00:01 24 Yanvar 2021 129
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.01.2021

MƏMMƏDKAZIM ƏLƏKBƏRLİ

(1905-1937)

Azərbaycan Yazıçılar Birliyinin ilk sədri, tənqidçi və filosof Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində, Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Universitetinin rektoru, “Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi” və “Vışka” qəzetlərinin baş redaktoru vəzifələrində çalışıb. Bir çox kitabların müəllifidir. Siyasi repressiya dövründə həbs olunan Məmmədkazım Ələkbərli 21 oktyabr 1937-ci ildə güllələnib.

ƏŞRƏF HƏSƏNOV

(1909-1983)

Azərbaycanın xalq artisti, dirijor, pedaqoq Əşrəf Həsən oğlu Həsənov 24 yanvar 1909-cu ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının orkestr və Moskva Dövlət Konservatoriyasının dirijorluq siniflərini bitirib. 1932-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub, 1938-1950-ci illərdə Azərbaycan Radiosu nəzdindəki simfonik orkestrə, 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan olan Əşrəf Həsənov Opera Teatrında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinə dirijorluq edib. “Şərəf nişanı” ordeninə layiq görülüb. Əşrəf Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat edib.

ƏYYUB MƏMMƏDOV

(1921-1994)

Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Əyyub Əliağa oğlu Məmmədov 1921-ci ilin bu günü Bakıda dünyaya gəlib. 1936-1941-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, həmin məktəbdə xüsusi fənlər üzrə müəllim təyin edilib. 1942-1945-ci illərdə İkinci Dünya müharibəsində Qafqazın müdafiəsindən başlayaraq Berlinə qədər döyüş yolu keçib. Müharibədən sonra 1946-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib və həmin il Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun dəzgah boyakarlığı fakültəsinə daxil olub. 1950-ci ildən ümumittifaq sərgilərinin iştirakçısı olub. 1965-1975-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışıb. Əyyub Məmmədov 27 avqust 1994-cü ildə Bakıda vəfat edib.

KAMRAN BAĞIROV

(1933-2000)

Sovet Azərbaycanının rəhbərlərindən biri Kamran Məmməd oğlu Bağırov 1933-cü il yanvarın 24-də Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib, sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi təyin olunub. 1982-1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1988-ci ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilib və bir müddət bu vəzifədə işləyib. Kamran Bağırov 25 oktyabr 2000-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

AFTANDİL İSRAFİLOV

(1941)

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov 24 yanvar 1941-ci ildə Bakıda dünyaya gəlib. Əsl peşəsi aktyor olan məşhur sənətkar bəstələdiyi və qarmonda ifa etdiyi gözəl musiqiləri və rəqs havaları ilə sevənlərinin könlünü oxşamağı bacarıb. “Elmira”, “Qızıl üzük”, “Küçələrə su səpmişəm”, “Məhərrəmkənd”, “Azərbaycan təranələri”, “Qarabağ rəqsi”, “Naxçıvan rəqsi”, “Dağlar oğlu”, “Sevgilim” və s. ifaları ilə musiqi tariximizə adını yazdırıb. Azərbaycan Prezidentinin 25 yanvar 2016-cı il tarixli sərəncamı ilə Aftandil İsrafilov “Şöhrət” ordeni ilə təltif edilib.

SABİR MƏMMƏDOV

(1961)

Azərbaycanın xalq artisti, aktyor Sabir Novruz oğlu Məmmədov 1961-ci ilin bu günü Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirib. Bir çox filmlərə çəkilib.

ABBAS QASIMOV

(1970-1992)

Samux rayonunun ilk şəhidi, "Snayper Abbas" ləqəbli Abbas Talıb oğlu Qasımov 1970-ci il yanvarın 24-də Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub. 3 yanvar 1992-ci ildə Xanlar rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb, 701-ci hərbi hissənin avtomatçısı olub. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanıb, son damla qanına qədər düşmənlə üz-üzə döyüşüb və qəhrəmancasına şəhid olub. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilib.

BƏXTİYAR ƏZİMOV

(1973-1992)

Qarabağ müharibəsi şəhidi Bəxtiyar Cahangir oğlu Əzimov 24 yanvar 1973-cü ildə Füzuli rayonunun Aşağı Yağlavənd kəndində anadan olub. Araz Yağlavənd kənd orta məktəbini bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olub. Hərbi xidmətini yarımçıq buraxıb, yeni yaranan Azərbaycan Ordusuna yazılıb. Bəxtiyar Əzimov 22 avqust 1992-ci ildə Qarabağ savaşında şəhid olub. Araz Yağlavənd kənd orta məktəbi şəhid Bəxtiyar Əzimovun adını daşıyır.

NƏCƏF ŞİKAROV

(1985-2020)

Şəhid Nəcəf Şikar oğlu Şikarov 1985-ci ilin bu günü Şamaxı şəhərində anadan olub. Xətai rayonunda 24 nömrəli tam orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kapitan Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

AZAD HÜMBƏTOV

(1996-2020)

Şəhid Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Nərimanov rayonundakı 291 №-li ekologiya liseyində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, baş leytenant rütbəsi alıb. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda bayraqdar kimi iştirak edib və “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı ilə təltif olunub. Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı tank taqımının komandiri kimi böyük şücaətlər göstərib. Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

UİNSTON ÇÖRÇİLL

(1874-1965)

Böyük Britaniyanın məşhur siyasətçilərindən biri, dövlət və hərbi xadimi Uinston Leonard Spenser Çörçillin anım günüdür. O, 30 noyabr 1874-cü ildə Oksford yaxınlığında doğulub. 1911-1922-ci illərdə liberallar hökumətində müxtəlif nazir vəzifələri daşıyıb. Sonra Mühafizəkarlar Partiyasına keçib. Bir müddət maliyyə naziri olub. 1930-1939-cu illərdə jurnalist kimi fəaliyyət göstərib. 1940-cı ilin mayında baş nazir təyin olunub. 1945-ci ildə seçkilərdə məğlub olsa da, 1951-1955-ci illərdə yenidən Britaniya hökumətinə rəhbərlik edib. 1953-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb. Uinston Çörçill 24 yanvar 1965-ci ildə Londonda dünyasını dəyişib.

HƏZİ ASLANOV

(1910-1945)

Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirə günüdür. O, 22 yanvar 1910-cu ildə Lənkəranda anadan olub. 13 yaşında atasını itirdikdən sonra kərpic zavodunda fəhlə işləməyə başlayıb. İlyarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib, orada rota qəzetinin redaktoru olub. Buranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İkinci Dünya müharibəsinə qədər sovet ordusunda vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıcılıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziya komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1941-ci ildə Moskva ətrafındakı hərbi əməliyyatlarda göstərdiyi təşkilatçılıq bacarığına və şəxsi igidliyinə görə polkovnik rütbəsi alıb. 1942-ci ildə Stalinqrad döyüşündə yüksək komandirlik məharəti ilə daha böyük şöhrət qazanıb və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Sonralar onun alayı Rostov, Taqanroq şəhərlərinin azad olunmasında, Kursk döyüşündə fəal iştirak edib. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak olduqdan sonra erməni general Baqramyanın cəhdi ilə bu məsələ diqqətdən kənarda qalıb. Yalnız 1991-ci ildə azərbaycanlı tədqiqatçıların səyləri nəticəsində Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

MƏMMƏD MƏMMƏDOV

(1920-1945)

Sovet İttifaqı Qəhrəmanı Məmməd Cəbrayıl oğlu Məmmədov da bu gün xatırlanır. O, 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Qax rayonu Baydarlı kənd məktəbində və Nuxa Pedaqoji Məktəbində təhsil alıb. Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləyib. 10 oktyabr 1940-cı ildə sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb. Baş serjant Məmməd Məmmədov İkinci Dünya müharibəsində sanitariya təlimatçısı kimi xidmət edib. 1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənib. Məmməd Məmmədov 1945-ci il yanvarın 24-də 40 nəfər düşmən əsgər və zabitini məhv edərək, əsgər dostlarının həyatını xilas edən zaman qəhrəmancasına həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1945-ci il tarixli Fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

BALAKİŞİ HÜSEYNOV

(1968-1994)

Şəhid Balakişi Rəhman oğlu Hüseynovun anım günüdür. O, 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Rayonun Seytas, Aşağı və Yuxarı Cibikli, Novlu, Çardaxlı, Tarovlu, Əliquluuşağı və bir çox digər sərhəd kəndlərində gedən döyüşlərdə yaxından iştirak edib, bu döyüşlərdən sonra ona kiçik leytenant rütbəsi verilib. 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə və Papravənd kəndləri uğrunda gedən döyüşdə ağır yaralanıb və yanvarın 24-də hospitalda vəfat edib. Balakişi Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın