00:01 27 Yanvar 2021 139
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.01.2021

VOLFQANQ AMADEY MOTSART

(1756-1791)

Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart 1756-cı ilin bu günü Zalsburqda anadan olub. Bəstəkarlıqla yanaşı, həm də mahir skripkaçı, orqan ifaçısı və dirijor olub. Dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlamaq və improvizə etmək kimi fenomenal qabiliyyətlərə malik olub. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən Motsart 5 dekabr 1791-ci ildə Vyanada vəfat edib.

DMİTRİ MENDELEYEV

(1834-1907)

Məşhur rus alimi, kimyaçı, fizik, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri İvanoviç Mendeleyev 1834-cü il yanvarın 27-də Tobolskda anadan olub. Orta məktəbi bitirdikdən sonra Sankt-Peterburq Universitetində təhsilini davam etdirib. Kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, metrologiya, kənd təsərrüfatı, iqtisadiyyat, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir. "Kimyanın əsasları"nı yazıb. Dmitri Mendeleyev 1907-ci il yanvarın 20-də Sankt-Peterburqda vəfat edib.

SARA AŞURBƏYLİ

(1906-2001)

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Sara Balabəy qızı Aşurbəyli 27 yanvar 1906-cı ildə Bakıda anadan olub. İstanbulda Müqəddəs Janna d-Ark kollecini, Bakı Dövlət Universitetinin şərqşünaslıq və Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirib. Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifələrində çalışıb. Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi olub. Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyib, Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. Daha sonra Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonuna qədər isə Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Azərbaycanın Dövlət Mükafatı və “Şöhrət” ordeni ilə təltif olunan Sara Aşurbəyli 2001-ci il iyulun 17-də Bakı şəhərində vəfat edib.

RAUF DENKTAŞ

(1924-2012)

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və I prezidenti Rauf Denktaş 1924-cü ilin bu günü Pafos şəhərində anadan olub. Fevzi Ati internat məktəbində, Lefkoşa İngilis Məktəbində, Lincolns İnn-də hüquq təhsili alıb. Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik edib. Daha sonra prokuror, baş prokuror, Kipr Türk Qurumları Federasiyası konqresinin sədri vəzifələrində çalışıb. 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verərək, dostları ilə Türk Müqavimət Təşkilatını qurub, 1970-ci il seçkilərində Türk Camaat Məclisi rəhbərliyinə seçilib. Kipr Prezidentinin müavini, daha sonra Kipr Türk İdarəetməsinin rəhbəri olub. Kipr Hərəkatı nəticəsində 1975-ci il fevralın 13-də Kipr Türk Federativ Dövlətinin yaradılmasından sonra prezident və baş nazir vəzifələrini həyata keçirib, daha sonra 1976-cı və 1981-ci illərdə keçirilən seçkilərdə prezident seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasından sonra yenidən prezident olub, 1990, 1995 və 2000-ci illərdə yenidən bu vəzifəyə seçilib. Bir neçə kitabın müəllifidir. Rauf Denktaş 13 yanvar 2012-ci ildə vəfat edib və Lefkoşadakı Cümhuriyyət Parkında dəfn edilib.

AŞIQ ƏDALƏT

(1939-2017)

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. Saz ifa etməyi atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları Aşıq Ədalətin ifasında daha gözəl, bənzərsiz olub. Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə vəfat edib və Qazax rayonunda dəfn olunub.

MÜSEYİB ZEYNALOV

(1978-2020)

Şəhid Müseyib Saleh oğlu Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun mayoru olan Müseyib Zeynalov noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub və Salyan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

MƏHƏMMƏD MƏMMƏDOV

(1994-2020)

Şəhid Məhəmməd Zakir oğlu Məmmədov 1994-cü ilin bu günü Qazax rayonunun Alpout kəndində anadan olub. Bakı Dövlət Universitetinin Qazax filialında tarix-coğrafiya müəllimliyi üzrə ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Məmmədov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub və Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medallarına layiq görülüb.

QORXMAZ ƏLİZADƏ

(1995-2020)

Şəhid Qorxmaz Arif oğlu Əlizadə 27 yanvar 1995-ci ildə Qax rayonunun Cəlayir kəndində anadan olub. Kənd orta məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alaraq, leytenant hərbi rütbəsinə layiq görülüb. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı bir sıra qanlı döyüşlərdə iştirak edib. Erməni hərbçiləri ilə əlbəyaxa davada burnunun sınmasına baxmayaraq, hospitala yollanmaqdan imtina edib. Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə oktyabrın 17-də Füzuli rayonu istiqamətində şəhid olub və Qax rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

TƏBRİZ HƏSƏNOV

(1996-2016)

Şəhid Təbriz Bəxtiyar oğlu Həsənov 1996-cı il yanvarın 27-də Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. 2002-2011-ci illərdə Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəbdə təhsil alıb. Əsgər Təbriz Həsənov 2016-cı il aprelin 23-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Bakının Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra göstərdiyi III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

HEYDƏR ƏFƏNDİYEV

(1907-1967)

AMEA-nın müxbir üzvü, professor, kimya elmləri doktoru Heydər Xəlil oğlu Əfəndiyevin anım günüdür. O, 1907-ci il iyulun 7-də Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin təbiət-riyaziyyat fakültəsində təhsil alıb. Şəkidə fəhlə fakültəsinin tədris hissə müdiri işləyib, eyni zamanda kimya fənnindən dərs deyib. Bakıda SSRİ EA Azərbaycan filialının Geologiya bölməsində geokimya laboratoriyasının baş laborantı, böyük elmi işçisi, Kimya İnstitutunda laboratoriya rəhbəri vəzifələrində çalışıb, həmin institutun direktoru olub. 216 elmi əsərin, 8 monoqrafiya və kitabın müəllifidir. Heydər Əfəndiyev 27 yanvar 1967-ci ildə Bakıda vəfat edib.

RİMMA ƏLİYEVA

(1931-2017)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, film direktoru və prodüser Rimma Əli qızı Abdullayevanın anım günüdür. O, 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra “Mosfilm” kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb. “Bir cənub şəhərində”, “Qətldən sonra yeddi gün”, “Yol əhvalatı”, “Qaladan tapılan mücrü”, “Qəm pəncərəsi”, “Avqust gələndə”, “Sahilsiz gecə” və digər ekran əsərlərində film direktoru işləyib. Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib. Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə Bakıda vəfat edib.

MƏHƏBBƏT KAZIMOV

(1953-2014)

Azərbaycanın əməkdar artisti, müğənni Məhəbbət Kazımovun xatirə günüdür. Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Orta təhsilini Şamkənd kənd orta məktəbində alıb. 1974-cü ildə musiqi təhsili almaq üçün Bakıya gəlib və Asəf Zeynallı adına musiqi texnikumuna daxil olub. 1976-cı ildən professional səhnədə çıxış edib, "Dan Ulduzu" ansamblının solisti olub. Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də Bakıda dünyasını dəyişib.

SƏBUHİ ƏZİZOV

(?-2014)

Şəhid Səbuhi Rüstəm oğlu Əzizov da bu gün xatırlanır. Leytenant Səbuhi Əzizov 2014-cü il yanvarın 27-də saat 12.30 radələrində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu Qobustan rayonunun Təklə Mirzəbaba kəndində dəfn edilib. Ölümündən sonra göstərdiyi III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın