00:01 30 Dekabr 2020 74
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü 30 12 2020

GƏNCƏ ŞƏHƏRİNİN ADI BƏRPA OLUNUB

(1989)

30 dekabr 1989-cu ildə Gəncə şəhərinin tarixi adı yenidən bərpa olunub. Çar Rusiyası zamanı Azərbaycanın bu qədim şəhəri Yelizavetpol, sovet dövründə isə Kirovabad adlandırılıb. Kiçik Qafqazın şimal-şərqində yerləşən Gəncə əhalinin sayına görə hazırda Bakıdan sonra Azərbaycanın ikinci ən böyük yaşayış məskənidir.

SSRİ-NİN YARADILMASI

(1922)

1922-ci ilin bu günü Vladimir İliç Leninin təşəbbüsü ilə Sovet Sosialist Respublikaları İttifaqı təşkil edilib. İttifaqın yaradılması haqqında saziş Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna Sovet Sosialist Respublikası, Belarus Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanıb. 1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş Rusiya, Ukrayna və Belarus tərəfindən imzalanmış Belovejsk sazişi ilə SSRİ-nin mövcudluğuna son qoyulub. 1991-ci il dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaşov istefa verib. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirilib və beləliklə, 69 il mövcud olmuş SSRİ rəsmən dağılıb.

REDYARD KİPLİNQ

(1865-1936)

Məşhur ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinq 30 dekabr 1865-ci ildə anadan olub. 1882-1889-cu illərdə Hindistanda yaşayıb, orada “Departament nəğmələri”, “Dağların sadə hekayələri” şeir və novella kitablarını nəşr etdirib. Kiplinqə dünya şöhrəti qazandıran “Mauqli” hekayələr toplusu olub. Redyard Kiplinq 1936-cı il yanvarın 18-də London şəhərində vəfat edib.

ƏBÜLFƏT ƏLİYEV

(1926-1990)

Tanınmış müğənni, xalq artisti Əbülfət Əliyev 1926-cı il dekabrın 30-da Şuşada dünyaya gəlib. 1943-cü ildən Ağdam rayon Mədəniyyət Evində ifaçılığa başlayıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. «Leyli və Məcnun» operasında Məcnun obrazının ən mahir ifaçılarından olub. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərib. Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə Bakıda dünyasını dəyişib.

RAUF BABAYEV

(1937-2020)

Azərbaycanın xalq artisti Rauf Yusif oğlu Babayev 30 dekabr 1937-ci ildə Qərbi Azərbaycanda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb. 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlayıb. 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968-1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972-1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987-2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub. 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib. Rauf Babayev 27 mart 2020-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

YUSİF SƏFƏROV

(1915-1963)

Adını Azərbaycan neft tarixinə qızıl hərflərlə həkk etmiş mühəndis, istehsalat təşkilatçısı, ixtiraçı, qazma texnologiyasının banilərindən biri Yusif Əliqulu oğlu Səfərovun anım günüdür. O, 15 oktyabr 1907-ci ildə Şamaxıda anadan olub. 1926-cı ildə orta məktəbi, 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirərək dağ mühəndisi diplomunu alıb. Onun qazmada ixtira etdiyi yeni üsullar müxtəlif illərdə həyata keçirilərək respublikanın neft sənayesini xeyli zənginləşdirib. Özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvü surətdə birləşdirməyi bacarıb. «Dənizdə dərin qazma» mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi alıb, Azərbaycan Sənaye İnstitutunda qazma kafedrasında dosent işləyib. Bir neçə əsərin müəllifidir. SSRİ Dövlət Mükafatına və Azərbaycanın əməkdar mühəndisi adına layiq görülüb. Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Sovetinin deputatı seçilib, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, “Qafqazın müdafiəsi üçün” və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalları ilə təltif edilib. Yusif Səfərov 30 dekabr 1963-cü ildə Bakıda vəfat edib.

RƏŞİD ƏFƏNDİYEV

(1941-1993)

Azərbaycan bəstəkarı Rəşid Nəsib oğlu Əfəndiyev də bu gün xatırlanır. O, 1941-ci il mayın 22-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. 1981-ci ildə onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Qısa müddətdə populyarlıq qazanan "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanıb. Bəstəkar müxtəlif janrlarda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifi olsa da, ona daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub. Rəşid Nəbioğlu 30 dekabr 1993-cü ildə Bakı şəhərində dünyasını dəyişib.

SƏDDAM HÜSEYN

(1937-2006)

İraq diktatoru Səddam Hüseyn 2006-cı ilin bu günü Bağdadda edam edilib. O, 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində doğulub. Bağdad Universitetinin hüquq fakültəsində təhsil alıb. 1957-ci ildə BƏƏS partiyasına üzv olub. 1959-cu ildə İraqın Baş Naziri Əbdülkərim Qasıma sui-qəsddə iştirak edib və yaralanıb. 1968-ci ildən BƏƏS partiyasının liderlərindən birinə çevrilib və İraqın vitse-prezidenti təyin olunub. 1979-cu ildən İraq prezidenti olan Səddam Hüseyn 8 illik İran-İraq müharibəsinin əsas baiskarı sayılır. İraq şiələrinə və kürdlərinə qarşı sərt repressiyalar həyata keçirib. 2003-cü ildə ABŞ-ın hərbi müdaxilə ilə devrilən Səddam bir neçə ay gizlənsə də, həmin ilin dekabr ayında həbs edilib və 3 il istintaq altında saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə asılıb. Öz vəsiyyətinə əsasən, Tikritdəki ailə məzarlığında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın