00:01 23 Yanvar 2021 142
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 23.01.2021

BÖYÜKAĞA MƏMMƏDOV

(1927-2018)

Azərbaycanın xalq artisti, rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti, Texniki və bədii yaradıcılıq evi, Yuri Qaqarin adına Pionerlər Sarayı rəqs kollektivlərinin bədii rəhbəri olub, Dövlət Mahnı və Rəqs Ansamblında işləyib. 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Azərbaycan rəqslərini 123 ölkədə təmsil edib. Bir sıra məşhur filmlərimizdə rəqslərə quruluş verib. Əməkdar müəllim fəxri adına layiq görülən Böyükağa Məmmədov 17 yanvar 2018-ci ildə Bakı şəhərində vəfat edib.

ELŞAD QULİYEV

(1941-2008)

Azərbaycanın əməkdar incəsənət xadimi, professor Elşad Heybət oğlu Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik etdikdən sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Bir müddət tərcüməçi, sonra isə televiziya proqramlarının baş redaktoru olub. 1972-ci ildə Komitə sədrinin birinci müavini təyin edilib. 1983-1990-cı illərdə Dövlət Teleradio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-1994-cü illərdə Azərbaycanın ilk müstəqil televiziya kanalı - BMTİ-nin baş direktoru işləyib. 1990-cı ildən həm də "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə KİV sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü Elşad Quliyev 2008-ci il mayın 27-də dünyasını dəyişib. O, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atasıdır.

ALMAZ ƏSGƏROVA

(1949-1988)

Azərbaycanlı kinoaktrisa Almas Balabəy qızı Əsgərova 1949-cu ilin bu günü Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Burada tanış olduğu Azər Süleymanovla ailə qurub. Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov Almaza aktrisa olmağı məsləhət görüb. Tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olub və bir neçə filmə çəkilib. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur. 1983-cü ildə həyat yoldaşının vaxtsız vəfatından sonra sənətdən gedən və özünə qapanan Almaz Əsgərova 1988-ci ilin avqust ayında Bakıda vəfat edib.

NAİM SÜLEYMANOĞLU

(1967-2017)

Türkiyəli ağır atlet Naim Süleymanoğlu 1967-ci il yanvarın 23-də Bolqarıstanın Mestanlı şəhərində anadan olub. İdmançı karyerasına 7 yaşında başlayıb, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Cəmi bir il sonra yeni dünya rekordu müəyyənləşdirən ən gənc idmançı kimi adını tarixə yazdırıb. Qərbdə "Əfsanəvi Türk" ləqəbi ilə tanınıb. 1983-1986-cı illərdə gənclər arasında 13, böyüklər arasında isə 50 olmaqla, tam 63 dünya rekordu vuraraq, beynəlxalq idman arenasında sensasiya yaradıb. 1986-cı ildə Bolqarıstanda yaşayan türklərə təzyiqlərə etiraz əlaməti olaraq Türkiyənin Avstraliyadakı səfirliyindən sığınacaq istəyib. O vaxtdan etibarən beynəlxalq yarışlara Türkiyə bayrağı altında qatılıb. 2000-ci ildə mərkəzi Afinada yerləşən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilib. Naim Süleymanoğlu 2017-ci il noyabrın 18-də İstanbulda dünyasını dəyişib.

HİKMƏT MURADOV

(1969-1991)

Azərbaycanın Milli Qəhrəmanı Hikmət Oqtay oğlu Muradov 23 yanvar 1969-cu ildə Bakıda doğulub. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil alıb. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olub. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib, daha sonra Yevlax Mülki Aviasiya İdarəsində ikinci pilot kimi fəaliyyətə başlayıb. 29 oktyabr 1991-ci ildə Xocalı rayonunun Xanabad kəndi ərazisində idarə etdiyi An-2 təyyarəsi ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Hikmət Muradov heyət üzvləri ilə birlikdə həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

YALÇIN NƏSİROV

(1976-1995)

Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirov 1976-cı ilin bu günü Astara rayonunun Sərək kəndində anadan olub. 1982-1992-ci illərdə burada təhsil alıb. 1994-cü il aprelin 19-da Milli Orduya çağırılıb, Tərtər və Şamaxı rayonlarında qulluq edib. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı ağır yaralanıb və martın 24-də xəstəxanada vəfat edib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Yalçın Nəsirov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu Sərək kənd orta məktəbi onun adını daşıyır, Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulub.

AMAL QARAYEV

(2001-2020)

Şəhid Amal Ədalət oğlu Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik çavuşu kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Amal Qarayev oktyabrın 4-də şəhid olub və Yardımlı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

SALVADOR DALİ

(1904-1989)

Dünyanın ən məşhur rəssamlarından biri, sürrealizm cərəyanının ən məşhur nümayəndəsi Salvador Dalinin anım günüdür. O, 1904-cü il mayın 11-də İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranıb. 1919-cu ildə ilk şəxsi sərgisi təşkil olunub. 1921-ci ildə Madriddəki San-Fernando İncəsənət Akademiyasına göndərilsə də, 1926-cı ildə müəllimlərə qarşı saymazyana münasibətə görə akademiyadan xaric olunub. 1942-ci ildə "Salvador Dalinin gizli həyatı" adlı avtobioqrafik əsərini nəşr etdirib. 1940-cı ildə həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçərək 1948-ci ilədək orada yaşayıb. 1949-cu ildən isə çox sevdiyi Kataloniyada məskunlaşıb. 1981-ci ildən Dalidə Parkinson xəstəliyinin əlamətləri özünü göstərməyə başlayıb. Həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkmiş Salvador Dali 23 yanvar 1989-cu ildə yaşadığı öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını dinləyərkən vəfat edib.

VALİD SƏNANİ

(1935-2011)

Əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi Valid Sənani də bu gün xatırlanır. O, 1935-ci il mayın 12-də İçərişəhərdə məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. 1952-ci ildə 7 saylı orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun “Xəbərlər” baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1998-2001-ci illərdə AzTV-nin “Səhər” redaksiyasında redaktor, 2001-2005-ci illərdə “Lider” televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək “Space” televiziyasında redaktor işləyib. Valid Sənani 2011-ci ilin yanvarında Bakıda vəfat edib.

ÇİNGİZ CƏFƏROV

(1960-1994)

Şəhid Çingiz Binnət oğlu Cəfərovun xatirə günüdür. O, 1960-cı il martın 23-də Şuşada dünyaya gəlib. 1977-ci ildə Şuşa şəhərindəki 3 saylı orta internat məktəbini bitirib, 1978-1980-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Şuşa şəhərində bənna işləyib. 1986-cı ildə Tiflis şəhərində 3 aylıq zabitlik kursunu bitirib, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçib. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə batalyonunda rota komandiri və batalyon komandirinin müavini olub. 1994-cü il yanvarın 23-də Horadiz qəsəbəsi istiqamətində gedən ağır döyüşlərdə düşmənin 7 tankının, 300-ə yaxın canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib, özü isə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 30 iyun 2005-ci il tarixli fərmanı ilə polis leytenantı Çingiz Cəfərov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın