17:13 22 Oktyabr 2013 5034
Ana səhifə Kimsən sən?

Nisə Qasımova: “Oğlum Fətullanı dünyaya gəldiyi 8-ci gün övladlığa götürmüşəm”

Nisə Qasımova: “Oğlum Fətullanı dünyaya gəldiyi 8-ci gün övladlığa götürmüşəm”

“Müğənni olmağım rəhmətlik atamın arzusu idi. Elə nənəm də bu istəkdə olub. Baxmayaraq ki, biz dağlı ailəsi olmuşuq. Ancaq atamla nənəmin istəyi, sevgisi məni bu yerə qədər gətirdi”. Bu sözləri xalq artisti Nisə Qasımova APA TV-nin efirində yayımlanan “Kimsən sən?” verilişində dilə gətirib.

İfaçı oğlu ilə söhbət zamanı uşaqlıq illərini belə xatırlayıb: “Mənim uşaqlığım istədiyim kimi keçməyib. Ağır, maraqsız və rəngsiz uşaqlıq yaşamışam. O dövrlərdən elə bir xatirə yoxdur ki, yadıma salım və sevinim. Mən ən gözəl xatirələri indi yaşayıram. Ən gözəl və maraqlı günüm bu gündür. Kitaba yazılacaq anlarımı indi yaşayıram”.

Bəs Allaha itaət edib, namaz qılan Nisə Qasımova bu aləminə müğənnilik fəaliyyətini necə sığdırır? “Hər bir insan öz üzərində sağlam missiya daşımağı bacarmalıdır. İndi mən bir misal çəkəcəyəm. Çöldə fəhləlik edib, çirkabda işləyən və eyni zamanda namaz qılan adamlar var. Onlar evə gələndə namazdan öncə mütləq dəstəmaz alıb, pak olurlar. Mən sənətim ərzində mövzusundan asılı olmayaq nə oxumuşamsa, nümunə üçün etmişəm. Mən şou-biznesdə oxumaq xətrinə etməmişəm. Mən heç qazanc naminə də oxumamışam. Allahım bu dediklərimə şahiddir. Bəlkə də heç bir tamaşaçının xəbəri yoxdur ki, mən mikrofonu əlimə alıb, mahnını ifa etməzdən öncə qəlbimdən hansı hisslər keçir. Mənim əzəldən bir niyyətim olub. İfamda heç bir dinləyici şəhvət hiss etməsin. Sağlamlıq, qürur, qeyrət, əqidə kimi amillər sezsin. Allah hər an mənə xatırladır ki, nə iş görürsən gör, mərifətində və qabiliyyətində ol. Sənətdə müxtəlif insanlar var. Abrını aşmış, özünü itirmiş, yolunu azmış. Mən də oxuyuram. Ancaq mən yolumu azmadım, özümü itirmədim və abrımı aşmadım”.

İfasında sonsuz sevgi aşılayan xalq artisti məhəbbət mahnılarını kim üçün bu cür ürəkdən oxuduğunu da dilə gətirib: “Xalqdan nə gizlim olacaq ki. Mən sevmişəm və bu hissin nə olduğunu bilirəm. Ailə həyatı qurmasam da, buna pərişan deyiləm. İstəyirəm bunu hamı bilsin, əgər mən bu sevmirəmsə, ona da çox şadam. İndi mənim qəlbimdə elə bir sevgi var ki, onu heç kim və heç nə əvəz edə bilməz. Bu gündən sonra yanımda lap dərdindən öldüyüm bir həyat yoldaşı da olsa, o yenə də mənə heç nə verməyəcək. Mənim ən böyük sevgim ailəm və əzizlərimdir. Onlardan daha önəmli heç nə tapmadım həyatda”.

Qeyd edək ki, Nisə Qasımova ilə veriliş ərzində söhbət edən oğlu Fətullanı bir zamanlar himayəsinə götürərək böyüdüb: “Hər kəs bilirdi ki, mən ailə quran deyiləm. Və Fətulla dünyaya gəldiyi 8-ci gündən mənim yanımdadır. Yeganə xanım Fətullanı mənə lütf elədi. Buna çox şükürlüyəm. Ondan çox razıyam”.

Müəllif | Apa.Tv

Kodu kopyalayın