07:20 19 Yanvar 2016 10505
Ana səhifə Öncə Sağlıq

“Onurğa əyriliyi ürəkdə, ağciyərdə təhlükə yarada, iflicə də səbəb ola bilər”

“Problem gec aşkarlandıqda həyati təhlükələr ortaya çıxır”

“Onurğa əyriliklərinin dərəcəsi çox böyük olanda problemi aradan qaldırmaq mümkün olmur”

“Anadangəlmə skoliozların bir qismi müalicə ilə aradan qalxır”

“Elə onurğa əyrilikləri var ki, uşaqlar 7-8 yaşda olanda, yeniyetməlik dövründə inkişaf etməyə başlayır”

“Hər zaman uşaqlarda çiyinlərin, kürək sümüklərinin paralelliyinə diqqət yetirmək lazımdır”

“On dərəcəyədək olan əyriliklər normal hal sayılır”

“Skoliozlara ən çox orqanizmin sürətlə inkişaf etdiyi 12-20 yaşlarda rast gəlinir”

“Əyriliklər 20-40 dərəcə olanda korset müalicəsi təyin olunmalıdır”

“Korsetlər fərdi şəkildə, əyriliyin dərəcəsi nəzərə alınmaqla hazırlanmalıdır”

“Onurğa sütunu problemləri içərisində ən çox rast gəlinən hal skoliozlardır. Onurğanın ön tərəfdən baxanda sağa və yaxud sola əyilməsi skolioz, yandan baxanda önə doğru əyilməsi kifoz xəstəliyidir. Bu problemlər anadangəlmə də ola bilər, sonradan da ortaya çıxa bilər. Əzələ, sinir sistemi xəstəlikləri nəticəsində də bu problemlər inkişaf edir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Klinik Xəstəxananın Ortopediya, Travmatologiya, Fizioterapiya və İdman Həkimliyi Mərkəzinin müdiri Elviz Qasımov deyib.

Mütəxəssis bildirib ki, anadangəlmə skoliozlar uşaqlar doğulandan bir qədər sonra ilkin əlamətlərlə özünü büruzə verir. Həkim bildirib ki, anadangəlmə skoliozların bir qismi konservativ müalicələrə tabe olan və bununla aradan qalxanlardır. Amma bir sıra hallarda problemi əməliyyatla aradan qaldırmaq mümkün olur. Bu zaman yaxşı nəticələr əldə olunur, problem demək olar ki, aradan qalxır. Bundan sonra uşaqların normal böyüməsi davam edir.

E. Qasımovun sözlərinə görə, əyriliklər növlərinə uyğun olaraq müxtəlif yaş qruplarında görünür: “Elə əyriliklər var ki, uşaqlar 7-8 yaşda olanda, yeniyetməlik dövründə inkişaf etməyə başlayır. Valideynlər də, müəllimlər də uşaqlara qarşı diqqətli olmalıdırlar. Uşaqlarda skoliozun olub-olmadığını asanlıqla ayırd etmək olur. Bu zaman çiyinlərin, kürək sümüklərinin paralelliyinə diqqət yetirmək lazımdır.

Uşaq ayaq üstə dizləri bükmədən qabağa əyiləndə iki qabırğa səviyyəsi də eyni olmalıdır. Səviyyə eyni deyilsə, bir tərəf aşağıda, digər tərəf yuxarıdadırsa o zaman skoliozdan şübhələnmək gərəkdir. Dik duranda bunu bilmək çətindir, sadəcə, qabağa azacıq əyildikdə problem sezilir.

Bəzən əyriliklər inkişaf edəndən, bir çox mərhələləri keçəndən sonra həkimə müraciət olunur, o zaman artıq problemin əməliyyatla aradan qaldırılması lazım gəlir.Ona görə də çox diqqətli olmaq lazımdır”.

Mütəxəssis bildirib ki, anadangəlmə skoliozlar adətən uşaqlarda bir-iki yaşdan sonra özünü büruzə verir. Bəzən hətta iki yaşdan sonra çox ciddi əyriliklərin əməliyyat olunması zərurəti yaranır”.

Anadangəlmə skoliozların yaranmasında irsi faktorun, hamiləlik dövründə spirtli içki, siqaret, müxtəlif dərmanların qəbulunun da rolunun olduğunu deyən mütəxəssis qeyd edib ki, bu problem daha çox fol turşusu çatışmazlığında yarana bilər.

Onun sözlərinə görə, uşaqlarda raxit xəstəliyindən sonra skolioz inkişaf edir.

Mütəxəssis deyib ki, onurğa sütunu problemləri arasında skoliozlardan sonra kifiozlar geniş yayılıb: “Xüsusilə həddi-buluğa çatanlarda daha çox rast gəlinən bir kifoz forması var. Onlar gecələr ağrı ilə özünü göstərir. Bir növ revmatoid problem, yəni iltihabi durum olduğu üçün ağrılar gecələr artır. Ağrılar kürək sümüklərinin arasında yayılır. Bu problemin əsas əlaməti önə əyilmə - qozbellik və ağrıdır. Ağrılar xroniki olur, aylarla, hətta illərlə davam edir. Bu problemi köklü şəkildə ancaq əməliyyatla aradan qaldırmaq mümkündür”.

E. Qasımov onu da bildirib ki, ən çox rast gəlinən səbəbi bilinməyən skoliozlardır. Bu problem ona görə səbəbi bilinməyən adlandırılır ki, aparılan bütün müayinələr, analizlərin nəticələri normal olur, amma skolioz problemi inkişaf edir.Burada genetik faktora bağlılıq olsa da, problem səbəbi bilinməyən adlandırılır.

Mütəxəssis deyib ki, bu tip skoliozlar daha sürətli inkişaf gedişinə malik olur.

O, skoliozlara ən çox orqanizmin sürətlə inkişaf etdiyi 12-20 yaş dövründə rast gəlindiyini vurğulayıb: “Çünki bu dövr sürətli böyümə dövrüdür. Çox kiçik əyriliklər bir neçə ay ərzində sürətlə inkişaf edə bilər. Məsələn, 20-30 dərəcəlik bir əyrilik bir qədər sonra 140 dərəcəlik ola bilər.

Onu da deyim ki, əyriliyin dərəcəsini ölçmək üçün sadəcə, ayaq üstdə durmuş halda Rentgen müayinəsi aparılır. Onurğa boyundan çanağa qədər çəkilir və bununla dərəcə təyin olunur. On dərəcəyədək olan əyrilik normal hal sayılır. Əyrilik 10-20 dərəcə arasında olanda bu, müşahidə olunmalı hal sayılır. Belə xəstələr 3-6 aydan bir kontrol olunmalıdırlar. Əyriliklər 20-40 dərəcə olanda korset müalicəsi təyin olunmalıdır”.

Mütəxəssis onu da deyib ki, bu zaman mağazalarda, apteklərdə satılan korsetlərin istifadəsi nəzərdə tutulmur və korsetlərdən necə gəldi, özfəaliyyət şəklində istifadə olunnmamalıdır: “Yəni korsetlər xüsusi bədən ölçüləri əsasında, hər kəs üçün fərdi şəkildə hazırlanmalıdır. Eyni zamanda hər 6 aydan bir korsetlərə baxılmalıdır. Uşaq böyüdükcə korset dəyişdirilə bilər. Ona görə də mağazadan, aptekdən korset almaq düzgün deyil. Korseti mütəxəssis təyin etməli, o xüsusi olaraq əyrilik dərəcəsi nəzərə alınmaqla hazırlanmalı və mütəmadi olaraq həkim nəzarəti altında olmalıdır.Problemin gedişatına müvafiq olaraq korsetlər dəyişdirilə də bilər.

Bəzən korset taxılmasına baxmayaraq əyrilik arta da bilər. Valideynlər bunu da nəzərə almalıdırlar. Korset əyriliyi düzəldə bilməyəndə əməliyyat tətbiq olunmalıdır”.

Ortoped deyib ki, korset taxmaq nəticəsində əyrilik aradan qalxandan sonra onun tətbiqi dayandırılır.

Korsetlərdən günün hansı hissəsində istifadə olunmasına gəlincə, həkim bildirib ki,

ümumilikdə gün ərzində korset 12-14 saat ərzində əyində olmalıdır. Uşaq gün ərzində korset taxırsa o zaman yatan müddətdə çıxarmaq lazımdır. Yox, əgər gündüzlər taxmırsa, o zaman gecələr geyinməlidir.

İdman edən zaman korsetlər çıxarılmalıdır. Bu zaman korsetlər əzələ zəifliyi yarada bilər. İdman isə əzələni gücləndirmək məqsədi daşıyır”.

E. Qasımovun sözlərinə görə, yeniyetmələrdə 40 dərəcədən artıq skoliozlar əməliyyatla müalicə olunur. Bu problem zamanı əməliyyatın gecikməsi onurğa beyninin dartılmasına və iflicə də səbəb ola bilər. Mütəxəssis onu da deyib ki, skolioz zamani döş qəfəsi əyildikcə ürəkdə, ağciyərlərdə ciddi təhlükə yarana bilər.

Ortoped daha sonra qeyd edib ki, problem vaxtında aşkarlandıqda və uğurlu əməliyyatdan sonra xəstələr normal həyata dönürlər: “Əyriliklərin dərəcəsi çox böyük olanda problemi aradan qaldırmaq demək olar mümkün olmur. Bu problem gec aşkarlandıqda insan üçün həyati təhlükələr ortaya çıxır”.

Mütəxəssis bildirib ki, onurğa əyrilikləri olan şəxslərin yataqları nə çox yumşaq, nə də çox sərt olmalıdır: “Onlar üçün yarı ortopedik yataqlar seçilməlidir. Vaxtilə hətta bu problemi olanlar üçün gips yataqlar hazırlanırdı. Bu, yolverilməzdir”.

E. Qasımov onurğa əyrilikləri olanlar üçün masajın heç bir faydasının olmadığını deyib. Eyni zamanda vurğulayıb ki, ara həkimləri tərəfindən onurğa dartmalarının icra edilməsi çox təhlükəli haldır, bu, çox ciddi onurğa problemləri yarada bilər. O, onurğa əyrilikləri zamani üzgüçülük, gimnastika və rəqsin çox böyük faydasının olduğunu açıqlayıb.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın