00:01 25 Sentyabr 2020 204
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.09.2020

ADİL XAN ZİYADXANOV

(1872-1954)

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından görkəmli dövlət xadimi və diplomat Adil xan Ziyadxanov 1872-ci il sentyabrın 25-də Gəncədə anadan olub. İlk təhsilini xüsusi müəllim yanında alıb, sonra Gəncə mədrəsəsində və Tiflis gimnaziyasında oxuyub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra vətənə dönərək, əmək fəaliyyətinə başlayıb. 1905-ci ildə Bakıda rus dilində nəşr olunan “Kaspi” qəzetinə məqalələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında yer alaraq, 1918-ci ilin oktyabrın 30-da Xarici İşlər nazirinin müavini təyin edilib. 1919-cu ilin martında İrana göndərilən nümayəndə heyətinin rəhbəri olub. 1919-cu ilin oktyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri təyin edilib. Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-ci ildə sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində, İran Sosial Təminat Nazirliyində, Təbriz dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1934-cü ildə İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat edib. O, Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir.

ƏBÜLQASIM HÜSEYNZADƏ

(1890-1988)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, folklorşünas alim Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə 25 sentyabr 1890-cı ildə Bakıda anadan olub. Orta təhsilini altısinifli şəhər məktəbində alıb. Müxtəlif müəssisələrdə baş mühasib və başqa vəzifələrdə işləyib. Azərbaycan folklorunun toplanması və nəşri sahəsində böyük xidmətləri olub. Müxtəlif illərdə çap edilən “Atalar sözləri”, “Hikmətli sözlər”, “Atalar sözü və zərb məsəllər” və digər kitabların müəllifidir. Kitabları rus və ukrayna dillərinə tərcümə olunub. Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat edib.

DMİTRİ ŞOSTAKOVİÇ

(1906-1975)

SSRİ xalq artisti, bəstəkar, pianoçu, professor, Sosialist Əməyi Qəhrəmanı Dmitri Dmitriyeviç Şostakoviçin 1906-cı ilin bu günü Sankt-Peterburqda anadan olub. 1919-cu ildə Petroqrad Konservatoriyasına daxil olub. 1920-ci illərin ikinci yarısında pianoçu kimi konsertlər verib. 15 simfoniya, 15 simli kvartet, fortepiano kvinteti, iki fortepiano triosu, instrumental konsertlər, eyni zamanda "Qızıl dövr", "Bolt", "İşıq axını", "Moskva, Çeryomuşki" operettalarını yazıb. Lenin mükafatı, beş dəfə Stalin mükafatı və SSRİ Dövlət Mükafatı ilə təltif olunub. Dmitri Şostakoviç 9 avqust 1975-ci ildə Moskvada vəfat edib.

XANLAR HAQVERDİYEV

(1906-1980)

Azərbaycan və Türkmənistanın əməkdar artisti, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabrın 25-də Ağdam rayonunun Seyidli kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsinə daxil olub, professor Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənib. 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilib, bu teatrın səhnəsində müxtəlif partiyalar ifa edib. Xanlar Haqverdiyev 1980-ci il dekabrın 5-də vəfat edib.

NÜSRƏT FƏTULLAYEV

(1913-1987)

Azərbaycanın xalq artisti, teatr xadimi, rəssam Nüsrət Möhsün oğlu Fətullayev 25 sentyabr 1913-cü ildə Lənkəran rayonunda doğulub. Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1934-cü ildə Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayıb və 1938-ci ildən ömrünün sonunadək baş rəssam kimi işləyib. 50-dən çox tamaşanın rəssamı olub. Stalin mükafatı, "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri və Azərbaycanın Dövlət Mükafatı ilə təltif olunub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. O, aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı, aktrisa Vəfa Fətullayevanın atasıdır.

ARİF BABAYEV

(1928-1983)

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Arif Hacı oğlu Babayev 1928-ci ilin bu günü Bakıda anadan olub. 1947-1953-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra təyinatla Naxçıvan Dövlət Dram Teatrına göndərilib. Qısa müddət sonra Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlib. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziyasının ilk verilişləri ilə efirə çıxıb. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunub və 1968-ci ilədək burada çalışıb. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasına dəvət alıb. Bir-birinin ardınca "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", “Alma almaya bənzər", "Arxadan vurulan zərbə" və digər filmləri ərsəyə gətirib. Kinodakı xidmətlərinə görə Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. Arif Babayev 26 avqust 1983-cü ildə Bakıda vəfat edib. O, rejissor Vasif Babayevin qardaşıdır.

RAUF İSAYEV

(1962-1990)

Şəhid Rauf Soltanməcid oğlu İsayev 1962-ci il sentyabrın 25-də Göyçayda anadan olub. Məişət kondisionerləri zavodunda çilingər işləyib. Rauf İsayev 1990-cı il yanvarın 20-də Salyan kazarmasının qarşısında sovet əsgərləri tərəfindən güllələnərək qətlə yetirilib və Göyçaydakı Əli Kərim adına parkda dəfn edilib. İki övladı yadigar qalıb.

RÖVŞƏN BƏDƏLOV

(1965-1990)

Şəhid Rövşən Seyfulla oğlu Bədəlov 25 sentyabr 1965-ci ildə Lənkəranda anadan olub. 1990-cı il yanvarın 26-da Şahin Məmmədov və Rövşən Allahverdiyevlə birlikdə motosikletlə Hoftomi kəndindən Kirov kəndinə gedən yolda sovet əsgərləri ilə rastlaşıbl. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutub. Rövşən Allahverdiyev qolundan yaralanıb, Rövşən və Şahin isə öldürüləndən sonra yandırılıb. Rövşən Bədəlov Lənkəranda dəfn edilib.

NURƏDDİN BABAYEV

(1921-1991)

Görkəmli yazıçı-jurnalist, publisist, filologiya elmləri doktoru, professor Nurəddin Həsən oğlu Babayevin anım günüdür. O, 1921-ci il martın 23-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, “Uşaqgəncnəşr”də və Bakı kinostudiyasında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında Oçerk və publisistika şurasının sədri işləyib. 1953-cü ildən universitetin Jurnalistika kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət Universitetində Jurnalistika fakültəsinin və Azərbaycan Jurnalistlər İttifaqının yaradılmasının təşəbbüsçülərindən olub. İki cildlik “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biri, bir çox əsərlərin və elmi-sənədli filmlərin ssenari müəllifi olub. Nurəddin Babayev 1991-ci il sentyabrın 25-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

SƏRDAR SƏFƏROV

(1960-1991)

Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərovun xatirə günüdür. O, 1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirib. 1991-ci ildə vətənə dönüb və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayıb. 25 sentyabr 1991-ci ildə Əsgəran rayonu ərazisində erməni terrorçularının sərnişin avtomobilinə hücumunu araşdırmaq üçün göndərilən istintaq qrupunun müstəntiqi olub. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında ermənilərin hücumuna məruz qalıb. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub və Kəlbəcər rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ELŞƏN MƏMMƏDOV

(1992-2015)

Şəhid Elşən Vaqif oğlu Məmmədov da bu gün xatırlanır. O, 1992-ci il iyulun 3-də qədim Borçalı mahalında - Gürcüstanın Bolnisi rayonunda doğulub. 2010-cu ildə 659 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsilini başa vurub və hərbi xidmətə yollanıb. Əsgər Elşən Məmmədov 2015-ci il sentyabrın 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın