14:00 03 İyun 2014 7297
Ana səhifə Öncə Sağlıq

Estetik-plastik əməliyyatlar: kimlərə olar, kimlərə olmaz?

“Davamlı estetik əməliyyatlar istəyənlər təəssüf ki, nəticədə daha eybəcər vəziyyətə düşürlər”

“Burun əməliyyatları, üz dartılması, göz qapaqlarının, qulaqların, dodaqların estetikası ilə bağlı müraciətlər...”

“Bəzi insanlar öz görünüşlərini bəyənmirlər və problemin həlli yolu kimi estetik-plastik cərrahlara üz tuturlar. Onlar dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Çox təəssüf ki, nəticədə daha eybəcər vəziyyətə gəlirlər. Belə halları bəzən incəsənət ulduzlarının timsalında da görmək mümkün olur. Ən yaxşı halda bu kimi hallarda psixiatra müraciət edilməlidir. Statistikaya əsasən desək, estetik əməliyyatlarla bağlı müraciət edənlərin 15 faizini bu cür insanlar təşkil edir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan plastik, estetik, rekonstruktiv cərrahiyyə uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı İlyas Axundzadə deyib.

İ. Axundzadə bildirib ki, öz xarici görünüşündən razı olmayan və dəfələrlə plastik əməliyyat etdirənlərə psixiatrik müalicə lazımdır. Təkrar-təkrar plastik-estetik əməliyyatlarının aparılması halları barədə danışan mütəxəssis bunları deyib:

“Bəzən müxtəlif anatomik və fizioloji səbəblərlə bağlı əməliyyatlardan sonra istənilən nəticə əldə olunmur. Bəzən də xəstələr məmnun olmurlar və nəticə qənaətbəxş sayılmır. Belə şəxsləri təkrar əməliyyat etmək lazım olur. Lakin bununla yanaşı dismorfomaniya adlanan bir hal, xəstəlik də da var. Bu hal sırf psixiatrk problemdir. Əgər insan ruhi baxımda stabil deyilsə, bu əməliyyatlardan sonra hətta özünə qəsd etmək həddinə də çata bilər. Və ən pis hal da budur”.

“Çoxlu sayda aparılan plastik əməliyyatlar insan üçün hansı fəsadlar yarada bilər” sualına cavab olaraq İ. Axundzadə deyib ki, bir neçə dəfə alt və üst göz qapaqlarının əməliyyatı keçirilibsə, dəri qatı azala, nəticədə gözün quruması, gözdən su axması baş verə, hətta korluğa qədər gətirib çıxara bilər: “Və yaxud da üzdə dartılma aparılırsa, üz siniri zədələnirsə, çeynəmədə, udmada, öz emosiyalarını büruzə verməkdə problemlər yaranır. Eyni zamanda liposaksiya həddən artıq böyük həcmdə aparılıbsa, xəstə ölə də bilər. Arıqlamamış xəstədə abdominoplastika aparılırsa, infeksiyadan tutmuş yaranın açılmasına, tromboemboliyaya qədər bir çox problemlər meydana gəlir”.

Onun sözlərinə görə, kök insanlarda liposaksiya əməliyyatı aparmaq doğru deyil. Bu üsula yalnız onlar arıqladıqdan sonra əl atmaq olar.

Mütəxəssis qeyd edib ki, cərrahlar mümkün qədər pasienti əməliyyatın risklərindən uzaq tutmağa çalışmalıdırlar: “Çünki bizə adətən başqa xəstəliyi olmayan, sağlam insanlar müraciət edirlər. Belə insanları problemlə qarşılaşdırmaq heç bir baxımdan doğru olmaz və etikaya da sığmır. Ümumiyyətlə, insanların sağlıq vəziyyətə bu əməliyyatlara icazə verməlidir”.

İ. Axundzadə onu da deyib ki, günümüzdə plastik-estetik cərrahlara ən çox burun əməliyyatları ilə bağlı müraciətlər edilir. Bundan başqa, üz dartılması, göz qapaqlarının, qulaqların, dodaqların estetikası ilə bağlı da müraciətlər çoxdur.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın