00:00 28 İyun 2020 699
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.06.2020

HƏSƏN BƏY ZƏRDABİ

(1837-1907)

1. Azərbaycan milli mətbuatının banisi, maarifçi-demokrat, publisist və pedaqoq Həsən bəy Zərdabinin doğum günüdür. Həsən bəy Səlim bəy oğlu Məlikov 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun olmayıb və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılıb. 1880-1890-cı illərdə Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoe obozrenie" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyən Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

BARAT ŞƏKİNSKAYA

(1914-1999)

2. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Barat Həbibxan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində doğulub. İlk təhsilini Şuşada alıb. 1930-cu ildə Pedaqoji Məktəbi bitirib və Sərkər kənd məktəbinə müəllim göndərilib. 1935-ci ildə Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunub. Daha sonra Gəncə Dövlət Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında, Filarmoniyada və televiziyada çalışıb. Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. On filmə çəkilən Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə vəfat edib və Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub. Üç dəfə ailə quran sənətkarın Mir İbrahim Həmzəyevlə evliliyindən qızı Solmaz Həmzəyeva, Şəmsi Bədəlbəyli ilə evliliyindən qızı Rövşanə Bədəlbəyli, Mehdi Məmmədovla sonuncu evliliyindən isə oğlu Elçin Məmmədov dünyaya gəlib.

GÜLAĞA MƏMMƏDOV

(1925-1994)

3. Azərbaycanın xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Atası çəkməçi, anası evdar qadın olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 12 yaşında olarkən təsadüfən küçədə səsi ilə Üzeyir Hacıbəyovun diqqətini cəlb edib və məhz onun dəstəyi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olub. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilib və daha sonra Konservatoriyada təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub. 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Gülağa Məmmədov 7 iyun 1994-cü ildə vəfat edib.

ARİF HEYDƏROV

(1926-1978)

4. Sovet Azərbaycanının Daxili İşlər naziri, general-leytenant Arif Nəzər oğlu Heydərov 1926-cı ilin bu günü Ağdaş şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə neft trestində çilingər kimi başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib, Polşa və Almaniyada müttəfiq qoşunlarının heyətində xidmət keçib. 1949-cu ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR-in Daxili İşlər Naziri olub. Bir sıra orden və medallarla təltif olunub. Arif Heydərov 1978-ci il iyunun 29-da Şuşa həbsxanasının zabiti Ziya Muradov tərəfindən iş otağında qətlə yetirilib.

AĞAKİŞİ KAZIMOV

(1935)

5. Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, teatr rejissoru, professor Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədidə anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında Akademik Dram Teatrının yaradıcı qrupunun tərkibində iştirak edib. Quba Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında və Akademik Milli Dram Teatrında quruluşçu rejissor, baş rejissor və rejissor vəzifələrində çalışıb. Ağakişi Kazımov Prezident təqaüdçüsüdür.

TÜRKAN ŞORAY

(1945)

6. “Türk kinosunun Sultanı” kimi tanınan aktrisa, ssenarist və rejissor Türkan Şoray 1945-ci il iyunun 28-də İstanbulda doğulub. Fatih Qız Liseyində təhsil alıb. 52 illik kino karyerası ərzində 200-dən artıq filmə çəkilib. Bir neçə filmə quruluş verib. Antalya və Daşkənd kinofestivallarında “Ən yaxşı aktrisa” adına, rejissor kimi isə Moskva kinofestivalında “Böyük Priz” mükafatına layiq görülüb. Vətən qarşısında xidmətlərinə görə ona “Türkiyənin Dövlət Sənətçisi” fəxri adı verilib. Türkan Şoray ən çox baş rol ifa edən aktrisa kimi Ginnesin Rekordlar Kitabına düşüb. 2010-cu ildə UNESCO-nun sülhməramlı səfiri seçilib.

YELMAR MƏMMƏDOV

(1957-1995)

7. Azərbaycanın ilk rəsmi milyarderi Yelmar Məmmədov 1957-ci ilin bu günü Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Daşkənd Ali Milis Məktəbində, Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alıb. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində fəhlə, usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olub. 1988-ci ildə "Trud" kooperativini açıb, 1990-cı ildə isə "Mariya" Assosiasiyasını təsis edib. 1992-ci ildə Azərbaycana qayıdıb və Bakıda "Yelmar İnternational" kooperasiyasını yaradıb. Xeyriyyəçilik fəaliyyətinə görə "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Yelmar Məmmədov 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumata görə, onlar qazdan boğularaq ölüblər.

ƏNVƏR FƏRƏCOV

(1952-1991)

8. Azərbaycanın Milli Qəhrəmanı Ənvər Səyyad oğlu Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis kimi başlayıb. 1981-ci ildən həyatını daxili işlər orqanları ilə bağlayıb, 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-in sərəncamına göndərilib. 1991-ci ildə Goranboy rayonunun Todan milis (polis) bölməsinin rəisi təyin edilib. 1991-ci il sentyabrın 14-də ermənilərin böyük qüvvə ilə rayonun Erkəç, Mənəşli və Buzluq kəndlərinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Ənvər Fərəcov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ZAUR SARIYEV

(1974-1995)

9. Azərbaycanın Milli Qəhrəmanı Zaur Rəşid oğlu Sarıyev 1974-cü il iyunun 28-də Şəmkir rayonunda anadan olub. Burada orta təhsilini bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə çağırılıb. Füzuli, Ağdam, Kəlbəcər və Murovdağ cəbhələrində vuruşub. 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olub və Şəmkir rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Zaur Sarıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

RASİM İBRAHİMOV

(1962-1992)

10. Azərbaycanın Milli Qəhrəmanı Rasim Səxavət oğlu İbrahimovun anım günüdür. O, 18 aprel 1962-ci ildə Bakının Çilov adasında neftçi ailəsində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdıb. 1992-ci ildə Füzuli rayonunda könüllü özünümüdafiə taboru yaradıb. 1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda döyüşdə düşmənin mühasirəsinə düşüb və ermənilərə təslim olmamaq üçün özünü qumbara ilə partladıb. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

SABİR ƏHMƏDOV

(1954-1992)

11. Qarabağ müharibəsinin şəhidi, şair, müəllim və döyüşçü Sabir Ağaqardaş oğlu Əhmədov da bu gün xatırlanır. O, 1954-cü ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi, zavodda mülki müdafiə şöbəsində işləyib. Xocalı soyqırımından sonra - 1992-ci ilin mart ayında cəbhəyə yollanıb. Sabir Əhmədov 1992-ci il iyunun 28-də Füzuli rayonunun Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulduğu Əngəxaran kəndindəki tam orta məktəbə onun adı verilib və məktəbin həyətində büstü ucaldılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın