00:01 31 Dekabr 2020 52
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 31.12.2020

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

(1989)

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. Bununla da 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinə başlanılıb. Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub. O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı.
Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

YUSİF MƏMMƏDƏLİYEV

(1905-1961)

Dünya şöhrətli Azərbaycan alimi, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində doğulub. Azərbaycan Ali Pedaqoji İnstitutunda və Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Gəncədə pedaqoji texnikumda və İrəvan Pedaqoji İnstitutunda kimya müəllimi, Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb, Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilib. İkinci Dünya Müharibəsi illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub. 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. “Lenin”, "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilən Yusif Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

RAUF KAZIMOVSKİ

(1928-1976)

Azərbaycanın ilk radio və televiziya rejissoru Rauf Mirmahmud oğlu Kazımovski 31 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il Dövlət Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 1960-cı illərdə Televiziya Teatrı Məktəbini yaradıb, yüzlərlə tamaşaya televiziya ekranında həyat verib. O, həm də bədii televiziya filmlərinin yaradıcısıdır. Musiqili Komediya Teatrında «Tbilisi nəğməsi», «Hacı Kərimin aya səyahəti» tamaşalarına da quruluş verib. Rauf Kazımovski 1976-cı il martın 2-də dünyasını dəyişib.

ELDAR SALAYEV

(1933)

Fizika-riyaziyyat elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, akademik Eldar Yunis oğlu Salayev 1933-cü il dekabrın bu günü Naxçıvan şəhərində dünyaya gəlib. 1970-1973-cü illərdə Azərbaycan EA-nın Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti olub.

ZEYNAL CABBARZADƏ

(1920-1977)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair-publisist Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra əvvəlcə fəhlə fakültəsində, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsilini davam etdirib. "Balıq cəbhəsi" və "Qırmızı kürçaylı" qəzetlərində işləyib. 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olub. İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınıb, 1941-1942-ci illərdə piyada məktəbində kursant olub, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirib. Naursk rayonunda hərbi əməliyyatda ağır yaralanaraq, eşitmə və görmə qabiliyyətini itirib. 1943-cü ildə hərbi xəstəxanadan baş leytenant rütbəsində tərxis olunub. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında Natəvan klubunun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində çalışıb. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olub. Zeynal Cabbarzadə 1977-ci il yanvarın 20-də Bakıda vəfat edib.

YALÇIN RAZAZADƏ

(1946)

Azərbaycanın xalq artisti, müğənni Yalçın Rzazadə 1946-cı ilin bu günü Lənkəran rayonunda ziyalı ailəsində anadan olub. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 1960-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var.

BƏHMƏN VƏTƏNOĞLU

(1932-2004)

Bu gün həm də el şairi Bəhmən Vətənoğlunun doğum günüdür. O, 1932-ci ildə Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlib. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışıb, kənd kitabxanasında müdir olub. Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilib, Seyidlər kənd orta məktəbində direktor olub. Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb və orada məskunlaşıb. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə rayon qəzetində dərc olunub. 1998-ci ildən AYB-nin üzvü olub. "Haqqa qardaş yaranmışam", "Allahsız dünya", "Vətən bizi bağışlamaz", "Qaldı ürəyimdə dağı dağların" şeir topluları nəşr olunub. Bəhmən Vətənoğlu 2004-cü il sentyabrın 30-da dünyasını dəyişib.

MÖHSÜN YAZIÇIOĞLU

(1954-2009)

Türkiyənin məşhur siyasətçilərindən biri Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alıb. 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olub. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977-1978-ci illərdə Ülkü Ocaqlarının başqan müavini və başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi MHP lideri Alparslan Türkeşin müşaviri olub. Ülkücü hərəkatda önəmli bir yeri olan və Susurluq qəzasında həlak olan Abdullah Çatlının köməkçisi olub. 1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra 7 il yarım müddətinə həbs olunub. Həbsxanadan çıxdıqdan sonra 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına qoşularaq, siyasi fəaliyyətini bərpa edib. 1991-ci ildə Sivasdan millət vəkili seçilib. 1992-ci ildə isə partiya lideri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı Möhsün Yazıçıoğlunun MÇP-dən istefa verməsi ilə nəticələnib. O, milliyyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə 1993-cü ildə Böyük Birlik Partiyasını təsis edib və partiyanın ilk qurultayında sədr seçilib. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkiləri boykot etdiyinə görə Möhsün Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılıb və yenidən millət vəkili seçilib. 2007-ci ildə partiyanın sıralarına qayıdıb və 3-cü növbədənkənar qurultayda sədr seçilib. Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə vertolyot qəzasında həlak olub.

CƏFƏR CABBARLI

(1899-1934)

31 dekabr Azərbaycanın görkəmli dramaturqu Cəfər Qafar oğlu Cabbarlının anım günüdür. O. 1899-cu il martın 20-də Xızıda yoxsul kəndli ailəsində dünyaya göz açıb. 3 yaşı olanda atası vəfat edib, evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. İlk müəllimləri arasında Süleyman Sani Axundov və Abdulla Şaiq də olub. Ədəbi yaradıcılığa çox tez başlayıb. İlk şeri 16 yaşında ikən dərc olunub. Müxtəlif jurnallarda müntəzəm çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin stenoqrafı olub. 1922-ci ildə əmisi qızı Sona xanımla ailə quran Cəfərin bu evlilikdən Aydın və Gülarə adlı iki övladı dünyaya gəlib. Onun «Solğun çiçəklər», «Aydın», «Oqtay Eloğlu», «Sevil», «Almaz», «1905-ci ildə», «Dönüş», «Yaşar» pyeslərinin tamaşaları 1920-ci illərdən etibarən bir çox aktyor nəslinin yetişməsində misilsiz rol oynayıb. Görkəmli ədib Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə həm də ustad şair və nasir, tərcüməçi, teatr və kino rejissoru, aktyor kimi daxil olub. Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə ürək xəstəliyindən dünyasını dəyişib. 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilən vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn olunub.

ZVİAD QAMSAXURDİYA

(1939-1993)

Gürcüstanın birinci prezidenti, yazıçı, alim, dissident, filologiya elmləri doktoru Zviad Konstantinoviç Qamsaxurdiyanın xatirə günüdür. O, 31 mart 1939-cu ildə dünyaya göz açıb. Atası Konstantin Qamsaxurdiya yazıçı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Şota Rustaveli adına Dövlət Mükafatı laureatı olub. Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Tbilisi Dövlət Universitetinin "İngilis və alman dilçiliyi" fakültəsində təhsil alıb. Uşaqlıqdan antikommunist ruhunda böyüdülən Zviad Gürcüstanda sovet rejiminin ən fəal tənqidçilərindən biri olub. 1970-ci illərdə Gürcüstan Helsinki Komitəsini yaradıb və kommunist rejimini qeyri-leqal buraxdığı "Sakartvelos moambe" ("Gürcü mesajı") dərgisində tənqid edib. 1980-ci illərin sonunda "İlya Çavçavadze Cəmiyyəti"ni quraraq, Gürcüstanın azadlığı uğrunda mübarizə aparıb. 1989-1990-cı illərdə "Gürcüstanın ruhi missiyası" adlı kitabını yazıb və bu kitabla müasir gürcü millətçiliyinin ideoloji təməlini qoyub. Onun liderlərindən biri olduğu gürcü millətçilərinin siyasi bloku 1990-cı ildə Gürcüstan parlamentinə seçkilərdə qalib gəlib və o, Gürcüstanın birinci prezidenti olub. 1992-ci ildə Tiflisdə baş verən qanlı toqquşmalar Qamsaxurdiya hökumətinin devrilməsinə səbəb olub. 31 dekabr 1993-cü ildə müəmmalı şəraitdə ölən Zviad Qamsaxurdiyanın cənazəsi Çeçenistana aparılıb və Qroznı şəhərində dəfn olunub, 2007-ci ildə isə onun cənazəsi Tiflisə gətirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın