14:04 18 Mart 2014 23228
Ana səhifə Öncə Sağlıq

Boğaz xəstəliklərinin müalicəsində ənənəvi və müasir yanaşmalar - ƏZİZAĞA TALIŞİNSKİ

Əzizağa Talışinski: “Müntəzəm boğaz ağrıları daha çox faringitlə bağlı olur”

“Xroniki tonzilit daxili orqanlara fəsad veribsə, konservativ müalicə olunmadan əməliyyat edilməlidir”

“Vaxtilə udlaq xəstəlikləri yayılmasına görə otorinolarinqoloji xəstəliklər içərisində birinci yerdə dururdu. Bu, təxminən 25-30 faiz təşkil edirdi. Amma indi otorinolarinqoloji xəstəliklər arasında yayılmasına görə birinci yerdə burun və burunətrafı ciblərin xəstəlikləri, ikinci yerdə isə udlaq xəstəlikləri gəlir. Udlaq xəstəlikləri deyəndə əhali birinci növbədə badamcıqların xəstəliyi olan anginalar, faringitlər nəzərdə tutulur. Digər udlaq xəstəlikləri isə nisbətən az yayılıb. Onkoloji xəstəliklər içərisində də bu tip xəstəliklər azlıq təşkil edir”.

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Azərbaycan Tibb Universitetinin Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Əzizağa Talışinski deyib.

Anginanın badamcıqların iltihabı ilə gedən ümumi infeksion xəstəlik olduğunu deyən mütəxəssis xəstəlik üçün xarakterik əlamətin udlaqda ağrı, hərarətin yüksəlməsi, ümumi zəiflik, əzginlik, titrəmə və sairə olduğunu vurğulayıb: “Ola bilər ki, angina badamcıqların xəstəliyi kimi ortaya çıxsın. Ola da bilər ki, anginalar qan xəstəliyi, ümumi infeksion xəstəliklə bağlı yaransın.

Bunları ayırd etmək həkimdən xüsusi bilik tələb edir. Baxmayaraq ki, angina udlaqda yaranan xəstəlikdir, xəstə həm də infeksionist tərəfindən müalicə olunmalıdır. Xəstələrin özü-özünü müalicə etməsi çox yanlış olar. Mütləq həkimə müraciət olunmalıdır. Problem yaranıbsa, insan ağrıdan əziyyət çəkirsə, ona həkim baxmalıdır. Bir çox insanlar özləri ev şəraitində spreylərdən, qarqaralardan, sorma dərmanlardan istifadə edirlər. Bu bəzi insanlar üçün faydalı olur, bəziləri üçün isə nəticəsi olmur. Bəzən belə üsullara əl atan xəstələr həkimə ağırlaşmış formada müraciət edirlər.

Bu gün sorma həblər çoxdur, amma şəxsən mən heç vaxt onlardan istifadə eləmirəm. Onların o qədər də effektli preparat olduğunu təsdiqləyə bilmərəm”.

Mütəxəssis deyib ki, müntəzəm boğaz ağrılarının daha çox faringitlə bağlı olduğunu deyib: “Faringit isə udlağın selikli qişasının iltihabıdır. Bu xəstəlik zamanı xəstələri hər zaman narahat edən udlaqda yad cisim qalma, qıcıqlanma, yanma, boğulma hissiyyatının yaranmasıdır. Faringit zamanı hərarət yüksəlmir, insanlar ümumi əmək qabiliyyətlərini itirmirlər. Bu xəstəlik istehsalat faktorları, mədə-bağırsaq xəstəlikləri, burun tənəffüsü pozulması nəticəsində yaranır. Xəstəliyin ortaya çıxmasında əsəb faktorlarının da rolu var. Faringit həm də ən çox müəllimlərin, gün ərzində daha çox danışan şəxslərin xəstəliyidir”.

Ə. Talışinski deyib ki, faringiti olan insanlar mütləq qidalarına diqqət yetirməlidirlər. Soyuq, turş, şor, istiotlu, qozlu qidalardan çəkinməlidirlər: “Əgər faringit həzm patologiyası nəticəsində yaranıbsa, onu aradan qaldırmaq, burun tənəffüsünün normal olmaması sayəsində meydana çıxıbsa, bu problemi həll etmək lazımdır. Əsəb sistemində olan problemi də yoluna qoymaq lazımdır. Bunların hamısı vacib amillərdir”.

Ən geniş yayılan problemlərdən birinin də xroniki tonzilitlə bağlı olduğunu deyən Ə. Talışinski bu problemin diaqnozunu düzgün qoyulmasının vacib olduğunu vurğulayıb:

“Xroniki tonzilit üçün xarakterik əlamət tez-tez angina keçirməkdir. Rusiya tibb məktəbində xroniki tonzilitin konservativ müalicəsi var. Yəni insan tez-tez angina olursa, anginalar arası dövrdə müalicələr yazılır ki, bir daha angina yaranmasın. Bu müalicə hər 3-6 aydan bir təkrar olunur. Öz təcrübəmdən deyə bilərəm ki, bu xəstələrə çox kömək edən bir üsuldur. Amma qərb təbabətində xroniki tonzlitin konservativ müalicəsi aparılmır. Onlar deyirlər ki, xətə ildə 4-5 dəfədən artıq angina olursa, artıq əməliyyat olunmalıdır. Amma mən yenə də xroniki tonzilitin konservativ müalicəsinin davamçısıyam. Effekt olmayanda əməliyyat aparmaq lazımdır.

Əgər xəstənin xroniki tonziliti varsa və onun daxili orqanlarına fəsad veribsə, konservativ müalicə olunmadan əməliyyat edilməlidir”.

Mütəxəssisin sözlərinə görə, bu əməliyyatların aparılmasında yaş məhdudiyyəti yoxdur.

Söhbət ancaq xroniki tonzilitin formasından gedə bilər: “Fəsad varsa, uşaq mütləq əməliyyat edilməlidir. Hər şeyə göstərişə əsasən aparılmalıdır. Tutaq ki, iki yaşında uşaqdır onda tez-tez angina olur, xroniki nefrit, revmatizm başlayır, bu zaman əməliyyat qaçılmaz sayılır”.

Ə. Talışinski onu da vurğulayıb ki, tonzilit, adenoid çıxarma əməliyyatları ümumi anesteziya altında aparılmalıdır. Çünki bu əməliyyatların yerli anesteziya altında həyata keçirilməsi uşaqlarda psixoloji travmalar yaradır.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın