14:15 20 May 2014 26737
Ana səhifə Öncə Sağlıq

Çəpər əyriliyi və plastik burun əməliyyatları: göstərişlər, risklər, sağalma müddəti...

Çəpər əyriliyinin yaratdığı ən böyük problem...

Qulaq, burun, boğaz və baş-boyun cərrahiyyəsi uzmanı Hafiz Mehdiyev:

“Estetik burun əməliyyatlarından sonra bərpa müddəti sürətlə gedir”

“Burun çəpərinin əyriliyinə əksər insanlarda rast gəlmək olur. Statistik məlumatlara görə, insanların təxminən 70 faizində çəpər əyriliyi olur. Xalq arasında burun çəpərinin əyriliyi deyəndə nəfəs ala bilməyən, əməliyyata ehtiyacı olan insanlar nəzərdə tutulur.

Bəzən burun çəpərində əyrilik olsa belə, heç bir şikayəti olmayan insanlara da rast gəlmək olur. Burunun xarici görünüşündə əyriliyin olması heç də həmişə çəpər əyriliyi demək deyil. Xaricdə olan deformasiyanın çəpərlə əlaqəsi olmaya da bilər”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan qulaq, burun, boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının əməkdaşı Hafiz Mehdiyev deyib.

Onun sözlərinə görə, anadangəlmə çəpər əyriliklərində genetik faktorun rolu böyükdür: “Amma səbəbi bəlli deyil. Genetik kodlarda olan fərdiliklər özünü büruzə verir. Amma əksər hallarda çəpər əyrilikləri travmalar nəticəsində ortaya çıxır. Uşaq yıxılanda heç valideynlərinin xəbəri də olmadan burunda deformasiyalar yaranır. Bu problemlər uşaq yaşlarında olmasa da, sonradan ortaya çıxır”.

Mütəxəssis deyib ki, burun çəpərinin əyriliyi ən çox nəfəsalma ilə bağlı problem yaradır: “Çəpər əyriliyinin yaratdığı ən böyük problem nəfəsalma problemidir. Orqanizmdə oksigen çatışmazlığı yaranır. Təbii ki, çəpərinin əyriliyi ürəkdə ciddi problemlərə səbəb ola bilər. Oksigen normal çatmadığı üçün ürək daha sürətlə döyünür. Və bu, böyük həyati əhəmiyyət kəsb edən məsələdir. Daha çox ağızdan nəfəs alındığı üçün boğazda ciddi problemlər ortaya çıxır. Ağızla tənəffüs alan insanlarda daha çox boğaz infeksiyalarına, boğaz ağrılarına rast gəlinir. Əslində problemin səbəbi boğaz deyil, burundur. Burunda problemini aradan qaldıranda boğazdakı problem də aradan qalxır”.

H. Mehdiyevin sözlərinə görə, çəpər əyriliyi nəticəsində burunda qanaxmalar yaranır: “Əyriliyin olduğu tərəfdə bir gərginlik olduğu üçün qanaxmalar baş verir. Bu əsasən də yay aylarında özünü göstərir. Eyni amanda çəpər əyriliyi olan insanlarda ciddi qoxu problemləri də ortaya çıxır”.

Çəpər əyriliyi əməliyyatın ilə bağlı yaş məhdudiyyəti barədə danışan uzman doktor deyib ki, əsasən skeletin formalaşıb başa çatması, 18 yaşın tamam olması gözlənilsə də, uşaqda burun çəpər əyriliyi nəfəsalmada ciddi problem yaradırsa, 18 yaşı gözləmək olmaz.

İnsanlarda yayda əməliyyat olunma qorxusunun olduğunu deyən cərrah bunun yersiz olduğunu vurğulayıb: “Deyirlər ki, əməliyyat yayda olsa, qanaxmalar meydana çıxar. Əslində çox əsassız bir məsələdir. Əslində qanaxma riski varsa, bu isti olmayan aylarda da ortaya çıxa bilər. Təbii ki, əməliyyatdan çıxan insan bir müddət özünə diqqətlə yanaşmalıdır, istirahət etməlidir. Biz əməliyyatlardan, xüsusilə də estetik burun əməliyyatlardan sonra xəstədən günəş altında çox qalmamağı xahiş edirik.

Əməliyyatdan sonra bərpa müddəti barədə danışan H. Mehdiyev həm çəpər əyriliyi, həm də estetik burun əməliyyatlarından sonra bərpa müddətinin sürətlə getdiyini deyib: “Əgər xəstə sadəcə, çəpəri əyriliyindən əməliyyat olunubsa, bir-iki gün sonra işinə davam edə bilər. Artıq texnologiyanın inkişafı özünü burada da göstərir. Xarici burun əməliyyatlarından bir gün sonra xəstə rahatlıqla çimə, üzünə su vura bilər. Yenə də bir-iki gün sonra işə çıxmaq olar. Amma fərdi hallarda bərpa müddəti bir qədər uzun çəkə bilər. Çəpər əyriliyi əməliyyatı zamanı xaricdə hər hansı problem olmur. Estetik əməliyyatlarda isə az miqdarda şişlik müşahidə oluna bilər. Amma bunları da qarışdırmaq lazım deyil. Estetik əməliyyatlar zamanı burun kökünə yaxın sümüklər qırılırsa, korreksiya olunursa, onlarda şişmə və göyərmə ola bilər”.

Əməliyyatların ümumi anesteziya altında aparılmasının vacibliyini qeyd edən cərrah deyib ki, artıq istifadə olunan anesteziya dərmanları çox zərərsizdir: “Narkozun elə də fəsadları olmur. Sonradan əsəb pozğunluğu, hər hansı əlavə fəsadlar ortaya çıxmır. Bu əməliyyatların ümumi anesteziya altında aparılması vacibdir.

Yerli anesteziya ilə əməliyyat aparılsa, xəstə ağrı hiss etməsə belə, beş verən prosesləri görür və təbii ki, stress keçirir”.

H. Mehdiyev onu da deyib ki, çəpər əyriliyi və plastik burun əməliyyatlarını həm burun daxilini, həm də xaricini mükəmməl bilən mütəxəssislər aparmalıdırlar: “Lor həkimləri bunların hər ikisi üzrə ixtisaslaşıblar. Əgər plastik cərrahlar da təhsil müddətində bu sahələr üzrə ixtisaslaşıbsa, Səhiyyə Nazirliyindən sertifikat alıblarsa, deməli bu əməliyyatları edə bilərlər”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın