12:00 28 May 2020 288
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.05.2020

1. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

(1918)

Azərbaycanda Respublika Günü qeyd olunur. 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

- Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

- Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

- Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. İclasda bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Əlyazmalar İnstitutunun yerləşdiyi binada) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Parisdə keçirilən Versal Sülh Konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

1920-ci il yanvarın 11-də Versal sülh konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik işğalı nəticəsində devrilib.

2. BÜLƏNT ECEVİT

(1925-2006)

Türkiyənin ən məşhur siyasətçilərindən biri, şair və jurnalist Mustafa Bülənt Ecevit 1925-ci il mayın 28-də İstanbulda anadan olub. Kürd əsilli və Kastamonu doğumlu atası Əhməd Fəxri Əcəvit Ankara Universitetinin Hüquq fakültəsində professor, boşnak əsilli anası Nazlı Ecevit isə rəssam olub. 1944-cü ildə Robert kollecini bitirib və tərcüməçilik fəaliyyətinə başlayıb. 1946-cı ildə sinif yoldaşı Rahşan Ecevitlə ailə həyatı qurub. 1961-1965-ci illərdə İsmət İnönü hökumətində əmək və əhalinin sosial müdafiəsi naziri, 1974-2002-ci illərdə isə beş dəfə Türkiyənin baş naziri olub. 1972-1980-ci illərdə Cümhuriyyət Xalq Partiyasının, 1987-2004-cü illərdə Demokratik Sol Partiyanın sədri seçilib. Müxtəlif dövrlərdə Ankara, Zonquldak və İstanbuldan millət vəkili olub. 20 iyul 1974-cü ildə “Kıbrıs hərəkatı” kimi tanınan hərbi əməliyyata başlamaq əmrini verməklə Şimali Kiprdəki türkləri soyqırımı təhlükəsindən xilas edib və tarixə “Kıbrıs fatehi” kimi düşüb. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməyən Bülənt Ecevit 2006-cı il noyabrın 5-də vəfat edib.

3. HABİL ƏLİYEV

(1927-2015)

Azərbaycanın xalq artisti, kamança ifaçısı Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Ağdaşda orta məktəbi və eyni zamanda yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub. 1952-1956-cı illərdə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb, burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənib. Əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında başlayıb, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərib. 1956-1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. "Şöhrət" və “İstiqlal” ordenlərinə layiq görülən Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

4. FİRƏNGİZ ƏLİZADƏ

(1947)

Azərbaycanın xalq artisti, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə oxuyub. 1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışıb, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olub. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi olub. 1997-ci ilə qədər Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. 1999-cu ildə Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət olunub və 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib.

5. MUXTAR İMANOV

(1955)

AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Muxtar Kazım oğlu İmanov 1955-ci ilin bu günü Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001-ci ildən AMEA Folklor İnstitutunun türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi olub. 2011-ci ildən AMEA Folklor İnstitutunun direktoru, 2017-ci ildən İctimai Televiziya və Radio Yayımları Şurasının sədridir. Yazılı və şifahi ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş bir neçə kitabın, onlarla məqalənin və publisistik yazıların müəllifidir.

6. NAİBƏ ALLAHVERDİYEVA

(1963)

Azərbaycanın xalq artisti, aktrisa Naibə Səyavuş qızı Allahverdiyeva 1963-cü ilin bu günü Tiflisdə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. 1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Müxtəlif film və tamaşalarda ayddaqalan obrazlar yaradıb. Rusiyada rejissor Mixail Xleborodovun quruluşunda "Cənnətin kuryeri" filmində çəkilib. 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2018-ci ildə isə xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.

7. ZEMFİRA MEFTAHƏTDİNOVA

(1963)

Olimpiya çempionu, azərbaycanlı stend atıcısı Zemfira Əli qızı Meftahətdinova 1963-cü ilin 28 may günü Bakıda tatar əsilli ailədə anadan olub. 1970-ci ildə 225 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, daha sonra 115 nömrəli tam orta məktəbdən məzun olub. 14 yaşından idmanla məşğul olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1995 və 2004-cü ildə "Tərəqqi" medalı, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olub. 2000-ci ildə Sidney Olimpiadasının qızıl, 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanıb. Müstəqil Azərbaycanın bayrağı ilə ilk Olimpiya çempionu olan idmançı kimi tarixə düşüb. 1994-cü ildən daxili işlər orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

8. ƏLİ İBRAHİMOV

(1913-1985)

Azərbaycan sovet partiya və dövlət xadimi Əli İsmayıl oğlu İbrahimovun anım günüdür. O, əslən Qubadlı rayonunun Balahəsənli kəndindəndir. 1913-cü il oktyabrın 1-də Rusiya imperiyasının Zabaykalsk vilayətindəki Nerçinsk-Zavodsk mahalının Üst-Kara kəndində dünyaya gəlib. Baba və nənələri 1860-1870-ci illərdə Sibirə sürgün edilib. İnqilabi hərəkatda iştirak edən atası İsmayıl kişi 1919-cu ildə ağqvardiyaçılar tərəfindən öldürülüb. 1929-cu ildə orta təhsilini bitirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1932-ci ildə Bakı mexaniki texnikumunu bitirərək Leytenant Şmidt adına zavodda əmək fəaliyyətinə başlayıb. 1932-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Mexanika" fakültəsində mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. 1946-1948-ci illərdə "Azneftmaş" trestinin rəhbəri, 1948-1950-ci illərdə Azərbaycan SSR KP MK katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri, 1950-1953-cü illərdə Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953-1954-cü illərdə respublika Dövlət Plan Komitəsi sədrinin birinci müavini, 1954-1963-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1963-1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonunun Plan Komissiyasının sədri, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olub. 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib və SSRİ Nazirlər Sovetinin üzvü olub. 3 dəfə “Lenin” ordeni, 3 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif olunan Əli İbrahimov 1985-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

9. MƏMMƏD İSGƏNDƏROV

(1915-1985)

Azərbaycan sovet partiya və dövlət xadimi, geologiya-mineralogiya elmləri doktoru Məmməd Əbdül oğlu İsgəndərovun xatirə günüdür. O, 17 dekabr 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji Məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs deyib. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Lenin Rayon Partiya Komitəsinin birinci katibi seçilib. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış ali qanunverici orqana başçılıq edib. 1970-ci ildə Dərinlik Qazma Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilib və ömrünün sonuna qədər burada işləyib. Məmməd İsgəndərov 1985-ci ilin bu günü dünyasını dəyişib.

10. FİKRƏT MƏMMƏDOV

(1982-2014)

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Fikrət Akif oğlu Məmmədovun anım günüdür. O, 1982-ci ildə anadan olub. 2014-cü il mayın 27-dən 28-nə ötən gecə Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Fikrət Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın