00:00 27 Avqust 2020 543
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.08.2020

SEYFƏDDİN DAĞLI

(1921-1983)

Məşhur Azərbaycan yazıçısı, şair, dramaturq və jurnalist Seyfəddin Dağlının doğum günüdür. Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci avqustun 27-də Xızı rayonunda dünyaya gəlib. Uşaq yaşlarında ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə burada bitirib. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayıb. 1941-ci ildən 1956-cı ilədək hərbi xidmətdə olub, Sovet ordusunun tərkibində İrana gedib. Həmin illərdə "Ordu" qəzetində ədəbi işçi, "Diviziya" qəzetində redaktor işləyib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini, "Azərbaycanfilm" kinostudiyasında ssenari kollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifələrində işləyib. Uzun illər "Kirpi" jurnalının baş redaktoru olub. Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə evli olan Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də vəfat edib.

MAQSUD ƏLİYEV

(1924-2016)

Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Maqsud İsfəndiyar oğlu Əliyev 27 avqust 1924-cü ildə Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1941-ci ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1943-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ali təhsilini yarımçıq qoyub. Cəbhədən qayıtdıqdan sonra 1947-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə 1950-ci ildən Azərbaycan Politexnik İnstitutunda assistent kimi başlayıb. 1954-1957-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, 1957-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent vəzifələrində çalışıb. 1961-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, 1966-2013-cü illərdə laboratoriya müdiri işləyib. 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fizika-riyaziyyat və texnika elmləri bölməsində akademik-katibin müavini vəzifəsini icra edib. 350-dən artıq elmi əsərin və 30 patentin müəllifidir. Maqsud Əliyev 2016-cı il dekabrın 23-də vəfat edib.

QƏZƏNFƏR PAŞAYEV

(1937)

Azərbaycanın əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin bu günü Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub. 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi, ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini və kafedra müdiri işləyib. "Altı il Dəclə-Fərat sahillərində" kitabı ona böyük şöhrət gətirib. 1990-cı ildən Bakı Dövlət Universitetində Xarici dillər kafedrasının dosenti və kafedra müdiri olub. 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. 550-dən artıq məqalə və 40-a yaxın kitabın müəllifidir. Qəzənfər Paşayev 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

VASİM MƏMMƏDƏLİYEV

(1942-2019)

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. 1949-1959-cu illərdə paytaxtdakı 113 saylı orta məktəbdə təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin il daxil olduğu universitetin əyani aspiranturasından Tbilisiyə ezam edilərək orada akademik G.V.Seretelinin rəhbərliyi altında alimlik dərəcəsi alıb. 1981-1991-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, 1991-92-ci illərdə BDU-nun prorektoru vəzifəsində çalışıb. 1991-ci ildən BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı olub. Akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 2002-ci ildə “Şöhrət” ordeni, 2003-cü ildə Dağıstan Respublikasının əməkdar elm xadimi fəxri adı ilə təltif olunub. 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın xalq artisti, tarzən Vamiq Məmmədəliyevin qardaşıdır.

RƏŞİD İSMAYILOV

(1949-1990)

20 yanvar şəhidi Rəşid İslam oğlu İsmayılov 27 avqust 1949-cu ildə Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Rostov Dəmiryolu İnstitutunu bitirib. Azərbaycan Dəmiryolu İdarəsində dispetçer vəzifəsində işləyib. Rəşid İsmayılov 1990-cı il yanvarın 20-də işdən evə qayıdarkən Biləcəri qəsəbəsində sovet əsgərləri tərəfindən atəşə tutulub və qarın nahiyəsindən yaralanıb. Dərhal xəstəxanaya yerləşdirilib cərrahiyyə əməliyyatı olunsa da, yanvarın 23-də dünyasını dəyişib. İki uşaq atası olan Rəşid İsmayılov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

XALİQ ƏZİZZADƏ

(1996-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Xaliq Həsən oğlu Əzizzadə 1996-cı ilin bu günü Naxçıvan MR-in Şərur rayonunda anadan olub. Xətai rayonundakı 116 saylı tam orta məktəbi bitirib. Əsgər Xaliq Əzizzadə 2016-cı ilin Aprel döyüşlərində şəhid olub və aprelin 6-da Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salınıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

ƏLİABBAS MÜZNİB

(1881-1938)

Şair, ədəbiyyatşünas və jurnalist Əliabbas Müznibin xatirə günüdür. Əliabbas Mütəllib oğlu Əhmədov 1881-ci ildə Bakıda doğulub. İbtidai təhsilini mədrəsədə alıb, ərəb-fars dillərini mükəmməl öyrənib. 1908-ci ildən jurnalistlik fəaliyyətinə başlayıb. "Zənbur", "Səhabi-saqib", "Babayi-Əmir" və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınıb. "Yusif və Züleyxa", "Tiran rolu", "Nəsrəddin məzhəkələri", "Aşıq Pəri və müasirləri" və digər kitabların müəllifi olub. 1911-ci ildə çar hökuməti tərəfindən həbs edilərək Sibirə sürgün olunub. 1913-cü ildə əfv olunaraq Bakıya qayıdıb. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Marşını yazıb. Bolşevik işğalından sonra da jurnalistlik fəaliyyəti ilə məşğul olub. 1926-cı ildə gözü tutulduğu üçün təqaüdə çıxıb və ədəbiyyat araşdırmaları ilə məşğul olmağa başlayıb. 1937-ci ildə millətçi kimi həbs olunub və 8 il müddətinə azadlıqdan məhrum edilərək Sibirə göndərilib. Əliabbas Müznib 27 avqust 1938-ci ildə Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə dünyasını dəyişib.

ƏVƏZ SADIQ

(1898-1956)

Yazıçı, publisist, jurnalist və tərcüməçi Əvəz Sadıqın anım günüdür. Əbülfəz Əli oğlu Sadıqov 1898-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil alıb. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlayıb. Daha sonra ordu sıralarına çağırılıb, 1921-1923-cü illərdə hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilib. 1924-1925-ci illərdə Maarif İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri, şəhər teatr klubunda müdir işləyib, Naxçıvan partiya-sovet məktəbində müəllimlik edib. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayıb, məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirib. Müxtəlif qəzet və jurnallarda, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, məsul katib, tərcüməçi və redaktor kimi çalışıb. İkinci Dünya Müharibəsi başlayandan sonra 1944-cü ilədək Tiflisdə Zaqafqaziya cəbhəsi siyasi idarəsində təlimatçı-ədəbiyyatçı, "Vətən yolunda" cəbhə qəzetinin xüsusi müxbiri olub. Eyni zamanda Təbrizdə olarkən teatra rəhbərlik edib. Ordudan tərxis olunduqdan sonra "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri, "Azərbaycan" jurnalında məsul katib, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olub. Bir neçə kitabın müəllifidir. Əvəz Sadıq 1956-cı il avqustun 27-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

TOFİQ TAĞIZADƏ

(1919-1998)

Xalq artisti, Azərbaycan və Çeçenistanın əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi və aktyor Tofiq Mehdiqulu oğlu Tağızadə də bu gün xatırlanır. O, 7 fevral 1919-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra energetika texnikumuna daxil olub, paralel musiqi məktəbində də oxuyub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. Üçüncü kursda oxuyarkən İkinci Dünya müharibəsi başlayıb və o, cəbhəyə göndərilib. Rostov yaxınlığında gedən döyüşlərin birində ağır yaralanaraq ordudan tərxis olunub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Rejissoru kimi "Görüş", "Uzaq sahillərdə", "Əsl dost", "Yeddi oğul istərəm" və bir çox başqa filmləri ilə milli kinomuza yeni nəfəs bəxş edib. Bir sıra orden və medallarla təltif edilən Tofiq Tağızadə 27 avqust 1998-ci ildə dünyasını dəyişib.

FARİZ SƏFƏROV

(1920-1964)

Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərovun xatirə günüdür. O, 1920-ci il iyunun 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində doğulub. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakının Biləcəri qəsəbəsindəki 5 nömrəli rusdilli məktəbin hazırlıq kursunu bitirib. Kürdəmir rayonunda rus dili müəllimi işləyib. 1939-cu ildə hərbi xidmətə çağırılıb, Litva və Belarusda Hərbi Hava Qüvvələrində, 416-cı Taqanroq diviziyasında xidmət edib. İkinci Dünya müharibəsində göstərdiyi şücaətlərə görə 19 mart 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilən Fariz Səfərov 27 avqust 1964-cü ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Ləki qəsəbəsində ev muzeyi açılıb, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılıb.

NÜSRƏT ŞİRƏLİYEV

(1963-1992)

Şəhid Nüsrət Əlican oğlu Şirəliyevin anım günüdür. O, 1 aprel 1963-cü ildə Hacıqabul rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Şirvan Cihazqayırma zavodunda laboratoriya müdiri işlədikdən sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib kimi çalışıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə birlikdə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüb. sinəsindən güllə yarası alsa da, düşmənlə təkbaşına vuruşaraq əsgərlərin pusqudan çıxmasına şərait yaradıb. Baş leytenant Nüsrət Şirəliyev yaralı vəziyyətdə əsir götürülüb və işgəncə ilə qətlə yetirilib.

ŞÖVQİYAR ABDULLAYEV

(1969-1992)

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev də bu gün xatırlanır. O, 1969-cu il aprelin 5-də Qədim Göyçə mahalında - Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Papravənd, Pircamal, Aranzəmin, Drmbon və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də baş verən döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

HAFİZ ŞÜKUROV

(1971-1994)

Şəhid Hafiz Yaqub oğlu Şükurovun anım günüdür. O, 1971-ci il mayın 17-də Laçın şəhərində anadan olub. Burada 2 saylı şəhər orta məktəbini və Azərbaycan Neft və Kimya İnstitutunun qiyabi şöbəsini bitirib. Laçın Rayon Polis Şöbəsinin əməkdaşı kimi Qorçu, Piçənis, Ərikli, Kürdhacı və Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Laçın rayonunun işğalından sonra Füzuli rayonu uğrunda gedən döyüşlərə qatılıb və 1994-cü il avqustun 27-də şəhid olub. Hafiz Şükürov Şəhidlər Xiyabanında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın