00:01 27 Dekabr 2020 76
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.12.2020

CAHİDƏ SONKU

(1919-1981)

Türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri Cahidə Sonku 1919-cu il dekabrın 27-də Yəməndə anadan olub. Əsl adı Cahidə Sərabdır. 1933-cü ildə ekranlara çıxan "Söz bir, Allah bir" filmi ilə kinoda ilk addımlarını atıb. 1950-ci ildə "Sonkufilm" şirkətini yaradıb. 1951-ci ildə "Ulduz" jurnalının keçirdiyi müsabiqədə həmin əsər "Ən yaxşı film", Cahidə isə "Ən yaxşı aktrisa" seçilib. Ömrünü İstanbul küçələrində səfil bir qadın olaraq başa vuran Cahidə Sonku 18 mart 1981-ci ildə dünyasını dəyişib.

İBRAHİM ZEYNALOV

(1934-2008)

Azərbaycanın xalq rəssamı, heykəltəraş, əməkdar incəsənət xadimi İbrahim İsmayıl oğlu Zeynalov 27 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Xarkov Rəssamlıq İnstitutunu bitirib. 1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub. 1971-1973-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. 1994-2003-cü illərdə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub. Mücirəddin Beyləqani, Əcəmi Naxçıvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını abidələrə çevirib. SSRİ Dövlət Mükafatı və Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. İbrahim Zeynalov 2008-ci il martın 6-da Bakıda vəfat edib.

OQTAY KAZIMİ

(1932-2010)

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Məmməd oğlu Kazımov 1932-ci ilin bu günü Astara şəhərində anadan olub. Orta məktəbi burada bitirdikdən sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə, daha sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev və digər korifey müğənnilər ifa edib. O, Azərbaycanda ilk rok operanın müəllifidir. Prezident təqaüdçüsü olan Oqtay Kazımi 9 avqust 2010-cu ildə vəfat edib.

SƏFURƏ İBRAHİMOVA

(1938-2020)

Azərbaycan xalq artisti, kino və teatr aktrisası, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955-1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. 1960-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına qəbul edilib və 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Azərbaycanda Novruz bayramı keçirilərkən ilk Bahar qızı olub. Səfurə İbrahimova 21 dekabr 2020-ci ildə Bakıda vəfat edib və Qurd Qapısı məzarlığında dəfn olunub.

FƏRHAD BƏDƏLBƏYLİ

(1947)

SSRİ və Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Fərhad Bədəlbəyli 27 dekabr 1947-ci ildə xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açıb. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1969-1971-ci illərdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 1986-1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyəti İdarə Heyəti sədrinin I müavini olub. Onun təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında – indiki Bakı Musiqi Akademiyasında çalışan Fərhad Bədəlbəyli 1991-ci ildən bu təhsil ocağının rektorudur.

MALİK FƏRRUX

(1948-1998)

Şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, “Qızıl Qələm” mükafatı laureatı Malik Fərrux oğlu İbrahimov 1948-ci ilin bu günü Laçında doğulub. Laçın şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Ədəbi fəaliyyəti tələbəlik dövründə “Ulduz” jurnalında çap etdirdiyi “Qartallı dağlar” şeiri ilə başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının “Elm və texnika verlişləri” redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışıb. Dörd il televiziyanın “Ekran” divar qəzetinin redaktoru olub. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında işləyib. Yüzə yaxın mahnının söz müəllifi olan Malik Fərrux 1998-ci il dekabrın 2-də vəfat edib.

MEHMET AKİF ƏRSOY

(1873-1936)

Türkiyənin məşhur şairi, İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoyun anım günüdür. O, 20 dekabr 1873-cü ildə İstanbulda dünyaya gəlib. İlk və orta təhsilini İstanbulun Fateh səmtində alıb. Ali təhsil üçün Beynəlxalq Hüquq İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq baytarlıq təhsilinə başlayıb və buranı qızıl diplomla bitirib. Şeir yazmağa da bu dövrdə başlayıb, Osmanlı dövlətinin tənəzzül dövründə Anadoluya keçərək, xalqı milli azadlıq hərəkatı üçün ruhlandırıb və böyük işlər görüb. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə gedib və Misir Universitetində türk dilindən dərs deyib. 1936-cı ildə ölkəyə qayıdan Mehmet Akif Ərsoy 27 dekabr 1936-cı ildə İstanbulda dünyasını dəyişib.

MƏHƏMMƏD ALTUNBAY

(1911-1987)

Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu, Gəncə üsyanının şahidi Məhəmməd Altunbayın xatirə günüdür. O, 1911-ci ildə Gəncənin Zərrabi məhəlləsində Qaçaq İbrahimin ailəsində anadan olub. 1933-cü ildə Odessa Ali Hərbi Hava Məktəbini bitirib. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərib, üç dəfə fəxri fərmanla təltif olunub. SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana, daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət edib. 1945-1960-cı illərdə “Türk Hava Yolları”nda pilot işləyib. Məhəmməd Altunbay 1987-ci il dekabrın 27-də İstanbulda dünyasını dəyişib.

MƏMMƏD ARİF DADAŞZADƏ

(1904-1975)

AMEA-nın həqiqi üzvü, görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Dövlət Mükafatı laureatı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə də bu gün xatırlanır. O, 1904-cü il iyun ayının 10-da Bakı şəhərində doğulub. 1925-ci ildə Xalq Maarifi İnstitutunu bitirib. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində, 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent olub. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışıb, 1941-1950-ci illərdə burada “Rus ədəbiyyatı” kafedrasının müdiri olub, 1955-ci ildə professor elmi adını alıb. Eyni zamanda 1930-1940-cı illərdə Azərbaycan SSR maarif nazirinin müavini, 1941-1947-ci illərdə “Vətən uğrunda” jurnalının baş redaktoru vəzifəsində işləyib. Məmməd Arif Dadaşzadə 1975-ci il dekabrın 27-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏBÜLFƏT ƏLİYEV

(1926-1990)

Tanınmış müğənni, xalq artisti Əbülfət Əliyevin anım günüdür. O, 1926-cı il dekabrın 30-da dünyaya gəlib. 1943-cü ildən Ağdam rayon Mədəniyyət Evində ifaçılığa başlayıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Leyli və Məcnun” operasında Məcnun obrazının ən mahir ifaçılarından olub. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərib. Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə Bakıda dünyasını dəyişib.

CƏMİL QULİYEV

(1927-2010)

AMEA-nın həqiqi üzvü, professor Cəmil Bahadur oğlu Quliyevin xatirə günüdür. O, 1927-ci il dekabrın 16-da Ağdamda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Azərbaycan Dövlət Universitetində müəllim, dosent və rektor, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda direktor müavini, Azərbaycan EA Tarix İnstitutunun direktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Azərbaycan EA-nın vitse-prezidenti və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Bir neçə monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. Dövlət Mükafatı və “Şöhrət” ordeni ilə təltif edilən Cəmil Quliyev 27 dekabr 2010-cu ildə Bakıda vəfat edib.

BƏNAZİR BHUTTO

(1953-2007)

Pakistan İslam Respublikasının ilk qadın baş naziri Bənazir Bhutto da bu gün xatırlanır. O, 1953-cü il iyunun 23-də Pakistanın Kəraçi şəhərində Pakistanının 10-cu baş naziri və 4-cü prezidenti Zülfüqar Əli Bhuttonun ailəsində anadan olub. 1969-1973-cü illərdə ABŞ-ın Harvard Universitetinin Redkliff Kollecində bakalavr təhsili alıb. 1975-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin "Lady Margaret Hall" kollecindən məzun olub. İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnsə də, 20 ay sonra ordunun təzyiqi ilə vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilib və üç il bu vəzifədə çalışıb. 1999-cu ildən etibarən 8 il Dubayda sürgün həyatı yaşayıb. 2007-ci il oktyabrın 18-də Pakistana qayıdan Bənazir Bhutto 27 dekabr 2007-ci ildə Ravalpindi şəhərində keçirilən seçkiqabağı mitinq zamanı sui-qəsd nəticəsində öldürülüb. Onun 18 dekabr 1987-ci ildə ailə qurduğu Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistan Prezidenti olub.

SƏRXAN QASIMOV

(1995-2013)


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Sərxan Vaqif oğlu Qasımovun anım günüdür. O, 1995-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində anadan olub. orta təhsili bu kənddə aldıqdan sonra hərbi xidmətə yollanıb. Əsgər Sərxan Qasımov 2013-cü il dekabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın