00:01 23 Sentyabr 2020 315
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 23.09.2020

VALİDƏ TUTAYUQ

(1914-1980)

Azərbaycanın ilk qadın akademiki, əməkdar elm xadimi, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik fakültəsində təhsil alıb. 1939-1957-ci illərdə Azərbaycan Kənd Təsərrü­fa­tı İnstitutunun Botanika kafedrasının mü­diri, 1954-1957-ci illərdə elmi işlər üzrə direktor müa­vini, 1957-1962-ci illərdə Azərbaycan EA Botanika İnstitutunun direk­toru, 1962-1980-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika və selek­siya kafedrasının müdiri olub. Anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. 130 elmi əsərin, 6 monoqrafiyanın və 4 dərs­liyin müəl­lifidir. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və 3 elmlər dok­toru hazırlanıb. “Şərəf nişanı” ordeni, “1941-1945-ci illərdə Böyük Vətən Müharibə­sin­də fədakar əməyə görə” yubiley medalı və Fəxri fərmanlarla təltif olunub. Validə Tutayuq 12 noyabr 1980-ci ildə Bakıda vəfat edib.

FİRƏNGİZ ƏHMƏDOVA

(1928-2011)

SSRİ xalq artisti, müğənni Firəngiz Yusif qızı Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Radiosu Xorunun, Opera və Balet Teatrının solisti olub. Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Şöhrət" ordeni ilə təltif edilən Firəngiz Əhmədova 16 dekabr 2011-ci ildə Bakıda dünyasını dəyişib.

ƏFQAN

(1929)

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əfqan Hacıağa oğlu Əsgərov 1929-cu ilin bu günü Şirvanın Qarabağlılar kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində və Moskvada ali ssenarist kurslarında təhsil alıb. Jurnalist kimi ilk dəfə “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb, daha sonra “Kommunist” qəzetində ədəbiyyat şöbəsinin müdiri, “Sovet kəndi” qəzetinin redaktoru, “Həyat” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Qəzetlərdə dərc olunan publisistik yazıları, oçerkləri, felyeton və hekayələri ilə oxucuların məhəbbətini qazanıb. “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi”, “Dədə Bəhmən”, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa əsərlərin müəllifidir. Pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub.

YUSİF YUSİFOV

(1929-1998)

Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, tarix elmləri doktoru, professor Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın Böyük Vedi mahalında anadan olub. İrəvanda Azərbaycan Pedaqoji Texnikumunda, Leninqrad Dövlət Universitetində və Dövlət Ermitaj Muzeyinin aspiranturasında təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda başlayıb. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri və dekan vəzifələrində işləyib. Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirib, ali və orta məktəblər üçün dərsliklər, dərs vəsaitləri çap etdirib. Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və dərsliyin müəllifidir. Yusif Yusifov 1998-ci il yanvarın 4-də Bakıda vəfat edib.

İDRİS MƏMMƏDOV

(1959-1990)

Şəhid İdris Ələsgər oğlu Məmmədov 23 sentyabr 1959-cu ildə Naxçıvanda anadan olub. Çilingər işləyib. 1990-cı il yanvarın 19-da ermənilərin Sədərək qəsəbəsinə hücumu zamanı ilk gülləyə tuş gələrək şəhid olub və Naxçıvanın Şəhidlər Xiyabanında dəfn edilib.

ÜLVİ BÜNYADZADƏ

(1969-1990)

20 Yanvar şəhidi, şair və publisist Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu ilin bu günü Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində doğulub. Qarmon, tar, saz, piano və kamança kimi musiqi alətlərində ifa etməyi bacarıb. 1978-ci ildə ailəsi ilə birlikdə Daşkəsənə köçdüyü üçün orta məktəbi burada bitirib və Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 200-dən çox şeir, 40-a yaxın hekayə, 5 pyes, dünya ədəbiyyatından 20-yə yaxın orijinal tərcümənin müəllifidir. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər sovet ordusunda hərbi xidmətdə olub. Təhsil aldığı universitetdə Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının yaradılmasında fəal iştirak edib. Ülvi Bünyadzadə 20 Yanvar 1990-cı ildə Bakıda sovet əsgərləri tərəfindən şəhid edilib və Şəhidlər Xiyabanında dəfn olunub. Paytaxtda yaşadığı küçəyə adı verilib, xatirə lövhəsi vurulub.

ZİQMUND FREYD

(1856-1939)

Psixoanaliz elminin banisi, avstriyalı nevroloq Ziqmund Freydin anım günüdür. O, 1856-cı il mayın 6-da indiki Çex Respublika­sı­­­nın ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan impe­ri­ya­sı­nın bir hissəsi olan Freyburqda anadan olub. Vyana Universitetinin tibb fakültəsində təhsil alıb. Er­nest Brukenin Fiziologiya İnstitutunda elmi təd­qi­qatla məşğul olub, Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək, özünü biologiya və fəlsəfəyə həsr edib. Ziqmund Freyd 1939-cu il sentyabrın 23-də vəfat edib.

SABİT RƏHMAN

(1910-1970)

Azərbaycanın əməkdar incəsənət xadimi, milli kinokomediyanın banilərindən biri, yazıçı-dramaturq Sabit Rəhmanın xatirə günüdür. Sabit Kərim oğlu Mahmudov 1910-cu il martın 26-da Şəkidə anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb, burada ona Hüseyn Cavid, Abdulla Şaiq və Seyid Hüseyn kimi qüdrətli sənətkarlar dərs deyib. Məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq, vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunub. Bir müddət sonra ali təhsil dalınca Bakıya gəlib və Bakı Ali Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsilini davam etdirib, Moskvada Kinematoqrafiya İnstitutunun ssenari kurslarını bitirib. 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb. 1931-ci ildə ilk hekayələr məcmuəsi dərc olunub. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenari, “Ulduz” və “Hicran” musiqili komediyalarının libretto müəllifidir. İki dəfə “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif olunan Sabit Rəhman 23 sentyabr 1970-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

MƏHƏMMƏDTAĞI ZEHTABİ

(1923-1998)

Cənubi Azərbaycanda türkçülüyün görkəmli tədqiqatçısı, pedaqoq, ədəbiyyatşünas, tarixçi, professor Məhəmmədtağı Zehtabi də bu gün xatırlanır. O, 1923-cü il oktyabrın 13-də Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsində doğulub. Pişəvəri hökuməti dövründə açılmış Təbriz Universitetinin ilk tələbələrindən olub. Milli Hökumətin süqutundan sonra qaçaq yolla Şimali Azərbaycana mühacirət etdiyi üçün həbs olunaraq Sibirə sürgün edilib. Üç ildən sonra Düşənbəyə göndərilib, oradan isə Azərbaycana gəlib. Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Daha sonra həmin universitetdə ərəb dili, 1971-ci ildən Bağdad Universitetində qədim türk dili və fars dili müəllimi işləyib. 1979-cu ildə şah rejiminin süqutundan sonra Güney Azərbaycana qayıdaraq, Təbriz Universitetində türk dili və ədəbiyyatından dərs deyib. Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyini yaradıb. “İran türklərinin sərfi”, “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, “Ana dilimizi öyrənək”, “Türkcəm mənim səs bayrağım”, ”Sara və Mahmud” və digər əsərlərin müəllifidir. Dilçiliyə aid iki kitabı dərs vəsaiti kimi istifadə olunur. Bədii əsərləri, məqalə və şeirləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunub. Məhəmmədtağı Zehtabi 1998-ci il sentyabrın 23-də doğulduğu Şəbistər qəsəbəsindəki evində ölmüş halda tapılıb. Bəzi güneyli qruplar onun qətlə yetirildiyini iddia edir.

MƏMMƏD ASLAN

(1939-2015)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair və tərcüməçi Məmməd Aslanın anım günüdür. O, 24 dekabr 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində dünyaya göz açıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bir müddət Kəlbəcərdə müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin sonlarında Bakıya köçüb və burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleradio Şirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Məmməd Aslan 2015-ci il sentyabrın 23-də Zaqatalada vəfat edib və Masazır qəbiristanlığında dəfn olunub.

SEVİL QAZIYEVA

(1940-1963)

Azərbaycanın ilk qadın mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət qızı Qazıyevanın xatirə günüdür. O, 1940-cı il iyunun 1-də Zaqatala rayonunun Tala kəndində doğulub. Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsində təhsil alıb. Bakıda teatr dərnəyində fəaliyyət göstərib, bir sıra tamaşalarda çıxış edib, mətbuatda şeirləri dərc olunub. Daha sonra traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləyib, Beyləqanda kompleks-briqada yaradıb və həmin briqadaya başçılıq edib. Qısa müddətdə Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilib. 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilən Sevil Qazıyeva 23 sentyabr 1963-cü ildə iş başında faciəli surətdə həlak olub. 1970-ci ildə ona həsr olunmuş "Sevil Qazıyeva" filmi çəkilib.

AYAZ MUSTAFAYEV

(1972-1992)

Şəhid Ayaz Mustafa oğlu Mustafayev də bu gün xatırlanır. O, 1972-ci il iyunun 15-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. Həqiqi hərbi xidmətini Belarusda başa vurub vətənə qayıtdıqdan sonra 1992-ci ilin avqust ayından könüllü olaraq Qarabağ savaşına qatılıb. Göytəpə alayının tərkibində Xocavənd rayonu və Əmirallar kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ayaz Mustafayev 1992-ci il sentyabrın 23-də Martuni səhərinin azad olunması üçün Kuropatkin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hücumu nəticəsində baş verən döyüşdə şəhid olub. Təhsil aldığı orta məktəbə onun adı verilib və büstü ucaldılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın