16:33 11 Mart 2014 7506
Ana səhifə Öncə Sağlıq

Yanıq xəsarətlərinin xərçəngə çevrilmə riski - VÜQAR ƏLƏKBƏROV

“Birinci dərəcəli yanıqlarla bağlı çox zaman heç həkimə getməyə ehtiyac yoxdur. Yanıq əleyhinə kremlər sürtərək 3-5 gün ərzində yanan yeri sağaltmaq mümkündür.

Amma yanan yerdə içi su ilə dolu qabarcıqlar yaranıbsa, deməli, bu ikinci dərəcəli yanıqdır. Əgər sahə kiçikdirsə, yaxınlıqda olan tibb müəssisəsinə müraciət edib, yanığı sarğılarla sağaltmaq lazımdır. Amma əgər yanıq bədənin 10 faizindən çoxunu əhatə edirsə, bu, üçüncü dərəcəli yanıqdırsa, cilddə ağarma, ya da kömürləşmə əmələ gəlibsə, baş və boyun yanıbsa, alov yanığı olubsa, insan alovla nəfəs alıbsa, deməli bronxlarda, ağciyərlərdə də yanıqlar var. Ona görə mütləq yanıq mərkəzinə müraciət olunmalıdır”.

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Respublika Yanıq Mərkəzinin baş həkimi, plastik-estetik cərrahiyyə uzmanı Vüqar Ələkbərov deyib.

Mütəxəssis bildirib ki, əgər kimsə ağır yanıqları özbaşına müalicə etməyə qalxarsa, o zaman infeksiya yayıla bilər: “Yanmış, ölü toxumaların toksinləri qana keçərək insanların zəhərlənməsinə, geri dönməyən proseslərin başlanmasına səbəb olar. Əgər yanma kimyəvi maddənin təsirindən baş veribsə, dərhal yanan bölgəni yandıran təsirdən uzaqlaşdırmaq lazımdır. Yanan yeri bol, axar su altına tutmaq vacib şərtdir.

Və yaxud da yanan bölgəyə sintetik bir paltar yanıb yapışıbsa, həmin paltarı tez bir zamanda oradan uzaqlaşdırmaq gərəkdir ki, yanma prosesi daha dərinə işləməsin”.

Mütəxəssis yanıq xəsarəti olan yerə buz qoyulmasının doğru olduğunu deyib: “Çünki buz həmin bölgədə qan dövranını yaxşılaşdırır, şişmənin qarşısını alır. Nəzərə almaq lazımdır ki, başın, boyunun, ətrafların şişməsi ordan keçən damarlarda qanın azalmasına, toxumaların ölməsinə səbəb olur”.

Əhali arasında yanan yerə kartof, diş pastası, çaytikanı, zeytun yağları sürtmək kimi adətlərə münasibət bildirən həkim, “Bütün bunlar yanmış bölgəni nəmləndirir, qurumasının qarşısını alır, yaranın təzə qalmasına səbəb olur. Onların müalicəedici təsiri yoxdur”, - deyib:

“Birinci dərəcəli yanıqlarda yaranı nəmləndirmək, proteinlərlə, vitaminlərlə qidalandırmaq üçün təbii üsullardan istifadə etmək olar. Amma digər ağır yanıqlarda bu yanlış bir addım olar. İlkin yardım kimi apteklərdən yanıqlar üçün istifadə olunan ağrıkəsici kremlərdən alıb, yanan bölgəyə sürtmək olar.

Bəzən insanlar böyük bölgə yanıqları zamanı ağrı şokuna girirlər. Ağrıkəsici dərmanlar o qədər də təsir etmir. Çünki bütün sinir ucları dəridə gəlib toplanır. Ona görə də ağrını ağrıkəsici kremlər daha yaxşı aradan qaldırır. Kremlərlə ilkin yardım etmək olar. Onları çəkəndə ağrı dərhal kəsir. Eyni zamanda yanıq xəsarəti alan şəxsə bol su içirmək lazımdır. Bu, böyrək çatışmazlığı yaranmasının qarşını alır, toksinlərin bədəndən kənarlaşmasına kömək edir”.

V. Ələkbərov deyib ki, yanıqlarla bağlı ən təhlükəli hallardan biri ağır, üçüncü dərəcə yanıq xəsarəti almış şəxslərin xəstəxanaya gec daxil olmasıdır: “Bəzən yanıq xəstəsi o zaman xəstəxanaya gətirilir ki, toksinlər qana işləmiş olur. Bəzən belə halda geri dönməsi mümkün olmayan proseslər baş verir”.

Yanıq xəsarətlərinin sağalmasında yaş, qidalanma, siqaret çəkmə faktorunun da rolunun olduğunu deyən V. Ələkbərov bunları deyib: “Təbii ki, yaş, immunitet faktoru mühüm əhəmiyyət kəsb edir. Bəzən yanıq xəsarətləri alan uşaqlar heç əməliyyat olunmadan sağala bilirlər. Siqaretin metabolizm prosesinə çox böyük ziyanı var. Ona görə də siqaret çəkən insanlarda yanıq xəsarəti normal insanlarla müqayisədə iki dəfə gec sağalır. Təbii ki, xəstəyə qulluqdan da çox şey asılıdır. Yanıq xəsarəti almış xəstələrə çox böyük diqqət göstərmək lazımdır. Təkcə tibbi proseduraları yerinə yetirməklə işi bitmiş saymaq olmaz. Mənən, ruhən də dəstək olmaq sağalmanın tez başa çatması üçün mühüm faktordur”.

Yanıq Mərkəzinin baş həkimi Azərbaycanda cəmi bir yanıq mərkəzi olduğunu vurğulayaraq bölgələrdə yanıq xəsarəti almış şəxslərə yardım göstərilməsi, müalicənin aparılması baxımından təcrübənin az olduğunu bildirib: “Bizim mərkəzə gələn həkimlər, cərrahlar yanıq xəstələrinə ilkin olaraq hansı yardımı göstərməyin lazım olduğunu öyrənirlər. Amma bunun üçün bir məktəb, kafedra olmalıdır ki, mütəxəssislər yetişdirilsin, Azərbaycanın hər bir bölgəsində mütəxəssislər olsun və xəstələrə yanaşma düzgün seçilsin”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın