın 19-da sovet ordusu Bakıya hücum edərkən iş başında olub. İdarə etdiyi maşında yaralı apararkən özü də yaralanıb. Xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulub, maşın sıradan çıxdığından yaralılar xeyli yerdə qalmalı olub. Rəhman Əşrəfov 1990-cı il yanvarın 24-də xəstəxanada vəfat edib və Nardaran qəbiristanlığında dəfn edilib.

VİKTOR HÜQO

(1802-1885)

8. Fransız yazıçı, dramaturq, şair-publisist Viktor-Mari Hüqo 1885-ci ilin bu günü vəfat edib. O, 26 fevral 1802-ci ildə Bezansonda Lotaringiyadan olan kapitanın ailəsində dünyaya gəlib. Başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanan Viktor Hüqo utopik realizmin ən nüfuzlu nümayəndələrindən olub. "İsland Han", "Yeni mədhiyyələr", "Kromvel", "Mədhiyyə və balladalar", "Vilyam Şekspir", "Səfillər", "Notrdam kilsəsinin qozbeli", "Edam məhkumunun son günü" və başqa əsərlərin müəllifidir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

ELDAR BAXIŞ

(1947-1996)

9. Bu gün tanınmış Azərbaycan şairi Eldar Baxış oğlu Ağayevin anım günüdür. O, 1947-ci il iyunun 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Müxtəlif illərdə kiçik redaktor, redaktor, şöbə müdiri vəzifələrində çalışıb. "Qaravun dərənin dükançası", "Uzun Həsən", “Ağ saçların işığı”, “Atlı oğlanlar” və başqa əsərlərin müəllifidir. Eldar Baxış 1996-cı ilin mayında Bakıda vəfat edib və Xırdalan qəbiristanlığında dəfn olunub. Aktyor-rejissor Tural Baxışın atasıdır.

FƏRHAD KƏRİMOV

(1948-1995)

10. Hərbi jurnalist, teleoperator Fərhad Əsgər oğlu Kərimovun xatirə günüdür. O, 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayan Fərhad Kərimov "Molodyoj Azerbaydjana" qəzetində müxbir, “Turan” informasiya agentliyində informasiya şöbəsinin redaktoru kimi çalışıb, Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlayıb, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olub. Onun 1994-1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynayıb. Fərhad Kərimov 1995-ci ilin mayında Çeçenistanda xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olub. 1996-cı ilin mayında onu adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın