00:01 28 Dekabr 2020 65
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.12.2020

BƏHMƏN AXUNDOV

(1910-1984)

İlk azərbaycanlı iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar iqtisadçı Bəhmən Yusif oğlu Axundov 1910-cu il dekabrın 28-də İrəvan şə­hə­rin­də anadan ol­ub. Nax­çıvan Kənd Tə­sər­rüfatı Tex­ni­ku­munda və Daşkənd Orta Asiya Dövlət Plan İnsti­tutunda təhsil al­ıb. Azər­bay­can Dövlət Univer­sitetində müəl­­lim, Azər­bay­­can KP MK Partiya Ta­rixi İnstitutunda baş elmi işçi, Azər­baycan Dövlət Universitetində professor, Azər­baycan Xalq Təsərrüfatı İnstitutunda el­mi işlər üzrə pro­rek­tor, 1974-cü ildən öm­rü­nün so­nuna kimi Siyasi iq­ti­sad kafedrasının pro­fes­soru kimi fəa­liy­yət gös­tərib. Bir sıra mükafatlara layiq görülən Bəhmən Axun­dov 1984-cü il oktyabrın 2-də Bakıda və­fat edib.

FİRUDİN KÖÇƏRLİ

(1920-2004)

Fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olub. Azərbaycan Döv­lət Universitetində və M.V.Lo­mo­no­sov adına Moskva Dövlət Universitetində təhsil alıb. Azərbaycan Döv­­lət Univer­sitetinin Fəlsəfə kafedrasının do­senti, Azər­bay­can Elmlər Aka­de­mi­ya­sı Fəlsəfə sek­to­runun rəhbəri, Azərbay­can Milli Elmlər Aka­­de­mi­ya­sı Fəlsəfə və Hüquq İnstitutunun direktoru və­zifələrində işləyib. Uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olub. Bir sıra ki­­tab və monoqrafiyaları çap olunub, Mosk­­vada nəşr olunan təd­qi­qat­ları “SSRİ-də fəlsəfə ta­ri­xi” kitabına daxil edilib. Firudin Köçərli 2004-cü il iyunun 3-də Bakıda vəfat edib.

ZEYNƏB XANLAROVA

(1936)

SSRİ və Azərbaycanın xalq artisti, müğənni Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ilin bu günü Bakı şəhərində anadan olub. M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbində və A.Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alıb. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif, xalq mahnıları, bəstəkar mahnıları və Şərq xalqlarının mahnıları geniş yer tutur. Həmçinin bir sıra mahnıların da müəllifidir. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Dünyanın bir sıra ölkələrində konsert proqramları ilə çıxış edib. Dəfələrlə Azərbaycan parlamentinin deputatı seçilən Zeynəb Xanlarova “Şöhrət” və "Heydər Əliyev" ordenləri ilə təltif olunub.

ƏLİYAR SƏFƏRLİ

(1937-2017)

AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Əliyar Qurbanəli oğlu Səfərli 1937-ci il dekabrın 28-də Ordubad rayonunun Anabad kəndində anadan olub. Ordubad şəhər orta məktəbində və Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçisi olub. Uzun müddət Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub, 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı səfiri olub. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarıb, 30 kitabın müəllifidir. Əliyar Səfərli 4 yanvar 2017-ci ildə Bakıda dünyasını dəyişib.

ŞAHMAR ƏKBƏRZADƏ

(1941-2000)

Görkəmli Azərbaycan şairi, jurnalist Şahmar Əkbər oğlu Əkbərzadə 28 dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə oranı bitirib. Elə həmin il Azərbaycan Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olub. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. 1968-ci ildə Bakı şəhərinə köçüb və "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb, “Kommunist” qəzetində müxbir və şöbə müdiri olub. 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək bu qəzetin baş redaktoru olub. Şahmar Əkbərzadə 2000-ci il avqustun 30-da Bakıda dünyasını dəyişib.

ELXAN KƏRİMOV

(1948-2010)

Azərbaycan fotoqrafı Elxan Əziz oğlu Kərimov 1948-ci ilin bu günü Bakının Bülbülə kəndində dünyaya göz açıb. 208 saylı orta məktəbdə, Azərbaycan Pedaqoji Universitetində və Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. 1997-ci ildə Türk beynəlxalq iş adamları Dərnəyinin "Dialoq" aylıq jurnalında, 1998-ci ildən "Azadlıq" qəzetində və "Turan" İnformasiya Agentliyində fotomüxbir vəzifəsində çalışıb. Bir çox sertifikat və diplomlara, o cümlədən "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb. Elxan Kərimov 19 dekabr 2010-cu ildə Bakıda vəfat edib və anadan olduğu Bülbülə kəndində torpağa tapşırılıb.

SÜBHİ MÜRSƏLİYEV

(1979-2020)

Şəhid Sübhi Balamirzə oğlu Mürsəliyev 28 dekabr 1979-cu ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. 30 sentyabr 2001-ci ildə leytenant rütbəsi ilə Azərbaycan Ordusunda hərbi xidmətə başlayıb. 2016-cı ildə göstərdiyi igidliyə görə bir sıra orden və fəxri fərmanla təltif edilib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılan mayor Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan uğrunda gedən döyüşlərdə 28 əsgərinin həyatını xilas edib, özü isə şəhid olub və İsmayıllı rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

MİXAİL HƏMİDOV

(1983-2020)

Şəhid Mixail Hamlet oğlu Həmidov 1983-cü il dekabrın 28-də Şərqi Almaniyanın Berlin şəhərində hərbçi ailəsində anadan olub. Səbail rayonundakı 72 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət İqtisad Universitetində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Kəşfiyyatçı olaraq Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsində 6 il xidmət edib. 2011-ci ildə öz istəyi ilə Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra "AGBank" və "XalqBank"da çalışıb, "XalqBank"ın Mingəçevir filialının direktoru olub. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayarkən könüllü olaraq müharibəyə yollanıb. “Mixaylo” ləqəbli baş leytenant Mixail Həmidov oktyabrın 24-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

SERGEY YESENİN

(1895-1925)

XX əsrin əvvəllərində yazıb-yaratmış görkəmli rus şairi Sergey Aleksandroviç Yeseninin anım günüdür. O, 1895-ci il oktyabrın 3-də Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində dünyaya göz açıb. Yaradıcılığı Bakı ilə də sıx bağlı olub. 1924-1925-ci illərdə Bakıda olub, bir müddət Mərdəkanda yaşayıb, “İran nəğmələri” silsiləsinə daxil olan şeirlərinin əksəriyyətini burada yazıb. Bir çox əsərlərin müəllifidir, şeirləri dünyanın 160 dilinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib. Sergey Yesenin 1925-ci il dekabrın 28-də müəmmalı şəkildə vəfat edib. İntihar etdiyi, yoxsa qətlə yetirildiyi hələ də bəlli deyil.

İLYAS BABAYEV

(1935-2017)

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayevin xatirə günüdür. O, 1935-ci il martın 23-də Quba rayonunun Xanagah kən­dində anadan olub. Azər­baycan Dövlət Universitetinin Tarix fa­kül­təsində və Le­nin­qradda SSRİ EA Arxeologiya İnstitutunun Lenin­qrad böl­mə­sində təhsil alıb. AMEA-nın Arxe­olo­giya və Etnoqrafiya İns­ti­tu­tu­nda An­tik dövr arxeo­logiyası şöbəsinin mü­diri, Azərbaycanın müxtəlif ra­yonlarında tədqiqatlar aparan arxeoloji eks­pedisiyaların iştirakçısı, təşkilatçısı və rəh­bərlərindən olub. İki bey­nəl­xalq ar­xeolo­ji ekspedisiyaya rəh­bərlik edib. Ali Attestasiya Ko­mis­si­ya­sının Tarix üzrə Ekspert Şura­sının üzvü, 2011-2012-ci illərdə həmin şuranın sədri olub. Elmi tədqiqatlarla yanaşı, 36 il respublikanın universitet­lərində müx­tə­lif tarixi fənlər üzrə mühazirələr oxuyub. 260-dan çox elmi əsərin, o cüm­lədən bir çox monoqrafiya və dərsliklərin müəllifidir. İlyas Babayev 28 dekabr 2017-ci ildə Bakıda vəfat edib.

YAŞAR RƏHİMOV

(1947-1991)

Şəhid Yaşar Ağalar oğlu Rəhimov da bu gün xatırlanır. O, 12 yanvar 1947-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. Gəncədə texniki peşə məktəbini bitirdikdən sonra burada Enerji təchizat şöbəsində işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar 1 dekabr 1991-ci ildə Goranboy könüllülər batalyonuna yazılıb və rayon ətrafında gedən döyüşlərdə iştirak edib. Yaşar Rəhimov 28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və yaşadığı Dəliməmmədli şəhərində dəfn edilib.

BƏXTİYAR MƏMMƏDOV

(1962-1993)

Şəhid Bəxtiyar Məmmədovun anım günüdür. O, 1962-ci il fevralın 12-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Ağdam kənd təsərrüfatı texnikumunda təhsil alıb. Sovet ordusunda hərbi xidmətini Arxangelsk vilayətində başa vurub, daha sonra kolxozda işləyib. 1993-cü il iyunun 30-da milli orduya çağırılıb, Mərzili, Novruzlu və Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edib. Bəxtiyar Novruzov 1993-cü il dekabrın 28-də Mərzili və Novruzlu kəndləri arasında baş verən döyüşdə şəhid olub. Onun və həlak olan daha altı döyüşçünün nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın