00:02 25 Dekabr 2020 62
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.12.2020

ƏLİ SULTANLI

(1906-1960)

Görkəmli ədəbiyyatşünas və pedaqoq, filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində anadan olub. 1923-1928-ci illərdə Naxçıvan Müəllimlər Seminariyasında təhsil alıb. Bir müddət “Şərq qapısı” qəzetində ədəbi işçi vəzifəsində çalışıb. Sonradan təhsilini Bakı Mərkəzi Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Dil-ədəbiyyat fakültəsində davam etdirib. 1934-1939-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun prorektoru, Dil və ədəbiyyat fakültəsinin dekanı olub. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin Qərbi Avropa ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib. “Əmək igidliyinə görə” medalı ilə təltif edilib. Əli Sultanlı 1960-cı il iyulun 18-də Bakıda vəfat edib.

ƏLİSƏTTAR ATAKİŞİYEV

(1906-1990)

Azərbaycanın əməkdar incəsənət xadimi, operator, ssenarist və rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev 25 dekabr 1906-cı ildə Bakıda doğulub. Moskva Ali Rəssamlıq Texniki məktəbində və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. “Sehrli xalat”, “O olmasın, bu olsun”, “Bakılılar”, “Doğma xalqıma”, “İstintaq davam edir” və başqa filmlərin operatoru, quruluşçu operatoru olub. Uşaq-fantastika janrlarının məharətli rejissoru kimi tanınıb. Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Əlisəttar Atakişiyev 1990-cı il noyabrın 7-də Moskvada Qocalar Evində vəfat edib.

İBRAHİM HƏMZƏYEV

(1908-1982)

Tanınmış Azərbaycan aktyoru və rejissoru Miribrahim Tağı oğlu Həmzəyev 1908-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb. Əvvəlcə Gəncə İşçi Klubunda, sonralar Qadınlar Klubunda, bir müddət paralel olaraq Dəmiryolçular Klubunda dram dərnəklərinin rəhbəri olub. 1937-ci ildə sənət yardımı üçün Naxçıvan Teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda aktyor, baş rejissor və direktor işləyib. Xalq artisti Zəroş Həmzəyeva ilə evli olan İbrahim Həmzəyev 1982-ci il fevralın 4-də Naxçıvanda vəfat edib.

ƏLƏSGƏR ŞƏRİFOV

(1909-1982)

Azərbaycanın xalq artisti, rejissor və aktyor Ələsgər Məmmədtağı oğlu Şərifov 1909-cu il dekabrın 25-də Şamaxıda imkanlı ailədə anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. 1934-cü ildən ömrünün sonunadək Azərbaycan Dram Teatrının rejissoru olub, bir sıra tamaşalara quruluş verib. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, iki dəfə “Şərəf nişanı” ordeni və bir neçə medalla təltif edilən Ələsgər Şərifov 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib.

ƏNVƏR SADAT

(1918-1981)

Misirin 3-cü prezidenti Ənvər Sadat 25 dekabr 1918-ci ildə əl-Minufiyə şəhərinin Əbul-Qum kəndində doğulub. Orta təhsilini bitirdikdən sonra Hərbi Akademiyaya daxil olub. Camal Əbdülnasir ilə “Azad Hərbçilər Hərəkatı”nı qurub. İkinci Dünya Müharibəsində işğalçı Böyük Britaniya ordularına qarşı çıxdığı üçün ingilislər tərəfindən həbs olunub. 1952-ci ildə Misirdə təşkil olunan hərbi çevriliş barədə məlumatı radio vasitəsilə xalqa elan edib. Hərbi çevrilişdən sonra Camal Əbdülnasirin köməkçisi olub, daha sonra bir çox nazir vəzifələrini və Ərəb Birliyinin baş katibi vəzifəsini icra edib. 1970-ci ildə Camal Əbdülnasirin vəfatından sonra Misirin prezidenti seçilib. İsrailin baş naziri Menaxem Beginlə birlikdə 1978-ci ildə Nobel mükafatına layiq görülüb. Ənvər Sadat 1981-ci il oktyabrın 6-da Qahirədə keçirilən hərbi parad zamanı əsgərlər tərəfindən qətlə yetirilib.

ABUZƏR XƏLƏFOV

(1931-2020)

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 1931-ci ilin bu günü Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Onun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib və fakültənin ilk dekanı seçilib. 1962-1970-ci və 1980-1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri kimi fəaliyyət göstərib. 500-ə yaxın elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi olub. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilən Abuzər Xələfov 27 aprel 2020-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

QARA MUSTAFAYEV

(1931-2018)

Biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Teyfur oğlu Mustafayev 1931-ci il dekabrın 25-də Kürdəmir rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə bitirib. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Biologiya fakültəsində baş müəllim, dosent, dekan müavini, dekan və kafedra müdiri vəzifələrində çalışıb. 600-dən çox məqalə və 65 kitabın müəllifidir. Uzun illər Azərbaycan Dövlət Televiziyasında “Təbiəti sevənlər” verilişini aparıb. "Şöhrət" ordeni ilə təltif olunan Qara Mustafayev 8 oktyabr 2018-ci ildə Bakıda dünyasını dəyişib.

FAMİL MEHDİ

(1934-2003)

Şair-publisist, tənqidçi, filologiya elmləri doktoru, professor Famil Ağalar oğlu Mehdi 25 dekabr 1934-cü ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və ömrünün sonunadək həmin ali məktəbdə dərs deyib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaradıb və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis edib. Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat edib.

YUSİF SƏMƏDOĞLU

(1935-1998)

Azərbaycanın xalq yazıçısı Yusif Səməd oğlu Vəkilov 1935-ci ilin bu günü Bakıda xalq şairi Səməd Vurğunun ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru olub, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi vəzifəsində çalışıb. Sonuncu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Onun ssenariləri əsasında "7 oğul istərəm" və "Qətl günü" filmləri çəkilib. Yusif Səmədoğlu 1998-ci il avqustun 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AĞALAR MİRZƏ

(1954-2008)

Əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi, şair Ağalar Həmzə oğlu Mirzəyev 1954-cü il dekabrın 25-də Şabran şəhərində fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində və Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. Şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin və bir çox əsərlərin müəllifi olub. “Qızıl qələm” mükafatı ilə təltif olunan Ağalar Mirzə 5 mart 2008-ci ildə vəfat edib.

NİYAZİ ASLANOV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Niyazi Şərəfxan oğlu Aslanov 25 dekabr 1960-cı ildə Goranboy rayonunda dünyaya göz açıb. Orta məktəbi burada bitirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Qarabağ münaqişəsi başlayandan vətən torpaqlarının müdafiəsinə qalxıb. 4 may 1992-ci ildə Goranboyun Tapqaraqoyunlu kəndi yaxınlığında baş verən döyüş zamanı komandirini xilas edərək qəhrəmancasına həlak olub. Tap Qaraqoyunlu kəndində dəfn edilib, buradakı kənd orta məktəbi onun adını daşıyır. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Niyazi Aslanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

FÜZULİ RÜSTƏMOV

(1965-1990)

Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov 1965-ci ilin bu günü Tərtər rayonunda anadan olub. Ata və anasını erkən itirib, Xocalıda babasının himayəsində böyüyüb. Burada səkkizillik məktəbi bitirib. 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb, buna görə ona 4 ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aeroportunu partladan qrupun üzvü olub. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən zaman şəhid olub. Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Füzuli Rüstəmova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

VAQİF BAYRAMOV

(1979-2016)

Şəhid Vaqif Dilqəm oğlu Bayramov 1979-cu il dekabrın 25-də Naftalan şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Kapitan Vaqif Bayramov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı şəhid olub və Naftalanda dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. O, 1 iyul 1992-ci ildə Qarabağ müharibəsində şəhid olan Mehman Bayramovun qardaşıdır.

ƏRZUMAN OSMANOV

(1990-2020)

Şəhid Ərzuman Kamran oğlu Osmanov 25 dekabr 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına 8 saylı Mingəçevir şəhər orta məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinin ilk günündən silaha sarılıb. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınıb. Oktyabrın 1-də Suqovuşan uğrunda döyüşlərdə ağır yaralanaraq itkin düşüb. Əsgər Ərzuman Osmanovun nəşi sonradan tapılıb və noyabrın 10-da Mingəçevir şəhər qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

İSMƏT İNÖNÜ

(1884-1973)

Türkiyənin ilk baş naziri və ikinci prezidenti Mustafa İsmət İnönünün anım günüdür. O, 24 sentyabr 1884-cü ildə İzmirdə anadan olub. 1892-ci ildə təhsilini hərbi orta məktəbdə başlayıb. 1906-cı ildə Hərbi Akademiyanı bitirdikdən sonra orduda müxtəlif səviyyələrdə xidmət edib. 1910-1913-cü illər arasında Yəmən üsyanının yatırılmasında iştirak edib. Birinci Dünya müharibəsi illərində Atatürkün komandanlığı altında Qafqaz Cəbhəsində korpus komandiri olub. Milli Mücadilə dövründə Atatürkün ən yaxın silahdaşı olub. 1938-ci ildə Atatürkün vəfatından sonra Türkiyənin ikinci prezidenti və Cümhuriyyət Xalq Partiyasının sədri seçilib. İkinci Dünya müharibəsi zamanı Türkiyəni döyüş fəlakətindən kənarda tutmağı bacarıb. 1946-cı ildə ölkədə çoxpartiyalı sistemə keçildiyini elan edib. 1950-ci il seçkilərində Demokrat Partiya qalib gəldiyi üçün prezidentlikdən istefa verib və fəaliyyətini ana müxalifət lideri kimi davam etdirib. 1961-1965-ci illərdə yenidən Türkiyənin baş naziri olub. 1972-ci ildə CHP liderliyindən və millət vəkilliyindən istefa verib. “Milli şef” ləqəbi ilə tanınan İsmət İnönü 1973-cü il dekabrın 25-də vəfat edib və Ankarada dəfn olunub.

ÇARLİ ÇAPLİN

(1889-1977)

Məşhur ABŞ və İngiltərə rejissoru, komediya aktyoru və ssenaristi Çarli Çaplinin xatirə günüdür. O, 1889-cu il aprelin 16-da Londonda musiqiçi ailəsində anadan olub. Karyerasına küçə uşağı rolunu ifa etməklə başlayıb. 1917-ci ildə “First National” studiyasına keçib, 1 milyon dollarlıq müqaviləyə imza ataraq dövrünün ən bahalı aktyoruna çevrilib. 1919-cu ildə “United Artists” film studiyasını qurub, filmlərinin ssenarisini özü yazıb. Çarli Çaplin 1977-ci il dekabrın 25-də İsveçrənin Veve şəhərində vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub, sonradan isə məzarı Korsye-Syur-Vevedəki Meruz qəbiristanlığına köçürülüb.

İLYAS TAPDIQ

(1934-2016)

Azərbaycan şairi və tərcüməçi İlyas Oruc oğlu Tapdıq da bu gün xatırlanır. O, 30 noyabr 1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”də redaktor, “Azərnəşr”də redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində Gənclər redaksiyasının baş redaktoru, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri, Ankara şəhərində Türk Standartları İnstitutunda müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri vəzifələrində işləyib. Bir neçə kitabın müəllifidir. İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib və Badamdar qəbiristanlığında dəfn olunub.

ADNAN ŞƏNSƏS

(1935-2013)

Türkiyənin məşhur müğənnisi, bəstəkar və kino aktyoru Adnan Şənsəsin anım günüdür. O, 1935-ci il avqustun 21-də Türkiyənin Bursa şəhərində anadan olub. Orta məktəbi İstanbulda bitirib. Ailəsinin istəyi ilə bir müddət dülgərliklə məşğul olduqdan sonra 1956-cı ildə musiqi dünyasına qatılıb. 16 il Ankara Radiosunda çalışıb, 47 filmdə rol alıb. Mədə xərçəngindən əziyyət çəkən Adnan Şənsəs 2013-cü il dekabrın 25-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

AĞAXAN ABDULLAYEV

(1950-2016)

Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Minaxan oğlu Abdullayevin xatirə günüdür. O, 1950-ci il fevralın 6-da Bakının Əmircan kəndində doğulub. 1958-1968-ci illərdə 84 saylı orta məktəbdə, 1969-1973-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət Evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində muğam müəllimi kimi çalışıb. 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın