00:00 28 İyul 2020 347
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.07.2020

FƏRMAN SALMANOV

(1931-2007)

Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü, Lenin Mükafatı laureatı Fərman Qurban oğlu Salmanov 1931-ci il iyulun 28-də Şəmkirdə anadan olub. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, baş geoloq, neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1959-1962-ci illərdə Surqut Neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1969-70-ci illərdə Tümen Baş Geologiya İdarəsinin baş geoloqu, 1978-ci ildən rəisi olub. 1980-ci illərin sonu-1990-cı illərin əvvəlində SSRİ geologiya nazirinin birinci müavini işləyib. Onun rəhbərliyi altında Surqut, Salımsk, Pravdinsk, Mamontovsk, Somotlor, Urenqoy və Qərbi Sibirin başqa yerlərində 20 neft və qaz yatağı aşkar edilib. Neft və qaz geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin və fundamental əsərlərin müəllifidir. 26 iyul 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Fərman Salmanov 2007-ci il martın 31-də Moskvada vəfat edib və Vaqankov məzarlığında torpağa tapşırılıb. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına onun adı verilib. Azərbaycanın əməkdar artisti, xanəndə Mais Salmanovun qardaşıdır.

VASİF ADIGÖZƏLOV

(1935-2006)

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq, musiqi xadimi, professor Vasif Zülfüqar oğlu Adıgözəlov 28 iyul 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda müəllim və direktor, Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin məsul katibi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Bakı Musiqi Akademiyasında müəllim, dosent, professor və Xor dirijorluğu kafedrasının müdiri vəzifələrində işləyib. Ayrı-ayrı illərdə bəstələdiyi simfoniyaları və simfonik poemaları, fortepiano və skripka üçün konsertləri, oratoriyaları, operaları və musiqili komediyaları görkəmli sənətkara böyük şöhrət gətirib. Bir çox fəxri adlara, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülən Vasif Adıgözəlov 2006-cı il sentyabrın 15-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.

JAKLİN KENNEDİ

(1929-1994)

ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi Onassis (Buvye) 1929-cu il iyulun bu günü Nyu-Yorkda anadan olub. Burada Bassar kollecində, Corc Vaşinqton Universitetində və Fransanın Sorbonna Universitetində təhsil alıb. Əmək fəaliyyətinə “The Washington Times-Herald” gündəlik qəzetinin müxbiri kimi başlayıb, Nyu-Yorkda redaktor olaraq çalışıb. 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində Con Kennedi ilə evlənib, onun öldürülməsindən sonra isə 1968-ci ildə yunan gəmi maqnatı Aristotel Onassis ilə evlənib. Həyatı boyu beynəlxalq moda ikonası hesab olunan Jaklin Kennedi 1994-cü il mayın 19-da vəfat edib.

ROMAN YUSİFOV

(1973-1995)

Azərbaycanın Milli Qəhrəmanı Roman Yasəf oğlu Yusifov 1973-cü il iyulun 28-də Şabran rayonunda doğulub. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə Milli Orduya çağırılıb, bir müddət Naxçıvan şəhərində hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilib. Döyüşdə yaralandıqdan sonra bir illik zabitlər kursunda təhsil alıb. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alıb və yenidən hərbi hissəyə qayıdaraq taqım komandiri təyin edilib. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstəni zərərsizləşdirilərkən martın 17-də şəhid olub və Şabran rayonunun Qalagah kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Roman Yusifova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

ŞULAN BAYRAMOV

(1996-2016)

Şəhid Şulan Bayram oğlu Bayramov 28 iyul 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Burada 33 saylı tam orta məktəbini bitirib. 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olsa da, təhsilini donduraraq hərbi xidmətə gedib. Əsgər Şulan Bayramov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İOHANN SEBASTYAN BAX

(1685-1750)

Alman bəstəkarı, orqan musiqiçisi, çoxsəsli (polifonik) musiqinin banisi İohann Sebastyan Baxın anım günüdür. O, 1685-ci il martın 21-də Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olub. Atası İohann Ambrisius Bax Müqəddəs Georq kilsəsinin orqan ifaçısı olub. 1703-cü ildə nüfuzlu Müqəddəs Mixael məktəbini bitirib və Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyinat alıb. Bir müddət sonra Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı, saray orqançısı, konsert maestrosu, kapelmeyster, Leypsiqdə Müqəddəs Tomas məktəbi kontorunun, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifələrində çalışıb. Mindən artıq musiqi əsəri yaradıb və opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət edib. İohann Sebastyan Bax 1750-ci ildə göz əməliyyatı keçirib və iyulun 28-də əməliyyatın fəsadları nəticəsində vəfat edib.

MÜSLÜM MAQOMAYEV

(1885-1937)

Azərbaycanın xalq artisti, bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin xatirə günüdür. O, 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi ailəsində anadan olub. Qroznı şəhər məktəbini və Qori Müəllimlər Seminariyasını bitirib. Seminariyada Üzeyir Hacıbəyli ilə tanış olub və bu tanışlıq sonradan qohumluğa çevrilib. Onların hər ikisi Terequlova bacıları ilə evlənib. Bir müddət Şimali Qafqazda və Lənkəranda müəllimlik etdikdən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Bakıya gəlib, burada onun yaratdığı teatr truppasının rəhbəri olub. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edib. Onun ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. Bundan başqa, yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd” və digər mahnılar daxildir. Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb. Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci ilin iyulunda Nalçikdə vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.

QASIM QASIMZADƏ

(1923-1993)

Şair, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə də bu gün xatırlanır. O, 23 iyun 1923-cü ildə Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon Xalq Maarifi Şöbəsində metodist, müxtəlif qəzetlərdə və institutlarda şöbə müdiri, baş elmi işçi, redaktor vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və Dövlət Mükafatına layiq görülüb. Qasım Qasımzadə 1993-cü ilin iyulunda vəfat edib.

ƏLƏKBƏR MƏMMƏDOV

(1930-2014)

Əməkdar idman ustası, futbolçu və məşqçi, professor Ələkbər Əmir oğlu Məmmədovun anım günüdür. O, 1930-cu il mayın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakının "Neftçi”, Moskvanın "Dinamo” komandalarının tərkibində məşhur futbolçu kimi tanınıb, "Neftçi”nin baş məşqçisi olub. AFFA və Milli Olimpiya Komitəsi icraiyyə komitələrinin üzvü olub. Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlərinə görə bir çox mükafatlara, orden və medallara layiq görülüb. Ələkbər Məmmədov 2014-cü ilin iyulunda Bakıda vəfat edib.

TƏLƏT QASIMOV

(1933-2013)

Azərbaycanın xalq artisti Tələt Məmmədağa oğlu Qasımovun xatirə günüdür. O, 1933-cü il iyunun 21-də Bakıda anadan olub. Əvvəlcə dini musiqiyə meyl edib və mərsiyəxan olub, sonradan isə xanəndəlik sənətinə gəlib. "Azərkonsert" Birliyinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində keçirilən konsertlərdə təmsil edib. Onun ifasında “Rast”, “Şur”, “Zabul-Segah” muğam-dəstgahları, “Şüştər” təsnifi Azərbaycan Televiziyasının "Qızıl Fond"unda saxlanılır. Tələt Qasımov 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın