00:01 24 Sentyabr 2020 289
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.09.2020

MÖVSÜM BƏY XANLAROV

(1857-1921)

XIX əsrdə Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alim Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov 1857-ci il sentyabrın 24-də Bakıda anadan olub. İlk təhsilini mədrəsədə alıb, burada ərəb və fars dillərini, Quranı, şəriət elminin incəliklərini, islam əxlaqını, klassik ədəbiyyat və tarixi öyrənib. 1871-ci ildə müstəqil şəkildə rus dilini öyrənib, sonra Bakıdakı realnı gimnaziyanı bitirib. 1878-ci ilin payızında Almaniyanın Vyüsburq Universitetinə, 1881-ci ilin mayında Fransanın Strasburq şəhərində Vilhelm Kayzer Universitetinə daxil olub. Sonradan təhsilini Leypsiq Universitetində davam etdirib. 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra məşhur neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurub. Mövsüm bəy Xanlarov 1921-ci il fevralın 23-də Bakıda vəfat edib.

İSMƏT İNÖNÜ

(1884-1973)

Türkiyənin ilk baş naziri və ikinci prezidenti Mustafa İsmət İnönü 24 sentyabr 1884-cü ildə İzmirdə anadan olub. 1892-ci ildə təhsilini hərbi orta məktəbdə başlayıb. 1906-cı ildə Hərbi Akademiyanı bitirdikdən sonra orduda müxtəlif səviyyələrdə xidmət edib. 1910-1913-cü illər arasında Yəmən üsyanının yatırılmasında iştirak edib. Birinci Dünya müharibəsi illərində Atatürkün komandanlığı altında Qafqaz Cəbhəsində korpus komandiri olub. Milli Mücadilə dövründə Atatürkün ən yaxın silahdaşı olub. 1938-ci ildə Atatürkün vəfatından sonra Türkiyənin ikinci prezidenti və Cümhuriyyət Xalq partiyasının sədri seçilib. İkinci Dünya müharibəsi zamanı Türkiyəni döyüş fəlakətindən kənarda tutmağı bacarıb. 1946-cı ildə ölkədə çoxpartiyalı sistemə keçildiyini elan edib. 1950-ci il seçkilərində Demokrat Partiya qalib gəldiyi üçün prezidentlikdən istefa verib və fəaliyyətini ana müxalifət lideri kimi davam etdirib. 1961-1965-ci illərdə yenidən Türkiyənin baş naziri olub. 1972-ci ildə CHP liderliyindən və millət vəkilliyindən istefa verib. “Milli şef” ləqəbi ilə tanınan İsmət İnönü 1973-cü il dekabrın 25-də vəfat edib.

MİR YAQUB MEHDİYEV

(1891-1952)

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, dövlət xadimi Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev 1891-ci ilin bu günü Bakının Xırdalan qəsəbəsində anadan olub. Gümrü kommersiya məktəbində, Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində və Almaniyanın Bonn şəhərindəki universitetdə təhsil alıb. Təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. "İttihad" partiyasının qurucularından biri, Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini olub. Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olub, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilib. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü olub. Cümhuriyyətin süqutundan sonra vətənə qayıtmayıb. Monpelye-3 Universitetinin Hüquq fakültəsinin doktorantı olub, "SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl bitirərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Mühacir həyatını Türkiyədə davam etdirib, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Dəniz Məktəbinin professoru olub. "Beynəlmiləl siyasətdə petrol" , "Qafqaz problemi", "Azərbaycan türklərinin intibahı", "Şimali Qafqazda milli hərakat", "Erməni məsələsi", "Avropada separatistlərin fəallığı" və bir çox kitabların, məqalələrin müəllifidir. Mir Yaqub Mehdiyev 28 yanvar 1952-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib və Feriköy məzarlığında dəfn edilib.

RUHULLAH XOMEYNİ

(1902-1989)

İran İslam Respublikasının qurucusu, ayətullah Ruhullah Xomeyni 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Ərak və Qum şəhərlərindəki Elmiyyə mədrəsələrində təhsil alıb. Siyasi səhnədə tanınmazdan əvvəl onilliklər ərzində Nəcəf və Qum seminariyalarında mühazirə oxuyub, şiə məzhəbi üzrə İslamın aparıcı alimlərindən olub. İslam fəlsəfəsi, hüquq və etika mövzusunda çoxlu əsərlər yazıb. İrandakı şah rejiminə və Pəhləvi sülaləsinə qarşı mübarizə apardığı üçün dəfələrlə həbs və sürgün edilib. 1965-1978-ci illərdə İraqda, 1978-1979-cu illərdə Fransada sürgündə olub. İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra 11 fevral 1979-cu ildə İrana qayıdıb və faktiki olaraq ölkənin liderinə çevrilib. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə edib. Ruhullah Xomeyni 1989-cu il iyunun 4-də vəfat edib.

ƏMİNƏ YUSİFQIZI

(1936)

Azərbaycanın xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. Azərbaycan Gənc Tamaşaçılar Teatrının və Milli Dram Teatrının aktrisası olub. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və başqa filmlərdə, televiziya tamaşalarında çəkilib. Əminə Yusifqızı “Cəfər Cabbarlı” mükafatına və “Şöhrət” ordeninə layiq görülüb.

ELMİRA ƏMRAHQIZI

(1952-1998)

Tanınmış Azərbaycan jurnalisti Elmira Əmrah qızı Əhmədova 1952-ci ilin bu günü Ağstafa şəhərində dünyaya gəlib. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində başlayıb. “Bakı”, “Baku”, “Nezavisimaya qazeta”, “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını”, “Azadlıq” və digər mətbuat orqanlarda işləyib, 1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülən Elmira Əmrahqızı 1998-ci il fevralın 27-də dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn edilib.

MAHMUD ƏLİYEV

(1908-1958)

Azərbaycanın əməkdar həkimi, dövlət xadimi Mahmud İsmayıl oğlu Əliyevin anım günüdür. O, 1908‐ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsində təhsil alıb. Müxtəlif illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında idarə rəisi, Bakı səhiyyə şöbəsinin müdiri, Azərbaycan Tibb İnstitutunun rektoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, SSRİ Xalq Xarici İşlər komissarının müavini vəzifələrində çalışıb. 1937ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilib. 1944-1958-ci illərdə Azərbaycanın xarici işlər naziri, 19501953cü illərdə isə eyni zamanda səhiyyə naziri olub. “Qırmızı Əmək Bayrağı” ordeni, iki dəfə “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilən Mahmud Əliyev 1958ci il sentyabrın 24də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

ZEKİ MÜREN

(1931-1996)

Məşhur türkiyəli müğənni Zeki Mürenin xatirə günüdür. O, 1931-ci il dekabrın 6-da Bursa şəhərində anadan olub. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirib. İstanbulda Dövlət İncəsənət Akademiyasından məzun olub. 1950-ci ildə imtahanla İstanbul Radiosuna daxil olub. 1951-ci ildə canlı proqramda ilk radio konsertini verib. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başlayıb. 1955-ci ildə "Manolyam" adlı mahnısı ilə Türkiyədə ilk dəfə verilən “Qızıl Val” mükafatını qazanıb. 1958-ci ildə ehtiyatda olan zabit kimi Çankırıda hərbi xidmətdə olub. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görülüb. Ürək narahatlığı və şəkər xəstəliyi səbəbindən həyatının son 6 ilində səhnə həyatından və mediadan uzaqlaşıb. 24 sentyabr 1996-cı ildə TRT İzmir Televiziyasında özü üçün təşkil edilən mərasim zamanı keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib və Bursadakı Emirsultan qəbiristanlığında dəfn olunub. Vəsiyyətində mirasının ən böyük hissəsini Mehmetcik Vəqfinə bağışlayıb. Ölümündən sonra müğənninin Bodrumda son illərini yaşadığı ev muzeyə çevrilib.

VURĞUN ƏYYUB

(1957-2019)

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, filologiya üzrə fəlsəfə doktoru Vurğun Əliş oğlu Əyyub da bu gün xatırlanır. O, 1957-ci il oktyabrın 25-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə Sabirabad və Tovuz rayonlarında, Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olub, “Çənlibel” təşkilatına rəhbərlik edib. AXC Məclisinin və İdarə Heyətinin üzvü, Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, partiyanın baş katibi, Müsavat başqanının 1-ci müavini olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib və 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib. Bir kitabın, 150-dən çox elmi və siyasi-publisistik məqalələrin müəllifidir. Vurğun Əyyub 2019-cu ilin sentyabrın 24-də Bakıda vəfat edib və Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında dəfn olunub.

CƏBRAYIL CƏBRAYILOV

(1959-1992)

Qarabağ müharibəsinin şəhidi Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun anım günüdür. O, 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirib. 1978-1979-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. Qarabağ müharibəsi başladıqdan sonra könüllü olaraq vətənin müdafiəsinə qalxıb. Bölük komandiri kimi Xramort, Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal, Kətik, Gülyataq ve Canyataq kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Şücaətinə görə "Qurd Cəbrayıl" kimi ad çıxarıb. Cəbrayıl Cəbrayılov 1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Azərbaycan Prezidentinin 4 oktyabr 1994-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 3 övladı yadigar qalıb.

MÜBARİZ ƏHMƏDOV

(1963-1992)

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əlizadə oğlu Əhmədovun xatirə günüdür. O, 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açıb. Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı olub. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq silaha sarılıb, Ağdamda rota komandiri olub. Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 24 sentyabr 1992-ci ildə Abdal Gülablı kəndi uğrunda döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Mübariz Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sabirabad rayonunda büstü qoyulub.

FAZİL MEHDİYEV

(1966-1991)

Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev də bu gün xatırlanır. O, 1966-cı il avqustun 20-də Laçın rayonunun Ələkçi kəndində anadan olub. Uşaq ikən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə ora məktəbi burada bitirib. 1984-1986-cı illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonunun tərkibində işğalçı ermənilərə qarşı döyüşlərdə iştirak edib. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdıb. Həmin il sentyabrın 23-dən 24-ə keçən gecə düşmənin Abdal Gülablı kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub və Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Fazil Mehdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın