00:01 22 Dekabr 2020 97
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.12.2020

AĞARZA QULİYEV

(1898-1976)

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ağarza Səməndər oğlu Quliyev 22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Teatr Məktəbində və Kinofabrikanın nəzdində kino emalatxanasında təhsil alıb. 1924-cü ildən kinoaktyor kimi fəaliyyətə başlayıb. 1934-cü ildən fəaliyyətini kinorejissor kimi davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox film üzərində işləyib. Rejissor kimi "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" və bir çox tammetrajlı bədii filmlərini çəkib, bir neçə filmdə aktyor kimi də çəkilib. Ağarza Quliyev 1976-cı il sentyabrın 15-də Bakıda vəfat edib.

AĞAXAN AĞABƏYLİ

(1904-1980)

Azərbaycanda camışçılıq sahəsinin banisi, əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Ağaxan Ələsgər oğlu Ağabəyli 1904-cü il dekabrın 22-də Salyanın Kür Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsində və Moskva Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda təhsil alıb. Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki Salyan peşə məktəbinin direktoru, Bakı və Şəkidə aqronom-zootexnik, Salyan şəhərinin sosial-təminat şöbəsində aparıcı mütəxəssis, Bakı və Salyanda müəllim vəzifələrində çalışıb. 36 il müddətinə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Heyvanların yetişdirilməsi və genetikası” kafedrasına rəhbərlik etməklə yanaşı, zootexnika fakültəsinin dekanı və Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda baş elmi işçi işləyib. 1966-cı ildən Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda “Heyvanların genetikası və seleksiyası” şöbəsinə rəhbərlik edib. 220-dən çox elmi əsərin, bir çox dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir. Ağaxan Ağabəyli 20 avqust 1980-ci ildə Bakıda vəfat edib.

NƏSİR İMANQULİYEV

(1911-1998)

Azərbaycan milli mətbuatının görkəmli nümayəndələrindən biri, əməkdar jurnalist, ictimai xadim Nəsir Əsədulla oğlu İmanquliyev 1911-ci ilin bu günü Bakıda anadan olub. Bakı şəhərində peşə məktəbində, Lassal adına Neft Texnikumunda və Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini və müdiri, məsul katib, redaktor, Bakı Radio Verilişləri İdarəsinin rəhbəri, Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb, Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin təşkilatçılarından biri olub və ömrünün sonunadək orada dərs deyib. Azərbaycanda tamamilə yeni tipli mətbu orqan – “Bakı” və “Baku” axşam qəzetlərini yaradıb, 30 ilə yaxın müddətdə ona başçılıq edib. İki dəfə “Qızıl Qələm” mükafatına layiq görülüb. Gənc jurnalist kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olub. Nəsir İmanquliyev 1998-ci il martın 7-də dünyasını dəyişib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın babasıdır.

MEHDİ HÜSEYNZADƏ

(1918-1944)

Əfsanəvi kəşfiyyatçı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakıda anadan olub. Azərbaycan Rəssamlıq Məktəbində, Leninqrad Xarici Dillər İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1941-ci ildə ordu sıralarına çağırılıb, Tiflisdə piyada hərbi məktəbini qurtarıb. 1942-ci ildə Stalinqrad ətrafında döyüşlərdə iştirak edib, Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşüb. Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin düşərgədən qaçmasında mühüm rol oynayıb, gizli təşkilat yaradıb. 1944-cü ildə özü də əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulub. Partizan hərəkatında fəal iştirak edib, hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə fərqlənib. 2 noyabr 1944-cü ildə növbəti tapşırığı yerinə yetirib qayıdarkən mühasirəyə düşüb, xeyli faşist əsgərini məhv etdikdən sonra əsir düşməmək üçün son güllə ilə özünü vurub. Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunub.

HƏSƏN SEYİDBƏYLİ

(1920-1980)

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı və kinossenarist Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda doğulub. Moskva Kino İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri olub. 20-dən çox kitabın, o cümlədən “Kənd həkimi”, “Telefonçu qız”, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, İmran Qasımovla birgə yazdığı “Uzaq sahillərdə” kitablarının müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” və digər filmlərin rejissorudur. Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.

ƏLƏKBƏR ƏLİYEV

(1955-1992)

Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Həsən oğlu Əliyev 1955-ci ilin bu günü Qubadlı rayonunun İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunda təhsil alıb. Qubadlı Rayon Kimya Birliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəzifəsində işləyib. Vətən torpaqlarının müdafiəsi üçün silaha sarılmaq barədə Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Sonuncu döyüşü 7 avqust 1992-ci ildə Laçının Suarası kəndində olub. Bu döyüşdə təkbaşına 20-yə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır. Evli idi, 4 övladı yadigar qalıb.

HÜSEYNAĞA BALIYEV

(1987-2020)

Vətən Müharibəsinin şəhidi Hüseynağa Salman oğlu Balıyev 22 dekabr 1987-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib. Hüseynağa Balıyev oktyabrın 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub və Salyan şəhərində dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

VÜSAL ƏLİYEV

(1996-2016)

Şəhid Vüsal Əmir oğlu Əliyev 1996-cı il dekabrın 22-də Lerik rayonunun Noda kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2016-cı il iyulun 5-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub. Vüsal Əliyev ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

NİKOLAY OSTROVSKİ

(1904-1936)

Sovet yazıçısı Nikolay Alekseyeviç Ostrovskinin anım günüdür. O, 1904-cü il sentyabrın 29-da Ukraynanın Volınsk quberniyasının Viliya kəndində anadan olub. İlk təhsilini kilsə məktəbində alıb. 1919-cu ildə könüllü olaraq cəbhəyə gedib. Kiyev şəhərində dəmir yolu tikintisində işləyib. 1927-ci ildə cəbhədə aldığı yara və ağır iş şəraitindən əzələlərin tədricən sümükləşməsi xəstəliyinə tutulub. Əvvəlcə iflic olub, iki il sonra isə görmə qabiliyyətini itirib. "Fırtınadan doğulmuşlar", "Polad necə bərkidi" və bir çox əsərlərin müəllifidir. Əsərləri yüzdən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunub. 1935-ci ildə “Lenin” ordeni ilə təltif olunan Nikolay Ostrovski 1936-cı il dekabrın 22-də Moskva şəhərində vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub.

NURƏDDİN SADIQOV

(1935-2009)

Azərbaycanın tanınmış hərbi və dövlət xadimi, general-mayor Nurəddin Sadiq oğlu Sadıqovun xatirə günüdür. O, 1935-ci il dekabrın 5-də Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Ordubad rayon pedaqoji texnikumunda, Lvov Hərbi Məktəbində və M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. Müxtəlif illərdə Zaqafqaziya hərbi dairəsinin 4-cü ümumqoşun ordusunun kəşfiyyat şöbəsinin rəisi, M.V.Frunze adına Hərbi Akademiyada kəşfiyyat kafedrasının baş müəllimi, Azərbaycan Müdafiə Nazirliyinin baş müşaviri, Baş Qərargah rəisinin müavini, rəisi, hərbi işlər üzrə Dövlət müşaviri vəzifələrində çalışıb. Onun rəhbərliyi ilə 5 məxfi dərslik və 122 dərs vəsaiti nəşr edilib. Nurəddin Sadıqov 2009-cu il dekabrın 22-də Bakıda vəfat edib.

MUXTAR MANİYEV

(1935-2016)

Azərbaycanın xalq artisti, görkəmli kino aktyoru Muxtar Qəmbər oğlu Maniyev də bu gün xatırlanır. O, 4 aprel 1935-ci ildə Bakıda doğulub. 199 saylı orta məktəbdə, Neft-Kimya İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. "Koroğlu", "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, "Mozalan" satirik kinojurnalında çalışıb. Muxtar Maniyev 22 dekabr 2016-cı ildə dünyasını dəyişib və Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın