09:20 03 Mart 2016 7289
Ana səhifə Öncə Sağlıq

Hamiləlikdə risklər: yüksək təzyiq və şəkər hansı problemlər yaradır?

“Hamiləlik şəkərin yüksəlməsi ana və döl üçün ciddi problemlər yarada bilər”

“Hamiləlikdə yüksək təzyiq hətta həyati təhlükələrə səbəb olur”

“Yüksək şəkər erkən doğuş təhlükəsi də yaradır”

"Hamiləlikdə sakit vəziyyətdə təzyiq 140-90-dan yüksəkdirsə, bu təhlükəli haldır"

"Şəkəri yüksək olan hamiləlikdən doğulan uşaqlar daim yuxulu olur"

“Yüksək təzyiq hətta doğuşdan bir həftə sonra da ana ölümünə səbəb ola bilər”

"Xroniki təzyiqi olan qadın əvvəl istifadə etdiyi dərmanı hamiləlikdə də qəbul edə bilməz”

“Şəkərli diabeti olan qadın nəzarətsiz qalsa, uşaqda inkişaf qüsurları olması ehtimalı çox yüksəkdir”

"Hamiləlik müddətində baş ağrıları yüksək təzyiq əlaməti ola bilər”

“Hamiləlik hər qadının həyatında xüsusi, gözəl bir hadisə hesab olunsa da, bu dövr riskli sayılır. Orqanizm övlad dünyaya gətirmək, dölün bətndaxili inkişafını tamamlamaq üçün bütün gücünü səfərbər edir. Bu müddətdə bütün orqanlar sistemində dəyişiklik olur. Tənəffüs hərəkətlərinin, ürək-damar yığılmalarının sayı, bədəndə olan qanın həcmi artır. Mədə-bağırsaq, sidik ifrazat sistemi bütünlükdə gərgin iş rejiminə keçir. Qanda laxtalanma faktorlarının miqdarı çoxalır. Bütün bunlar hamiləliyi qoruyub saxlamaq və dölün doğulmasına hazırlıq üçün olur və təbii ki, risk yaradır”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında mama-ginekoloq, uzman doktor Natı Musalı deyib.

Mütəxəssis bildirib ki, bütün hamiləliklər riskli sayıla bilməz: “Sadəcə, xüsusi riskləri olan hamiləlik qrupu var. Bu qrupa daxil olanları üç kateqoriya ayırd etmək olar.

Hamiləlikdən öncə xroniki təzyiq, autoimmin xəstəliklərindən, ürək, qalxanabənzər vəzin problemlərindən, şəkərdən əziyyət çəkənlər risk qrupuna aiddirlər. Bu kimi xəstəliklərdən əziyyət çəkən xanımlar hamiləlikdən əvvəl həkimə müraciət edərək mütləq bu problemlərini olduğunu deməlidirlər.

İkinci kateqoriyaya isə ilk hamiləliklərində hansısa problemlə qarşılaşan qadınlar aiddir. Buraya vaxtından əvvəl doğuş edən, çoxsaylı düşükləri olan, əvvəlki hamiləliyində şəkəri, yüksək təzyiqi olan, doğuş prosesində hansısa problem yaşayan, yüksək çəkili döl dünyaya gətirən, inkişaf qüsuru olan uşaq dünyaya gətirən xanımlar aid edilir.

Bundan başqa, hamiləliyin gedişatında ortaya çıxan problemləri də qeydə etmək lazımdır”.

N. Musalı deyib ki, hamiləlik müddətində yaranan ciddi problemlərdən biri hamiləlik şəkərinin yüksək olmasıdır: “Bu problem hamiləlikdən öncə normal olan şəkər miqdarının məhz bu dönəmdə yüksək şəkildə ortaya çıxmasıdır.

Hamiləlik şəkərini yüksək olduğunu hamiləliyin 24-28-ci həftələri arasında testlə müəyyən etmək olar. Bütün hamilə qadınlar bu testi etməklə hamiləlik şəkərini ölçdürə bilərlər”.

Onun sözlərinə görə, bəzi xanımlar hamiləlik şəkərinin ortaya çıxması baxımından daha diqqətli olmalıdırlar. Bu mənada artıq çəkili, yaşı 35-dən çox olan, ailəsində şəkər xəstəliyi olanlar, özü doğulanda yüksək çəkidə olmuş (məsələn, 4,5-5 kq), öncəki hamiləliyində yüksək çəkidə (eynilə 4,5-5 kq) uşaq dünyaya gətirmiş, əvvəlki hamiləlikdə şəkəri yüksək olan xanımları vurğulayan həkim qeyd edib ki, bu xanımlar mütləq yoxlamalardan keçməlidirlər:

“Hamiləlik şəkəri məhz hamiləliyin 24-28-ci həftələrdə özünü büruzə verdiyi üçün testin də həmin dövrdə olunması lazımdır. Bəzən isə bu həftələr ərzində şəkər normal olsa da, 32-34-cü həftələrdə problem yaranır. Bir çox hallarda bu problemə barmaqarası yanaşılır və əhəmiyyət verilmir, amma hamiləlikdə şəkərin yüksəlməsi ciddi bir məsələdir. Bu hamilələr ginekoloqların xüsusi olaraq diqqət ayırdıqları hamiləlik qrupuna daxildirlər. Çünki hamiləlikdə şəkərin yüksək olması həm ana, həm də döl üçün problemlər yarada bilər.

Ananın qanında şəkərin miqdarı yüksək olduğu üçün döl həddən artıq böyüməyə meylli olur. Eyni zamanda dölyanı mayenin miqdarı çoxalır. Buna bağlı olaraq anada erkən doğuş təhlükəsi yaranır. Bundan başqa, doğuş prosesi çətinləşə, uzana bilər. Yaxud da normal doğuş əsnasında dölün çiyinlərinin sırf şəkər miqdarının çox olmasına bağlı olaraq böyük olması səbəbindən döldə çiyin sınıqları yaranar, sinir kələfi zədələnər.

Onu da nəzərə almaq lazımdır ki, hamiləlik şəkəri probleminin yaranması ayrı, şəkərli diabeti olan xanımın hamilə qalması başqa məsələdir. Ana şəkərli diabeti olmadığını bilib hamilə qalıbsa, o zaman dölün inkişaf qüsurlarının olması ehtimalı çox yüksəkdir. Bu hal xüsusilə sinir sistemi, ürək-damar qüsurlarının yaranmasına səbəb olur.

Bizə müraciət edən qadınlarda qanda bəzi parametrlər çox yüksək olduğu halda qadınlara hamilə qalmağı məsləhət görmürük. Çünki belə hallarda uşaqlarda inkişaf qüsurlarının olması ehtimalı yüksək olur. Biz belə xanımları endokrinoloqa yönəldirik. Onlara xüsusi müalicə alandan, qanda şəkər normal hala gələndən sonra hamiləlik məsləhət görülür.

Bu problem zamanı dölün ağ ciyərləri də inkişafdan qalır. Bəzən uşaq böyük çəkidə doğulsa belə doğuşdan sonra dölün ağ ciyərləri açılmır”.

N. Musalı qeyd edib ki, doğulandan sonra belə uşaqlara fərdi nəzarət etmək lazım gəlir: “Ana bətnində yüksək şəkərə alışmış uşağın doğulandan sonra şəkəri ani olaraq aşağı düşür. Belə uşaqlar yatmağa meylli, gün ərzində halsız olurlar. Yeni doğulan uşağın çox yatan olması xüsusi parametrdir.

Biz yüksək şəkəri olan qadınların uşaqlarının doğuşdan sonra xüsusi olaraq neonatoloqların nəzarəti altında qalmalarına çalışırıq. Yəni hamiləlik bitdisə problem bitdi demək doğru deyil, sonradan da fəsadlar yarana bilər. Hamiləlik şəkəri 30-50 faiz hallarda qalıcı şəkərə çevrilir. Ona görə də məsləhət görürük ki, hamiləlik bitəndən 6-8 həftə sonra xanım yenidən endokrinoloqa müraciət etsin. Bu zaman şəkər yükləməsi testi fərqli bir şəkildə icra olunur, qadının şəkər xəstəsi olub-olmadığı araşdırılır. Bir sözlə, bu problemə sadə yanaşmaq olmaz, mütləq nəzarət olunmalıdır”.

Mütəxəssis onu da deyib ki, ilk hamiləlik dövründə şəkər yüksək olubsa, sonradan bu qalıcı şəkərə çevrilməsə belə, sonrakı hamiləliklər dövründə hamiləlik şəkərinin yaranması ehtimalı 60 faizdir: “Ona görə də qadınlar həkimə müraciət edərkən mütləq ilk hamiləliklərində şəkərlərinin yüksək olduğunu deməlidirlər. Həkim də buna uyğun olaraq qadını nəzarətdə saxlamalıdır”.

Ginekoloq hamiləlikdə yüksək təzyiqin də çox ciddi problemlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu dövrdə yüksək təzyiqin bir neçə növü var. Onlardan bəziləri daha az, bəziləri daha çox, bəziləri həyati təhlükəlidir:

“Arterial təzyiq hamiləlik müddətində mütləq həkim nəzarətində, diqqət mərkəzində olmalıdırlar. Xroniki təzyiqi olan xanımlar hamiləlik planlaşdırırlarsa, əvvəlcədən ginekoloqa müraciət etməlidirlər. Çünki hamiləlikdən öncə istifadə etdikləri təzyiq dərmanlarının demək olar ki, əksəriyyəti hamiləlik dövründə istifadə olunmur, dəyişdirilir.

Təzyiqin digər növü hamiləliyin yaratdığı təzyiqdir. Bu problem özünü adətən 20-ci həftəsindən sonra göstərməyə başlayır.

Dünyada qəbul olunan qaydalara görə, əgər hamilə xanımda təzyiq 140-90 nisbətindədirsə, xüsusən bu sakit vəziyyətdə qeydə alınırsa, mütləq həkimə müraciət olunmalıdır. Bu kimi hallarda təzyiq mütləq nəzarətdə saxlanmalı, vaxtaşırı sidikdə zülal yoxlanmalıdır. Bu hal bəzən qadında qıcolmalara, hətta ölümcül vəziyyətlərə qədər gətirib çıxara bilər.

Yüksək təzyiq hətta doğuşdan bir həftə sonra da ana ölümünə səbəb ola bilər”.

Ginekoloq deyib ki, bu problemlər bağlı risk qrupuna yaşı 35-dən çox, 20-dən az hamilə qadınlar, ilk hamiləlikləri olan, çəkisi çox, sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllü hamiləlikləri olan xanımlar daxildir.

N. Musalı qeyd edib ki, hamiləlik müddətində baş ağrıları yüksək təzyiq əlaməti ola bilər. Onun sözlərinə görə, bu halda dərhal dərman qəbul etmək olmaz, hamiləlik dövründə yalnız döl üçün zərərsiz olan ağrıkəsicilərdən istifadə etmək olar, bunu da həkim təyin etməlidir.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın