00:00 28 Avqust 2020 508
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.08.2020

İBRAHİM SƏFƏROV

(1913-1998)

Azərbaycanda meşəçilik elminin banilərindən biri, professor İbrahim Səfər oğlu Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Tiflis şəhərində meşəçilik və hüquqşünaslıq üzrə iki ali təhsil alıb. 1939-1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilib. 1942-1945-ci illərdə zabit rütbəsində İkinci Dünya müharibəsində iştirak edib. 1945-1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı nazirinin birinci müavini, 1952-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda sovxozlar naziri vəzifəsində çalışıb. 1953-1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik edib. 1961-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışıb. "Şöhrət" ordeni ilə təltif olunan İbrahim Səfərov 22 noyabr 1998-ci ildə dünyasını dəyişib.

ƏLİBALA HACIZADƏ

(1935-2009)

Görkəmli Azərbaycan yazıçısı, filologiya elmləri namizədi Əlibala Qüdrət oğlu Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Gəncliyin səsi" almanaxında dərc olunub. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Əfqanıstanda tərcüməçi kimi çalışdığı illərin məhsulu olan "İtkin gəlin", "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" romanlarından ibarət trilogiya ona böyük şöhrət qazandırıb. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. "Təyyarə kölgəsi", "Vəfalım mənim" və "Möcüzə" romanlarının müəllifidir. Ömrünün son illərini Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Əlibala Hacızadə 8 oktyabr 2009-cu ildə vəfat edib.

FATMA VƏKİLOVA

(1912-1987)

Geologiya-mineralogiya elmləri doktoru, professor Fatma İsmayıl ağa qızı Vəkilovanın anım günüdür. O, 1912-ci il martın 30-da Qazax qəzasının Yuxarı Salahlı dünyaya göz açıb. İlk təhsilini Dağ Kəsəmən məktəbində alıb, daha sonra Bakı Qızlar Seminariyasında və Azərbaycan Pedaqoji İnstitutunda oxuyub. Müxtəlif vaxtlarda Mərdəkanda orta məktəbdə və Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edib. 1943-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda çalışıb. geokimya və analitik kimya laboratoriyasının rəhbəri kimi geniş tədqiqat işləri aparıb. Elmi araşdırmalarının məhsulu olan "Kobaltın geokimyası" adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxıb. Bakı Sovetinin bir neçə çağırış deputatı olub. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilən Fatma Vəkilova 1987-ci il avqustun 28-də Bakıda vəfat edib. O, Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı, rejissor Yalçın Əfəndiyevin anası, riyaziyyatçı professor Şamil Vəkilovun bacısıdır.

RÜBABƏ MURADOVA

(1933-1983)

Azərbaycanın xalq artisti, müğənni Rübabə Xəlil qızı Muradovanın xatirə günüdür. O, 22 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sonra ailəsi ilə Şimali Azərbaycana köçüb. Bir müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Xalq artisti Ələsgər Ələkbərov təsadüfən onu görüb və Bakıya Filarmoniyaya dəvət edib. 1951-1955-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq kimi çalışıb, teatrın səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. Rübabə Muradova 28 avqust 1983-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

NAZİR ƏLİYEV

(1946-1997)

Azərbaycanın əməkdar artisti, psixoloji, dramatik və komediya rollarının mahir ifaçısı Nazir Kərim oğlu Əliyev də bu gün xatırlanır. O, 29 mart 1946-cı ildə dünyaya gəlib. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində professor Rza Təhmasibin kursuna daxil olub. 1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına, 1970-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. 1975-ci ilin mart ayında Lənkəran Dövlət Dram Teatrına dəvət olunub. Daha sonra Akademik Milli Dram Teatrında çalışıb. Teatrdan ayrılandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərində yaşayıb. Nazir Əliyev 1997-ci il avqustun 28-də Dubay şəhərində vəfat edib və doğulduğu Lənkəranda dəfn olunub.

CƏBRAYIL ƏSGƏROV

(1965-1992)

Şəhid Cəbrayıl Fəyaz oğlu Əsgərovun anım günüdür. O, 26 fevral 1965-ci ildə Bakının Bibiheybət qəsəbəsində anadan olub. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. 1985-ci ildə sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra Neft Daşlarında çalışıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulub və bir sıra döyüşlərin iştirakçısı olub. Cəbrayıl Əsgərov 1992-ci ilin avqustun 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Təhsil aldığı 50 saylı məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın