00:01 24 Dekabr 2020 323
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.12.2020

İLHAM ƏLİYEV

(1961)

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub. 1995 və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş Naziri təyin edilib. 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Prezidenti seçilib. 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə yenidən Prezident seçilib.

TOFİQ FİKRƏT

(1867-1915)

Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoq və jurnalist, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi Tofiq Fikrət 24 dekabr 1867-ci ildə İstanbulda anadan olub. 1888-ci ildə Qalatasaray Liseyini bitirib, bir müddət Xarici İşlər Nazirliyində işləyib. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk şairidir. Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib. Tofiq Fikrət 19 avqust 1915-ci ildə İstanbulda vəfat edib.

ÖMƏR FAİQ NEMANZADƏ

(1872-1937)

Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist Ömər Faiq Nemanzadə 1872-ci ilin bu günü Gürcüstanın Ahıska qəzasının Azqur kəndində doğulub. Bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməyib və yenicə açılmış rus məktəbinə daxil olub. 1882-ci ildə İstanbula gedərək, "Fateh" məktəbində təhsilini davam etdirib. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayıb. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının təsis edilməsində və nəşrə başlamasında müstəsna rolu olub. 1920-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru işləyib. 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilib. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilib. 1923-cü ildə Azərbaycana gəlib və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlib. Ömər Faiq Nemanzadə 1937-ci il iyulun 16-da öz ata yurdunda dincələrkən həbs olunub və oktyabrın 10-da güllələnib. 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət verib.

ŞAMİL FƏTULLAYEV

(1928-2015)

Azərbaycanın əməkdar memarı, memarlıq elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şamil Seyfulla oğlu Fətullayev 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsində təhsil alıb. Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şə­hər­sal­ma­ tarixi üzrə öz elmi məktəbini yaradıb. Şərq Öl­kə­­ləri Beynəlxalq Memar­lıq Aka­de­mi­yasının pre­zidenti, Beynəlxalq Me­mar­lıq Akademi­ya­sı­­nın müxbir üzvü, Türk İncəsənəti üzrə Bey­nəl­xalq Konqresin həqiqi üzvü seçilib. 150-dən artıq elmi əsə­rin müəllifidir. Azər­bay­can Dövlət Müka­fatına, “Şərəf Nişanı” və “Şöh­rət” ordenlərinə, Polşa Respublikasının Qızıl Medalına layiq gö­rülüb. Şamil Fətullayev 2015-ci il martın 9-da Bakıda vəfat edib.

MƏMMƏD ASLAN

(1939-2015)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair və tərcüməçi Məmməd Muxtar oğlu Aslan 24 dekabr 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində dünyaya göz açıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bir müddət Kəlbəcərdə müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin sonlarında Bakıya köçüb və burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleradio Şirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Məmməd Aslan 2015-ci il sentyabrın 23-də Zaqatalada vəfat edib və Masazır qəbiristanlığında dəfn olunub.

ZÖHRAB ƏMİRXANLI

(1958-2017)

Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı 1958-ci ilin bu günü Şamaxı rayonunda doğulub. Şamaxı internat məktəbinin VIII sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirdikdən sonra Şamaxı Pedaqoji Texnikumuna imtahansız qəbul olunub. Buranı bitirdikdən sonra Şamaxının Xilmilli kəndində üç il müəllim kimi fəaliyyət göstərib. 1982-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Peşəkar jurnalist fəaliyyəti dövründə ölkənin bir sıra populyar mətbu orqanlarında çalışıb, Azərbaycan müstəqil mətbuatının əsasını qoyanlardan olub. Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Zöhrab Əmirxanlı 1 may 2017-ci ildə dünyasını dəyişib və Şamaxıda dəfn olunub.

TOĞRUL HACIYEV

(1996-2020)

Vətən Müharibəsinin şəhidi Toğrul Rüfət oğlu Hacıyev 1996-cı il dekabrın 24-də Bakıda anadan olub. Binəqədi rayonu Sulutəpə qəsəbəsinin 313 nömrəli tam orta məktəbində və Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılıb və oktyabrın 10-da ata-baba yurdu olan Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Binəqədi rayonunda dəfn edilib. Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ŞEYX MƏHƏMMƏD RASİZADƏ

(1878-1939)

Maarif xadimi, müəllim və şair, görkəmli dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Abdulla oğlu Rasizadənin anım günüdür. O, 1878-ci il martın 15-də Naxçıvanda anadan olub. Təbrizdə, Urmiyada və Tehranda ruhani təhsili alıb, 1917-ci ildə İrəvan maarif idarəsində kurs bitirib. Ruhani təhsil almasına baxmayaraq, 1906-cı ildə Naxçıvanda üsuli-cədid məktəbinin yaradıcılarından biri kimi pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək buradakı orta məktəblərdə pedaqoji və kənd təsərrüfatı texnikumlarında türk dili və ədəbiyyatından dərs deyib. Həsən Əliyev, Məmməd Cəfər, Heydər Əliyev, Abbas Zamanov, Yusif Məmmədəliyev kimi görkəmli şəxsiyyətlərin müəllimi olub. İstedadlı şair kimi XX əsrin əvvəllərindən "Şərqi-Rus", "Həyat", "İrşad", "Tazə Həyat", "Təkamül", "Füyuzat", “Açıq söz” kimi qəzet və jurnallarda, sonralar sovet mətbuatında, xüsusilə "Şərq qapısı" qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şeirlər dərc etdirib. "Yeddi qız", "1914-cü il" adlı kiçik poemalar yazıb. Hüseyn Cavidin həbsindən sonra təzyiq və təqiblərə məruz qalan Şeyx Məhəmməd Rasizadə 1939-cu il dekabrın 24-də vəfat edib. Ədəbi irsi Hüseyn Cavidin Bakıda və Naxçıvandakı xatirə muzeylərində saxlanılır. O, Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin babasıdır.

SADIQ DADAŞOV

(1905-1946)

Əməkdar incəsənət xadimi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor Sadıq Ələkbər oğlu Dadaşovun xatirə günüdür. O, 15 aprel 1905-ci ildə Bakıda doğulub. Bakı Politexnik İnstitutunda təhsil alıb. Memarlığa dair əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradıb. Sadıq Dadaşovun layihəsi ilə Azərbaycanın bir çox şəhərlərində yaşayış, ictimai və mədəni məişət binaları tikilib. Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, “Nizami” kinoteatrı, Nizami adına Ədəbiyyat Muzeyi və başqa layihələrin müəllifidir. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Dövlət Mükafatı, “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunan Sadiq Dadaşov 1946-cı ilin dekabrında Bakıda vəfat edib.

NƏCƏFQULU RƏFİYEV

(1915-1970)

Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev də bu gün xatırlanır. O, 1915-ci il martın 22-də Ordubad şəhərində dünyaya gəlib. 1935-ci ildə sovet ordusu sıralarına çağırılıb və hərbi xidmətinin ikinci ilindən ali hərbi məktəbdə təhsil almağa başlayıb. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra tank vzvodunun komandiri kimi Cənub-Qərb, Şimali Qafqaz, 1-ci Belarus cəbhələrində faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1944-cü ildə Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində qəhrəmanlıq göstərib. 1955-1959-cu illərdə Lənkəran şəhər Hərbi Komissarlığında şöbə rəisi, Culfa rayonunun hərbi komissarı işləyib. 1959-cu ildə ordudan tərxis olunub, əmək fəaliyyətini avtomobil nəqliyyatı sistemində davam etdirib. Nəcəfqulu Rəfiyev 1970-ci il dekabrın 24-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Bakıda adına küçə verilib, Ordubad şəhərində büstü qoyulub.

AZAD ŞƏRİFOV

(1930-2009)

Azərbaycan kino xadimi, publisist və jurnalist Azad Ağakərim oğlu Şərifovun anım günüdür. O, 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında və Bakı Dövlət Universitetində təhsil alıb. Müxtəlif qəzetlərdə, jurnallarda müxbir, şöbə müdiri, redaktor müavini və baş redaktorun müavini vəzifələrində çalışıb. 1959-cu ildə “Molodyoj Azerbayjana” qəzetinin ilk azərbaycanlı redaktoru kimi tarixə düşüb. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsinin müdiri, Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform” informasiya agentliyinin baş direktoru vəzifələrində işləyib. Çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülən Azad Şərifov 24 dekabr 2009-cu ildə Bakıda vəfat edib.

MÜRŞÜD MƏMMƏDLİ

(1939-2006)

Azərbaycanın ictimai-siyasi xadimi, milli azadlıq hərəkatının fəallarından biri Mürşüd Əsəd oğlu Məmmədlinin xatirə günüdür. O, 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olub. 2 saylı Gəncə şəhər orta məktəbində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat-tarix fakültəsində təhsil alıb. 18 saylı Gəncə şəhər orta məktəbində, Gəncə Dövlət Universitetində müəllim işləyib. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olub, Gəncədə milli müqavimətin rəhbərlərindən biri kimi fəallıq göstərib. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib, 1992-1993-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Müsavat Partiyasının bərpaçılarından biri və ilk Divanının, Milli Məclisin üzvü olub. Üç kitabın, iki elmi monoqrafiyanın, dövri mətbuat və jurnallarda dərc olunan yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən “Amal” Ziyalı Hərəkatının rəhbərlərindən biri olub. Mürşüd Məmmədli 24 dekabr 2006-cı ildə Bakıda vəfat edib və Gəncədə dəfn olunub.

ZAKİR NAMAZOV

(1958-1993)

Şəhid Zakir Atakişi oğlu Namazov da bu gün xatırlanır. O, 1958-ci il fevral 2-də Şəmkir rayonunun Könüllü kəndində anadan olub. Sovet ordusu sıralarında desant qüvvələrdə xidmət edib, Əfqanıstan müharibəsinin iştirakçısı olub. SSRİ-nin süqutundan sonra Azərbaycan Ordusunun Gəncə şəhərindəki "N" saylı hərbi hissəsində xidmətini davam etdirib. 1991-ci ildə Ağdərə bölgəsində döyüşüb, daha bölmə komandiri vəzifəsinə yüksəlib. Zakir Namazov 1993-cü il dekabrın 24-də Çıldıran yüksəkliyində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub və doğulduğu kənddə dəfn edilib. Kəndin 2 saylı tam orta məktəbi və küçələrindən biri onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın