18:00 10 May 2017 4806
Ana səhifə Ömür yoldaşı

Firdovsi Umudov: “Qayınanama demişdilər ki, Firdovsi adam döyəndir…”

“Mən uşaq vaxtı davakar olmuşam… Qayınanama demişdilər ki, Firdovsi adam döyəndir. Onunla özüm görüşdüm. Dedim, tanımaq istəyirsinizsə, mən buyam”.

APA TV-nin “Ömür yoldaşı” proqramının qonağı - Beynəlxalq dərəcəli idman ustası, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, “Şöhrət” ordenli, Dövlət Sərhəd Qoşunlarının polkovnik-leytenantı Firdovsi Umudov bəyəndiyi qıza elçi düşəndə ağılagəlməz manelərlə qarşılaşdığını bildirib: “Qız evinə yalandan demişdilər ki, guya, mən evil olmuşam, hətta uşaqlarım da var”.

Ömür yoldaşı-pediatr Nazlı Vəliyeva Firdovsi Umudovu tanıdığı vaxtlar onun çox zəhmli görünməsindən ehtiyatlandığını söyləyib, zaman keçdikcə isə qənaətinin tam əksini müşahidə edib:

“İndi çoxlarına qəribə görünə bilər. Amma o, anama yaxınlaşmamış mənə yaxınlaşmadı. Dediyindən dönməməsi xoşuma gəldi”.

Firdovsi Umudov da qərarında israrlı olduğunu qeyd edib: “Elə bilirdi ki, ən kobud adam mənəm. Axtardığım hər şeyi sevdiyim xanımın simasında tapmışdım. Ömründə simfoniyaya qulaq asmamışdım. Nazlı xanımın sayəsində belə konsertlərə də gedirdim. Onun təbiətə vurğunluğu, mənəvi zənginliyi məni cəlb edirdi”.

Ailə qurandan sonra bir-birinə dəyər verən tərəflər qarşıya çıxan çətinliklərin öhdəsindən anlayışla gəliblər.

“Firdovsi müəllim milli mətbəximizin bütün nümunələrini sevir. Gərək süfrədə 2-3 cür yemək olsun”- deyən Nazlı xanım evlərində ancaq oxumaqla məşğul olduğunu, evdarlıq dərslərini “hər barmağında bir mərifət olan” qayınanası Başxanım anadan öyrəndiyini qeyd edib.

Yarışlarda, məşqlərdə qaynar idman həyatı yaşayan, sevdiyi xanımla xoşbəxt olduğunu etiraf edən Firdovsi Umudov harada olursa-olsun ailəsindən güc aldığını söyləyib: “Ailəmlə danışanda rahat oluram” - deyib.

Firdovsi Umudov uşaqların təhsili və tərbiyəsi ilə bağlı xanımının üzərinə daha çox ağırlıq düşdüyünü, onun daha tələbkar olduğunu bildirib. “Hətta bəzən uşaqlar mənə analarından şikayət də edirlər”- deyib.

Nazlı xanım deyir ki, Firdovsi müəllim övladları ilə mülayim davranır, ailəsinə də çox bağlıdır: “Qanı qara olanda onu dindirib-söylətmirik, bilirik ki, çox böyük yük, məsuliyyət var çiyinlərində. Biz də çalışırıq onu qoruyaq ki, hər zaman öndə olsun”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın