00:00 24 İyun 2020 413
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.06.2020

ƏBÜLFƏZ ELÇİBƏY

(1938-2000)

1. Azərbaycanın ikinci Prezidenti, milli azadlıq hərəkatının lideri, tarix elmləri namizədi Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-1964-cü illərdə Misirdə Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. 1968-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib. 1975-1976-cı illərdə millətçi və antisovet fəaliyyətinə görə həbsdə olub. 1976-1992-ci illərdə Azərbaycan EA-nın Əlyazmalar İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 7 iyun 1992-ci ildə Prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. 24 iyun 1993-cü ildə Milli Məclisin qərarı ilə Prezident səlahiyyətləri ləğv edilib. Fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Əbülfəz Elçibəy uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

SƏMƏD BEHRƏNGİ

(1939-1967)

2. Cənubi Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Gerendab məhəlləsində anadan olub. Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi” məktəbində, Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb. Tufarqan mahalının Mamağan, Guqan və başqa bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb, bir müddət qəzetlərdə məqalələrlə çıxış edib. İlk hekayələri 1959-cu ildə dərc olunub. “Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Həmkarları tərəfindən “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Səyyar müəllim” adlandırılan Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub və Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib. Ölümündən sonra xatirəsinə şeirlər yazılıb, musiqilər bəstələnib. 2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi” ədəbi mükafatı təsis edilib.

ƏLİF HACIYEV

(1953-1992)

3. Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyev 1953-cü ilin bu günü Xocalı şəhərində doğulub. Burada orta məktəbi bitirdikdən sonra SSRİ DİN-in Xüsusi Orta Milis Məktəbində və SSRİ DİN-in Akademiyasında təhsil alıb. Minsk şəhərində hərbi xidmətdə olub, 1974-1984-cü illərdə Belarus və Dağlıq Qarabağda daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1984-cü ildə separatçı ermənilərin gizli planlarına maneçilik törətdiyi üçün saxta ittihamla həbs edilib və 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra cəza müddəti 6 ilə endirilib, sonda isə bəraət alıb. 1990-cı ildə yenidən Qarabağa qayıdaraq, polis orqanlarında xidmətə bərpa olunub və Xocalı aeroportunun hərbi komendantı olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı zamanı aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb, köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev qəhrəmancasına şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Paytaxt küçələrindən biri onun adını daşıyır.

NƏCƏF NƏCƏFOV

(1955-1999)

4. Çağdaş Azərbaycan jurnalistikasının banilərindən biri, görkəmli ictimai-siyasi xadim Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. 1986-1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Azərbaycanın mərkəzi qəzetinə çevrilib. Nəcəfov və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxtdan etibarən faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. 1989-cu ildə Xalq Cəbhəsinin təsis etdiyi "Azadlıq" qəzetinə rəhbərlik etməyə başlayıb. 1990-cı ilin yazında bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı, 1992-1993-cü illərdə Prezident Əbülfəz Elçibəyin mətbuat katibi və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. Ömrünün son illərində Sahibkarlığın İnkişafına Yardım Fondunun vitse-prezidenti olub. Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də vəfat edib və Bakıda dəfn olunub. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə ölümündən sonra "Şöhrət" ordeni ilə təltif olunub.

DİLQƏM NAĞIYEV

(1975-1995)

5. Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Heydər oğlu Nağıyev 24 iyun 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. Texniki-peşə məktəbində təhsil alaraq, elektrik çilingəri peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb və Bakıdakı hərbi hissələrin birində hərbi təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilib. Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli və Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük şücaət göstərib. 1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında xidmətləri olub. 15 mart 1995-ci ildə isə qərb bölgəsində dövlət çevrilişinə növbəti cəhdin qarşısını alarkən həlak olub və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Dilqəm Nağıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

SAHİL ŞİRİNOV

(1992-2016)

6. Şəhid Sahil Həsrət oğlu Şirinov 1992-ci ilin bu günü Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2014-cü ildə isə motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. Leytenant Sahil Şirinov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu qəsəbədə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

LİONEL MESSİ

(1987)

7. Dünyanın futbolunun argentinalı ulduzu Lionel Andres Messi 1987-ci il iyunun 24-də Argentinanın Rosario şəhərində dünyaya göz açıb. Beş yaşında ikən atasının çalışdığı yerli futbol məktəbində məşqlərə başlayıb. 1995-ci ildə Rosariodakı "Nyuels Old Boyz" klubuna keçib və təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşıb. 2000-ci ildə ailəsi ilə birlikdə İspaniyaya köçüb, "Barselona" klubunun gənclər akademiyasına daxil olub. 289 qolla La Liqa tarixində, 50 qolla bir La Liqa mövsümündə, 91 qolla bir təqvim ilində, Çempionlar Liqasında isə bir oyunda ən çox qol vuran futbolçu kimi tarixə düşüb. “Qızıl Top” mükafatını beş dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Avropada “Qızıl Buts” mükafatını 5 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində 10 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Superkubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

ABDULLA ŞAİQ

(1881-1959)

8. Azərbaycan uşaq ədəbiyyatının banisi, əməkdar incəsənət xadimi, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas və tərcüməçi Abdulla Şaiqin anım günüdür. Abdulla Axund Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. “Laylay” adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayıb. Uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edərək, maarif və məktəb işləri ilə məşğul olub, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq üçün yollar arayıb tapıb. Eyni zamanda “Əlifba” kitabı, müxtəlif dərslik və dərs proqramları hazırlayıb. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Abdulla Şaiq 1959-cu ilin iyununda Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ŞİRMƏMMƏD HÜSEYNOV

(1924-2019)

9. Azərbaycan milli mətbuatının görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü Şirməmməd Ağaməmməd oğlu Hüseynovun xatirə günüdür. O, 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirdikdən sonra 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci Dünya müharibəsi dövründə Zaqatala və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildən Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri və professor vəzifələrində çalışıb. Şirməmməd Hüseynov 2019-cu ilin bu günü Bakıda dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

HƏSƏN DƏMİRÇİ

(1941-2018)

10. Güney Azərbaycanın tanınmış şairi, yazıçı, milli-mədəni fəal və musiqi müəllimi Həsən Dəmirçi də bu gün xatırlanır. O, 1941-ci il fevralın 18-də Təbrizdə dünyaya göz açıb. Bütün ömrünü milli musiqinin təbliğinə və ictimai-siyasi məsələlərə həsr edib. Bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verilib. 1986-cı ildə professor Məhəmmədtağı Zehtabi ilə birlikdə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından biri olub və dərnəyin musiqi bölümü üzrə məsul şəxsi seçilib. Dəfələrlə həbs edilib və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə bağlanıb. Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabının müəllifidir. İran Azərbaycanından əlavə, Türkiyə və Avropada keçirilən müxtəlif tədbirlərdə, TRT-nin yayımladığı proqramlarda öz musiqi qrupu ilə birlikdə iştirak edib. Həsən Dəmirçi 24 iyun 2018-ci ildə Təbriz şəhərində vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın