02:40 29 Aprel 2016 8178
Ana səhifə Öncə Sağlıq

Mədə ağrıları: risklərdən necə qaçmaq olar?

“Mədə xəstəliklərinin artması daha çox qidalanma rejiminin pozulmasına bağlıdır”

"Kişilərdə mədə xərçəngi ölüm səbəbləri arasında ilk yerdədir"

"Mədə yaraları kəskin ağrı verir, bu ağrılara dözmək qanaxmaya səbəb ola bilər"

"Genetikada mədə xərçəngi varsa, mütləq müəyyən yaşdan sonra müayinədən keçmək lazımdır"

"Sızma zeytun yağını qızdırdıqda kanserogen maddə yaranır"

"Mədənin selikli qişasının problemlərində endoskopik müayinə mütləqdir"

"İdmanla yeməkdən 2-3 saat sonra məşğul olmaq lazımdır, yeməkdən dərhal sonra yerimək faydalıdır”

“Mədə xərçəngi çox zaman yüngül ağrılarla, bəzən isə əlamətsiz inkişaf etməyə başlayır”

“Mədə problemlərində erkən diaqnostika çox önəmlidir”

“Son zamanlar mədə xəstəlikləri çox geniş yayılıb. Mədə problemlərinə rast gəlinmə sayında artım var”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qastroenteroloq-hepatoloq Arzu Yusifova deyib.

Mütəxəssis mədənin bütünlükdə həzm sisteminin əsas orqanı olduğunu vurğulayaraq bildirib ki, mədə ağrıları tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə, buna xəstəlik kimi yanaşmaq olar: “Hər mədə şikayətini də mədə xəstəliyi adlandırmaq olmaz. Bir şikayət iki-üç gün davam edirsə, bu, bəzən bizim keçirdiyimiz stress, həmin gün ac qalmağımız, alışmadığımız yeməyi qəbul etməyimiz, yaxud da bir sıra xəstəliklərlə bağlı qəbul olunan dərmanlarla əlaqədar ola bilər. Bir neçə günlük ötəri şikayətlər yaranırsa, bunu mədə xəstəliyi hesab etmək olmaz”.

Mədə xəstəliklərinə səbəb olan amillərin çoxluq təşkil etdiyini bildirən A. Yusifovadeyib ki, bu səbəblər içində əsas yerlərdən birini iltihab əleyhinə, ağrıkəsici dərmanların qəbulu tutur. Belə dərmanların çox qəbulu nəticəsində daha çox qastritə, mədə yarasına rast gəlinir: “İkincisi, helikobakter pilori deyilən bakteriyanın mədədə məskunlaşması öncə qastrit, daha sonra mədə yarası, bəzən isə mədə xərçənginə qədər gətirib çıxarır.

Üçüncü əsas səbəb isə stress faktorudur. Güclü stresslər nəticəsində mədədə anidən yara yarana bilər. Dördüncüsü, qidalanma faktoru və insanların yerləşdiyi coğrafi mövqedir. Məsələn, Yaponiyada mədə xərçəngi çox geniş yayılıb. Amma Yaponiyadan köçən insanlarda, onların övladlarında mədə xərçəngi riskinin aşağı endiyi isbatlanır”.

Mütəxəssis onu da deyib ki, mədə xərçəngi kişilər arasında daha çox yayılan problemdir və bu, ölüm səbəbləri içində ilk yerdədir. Qadınlar arasında isə bu say bir qədər aşağıdır.

Onun sözlərinə görə, davamlı olaraq proteinli qidalardan istifadə edən insanlarda, yəni həddən artıq ət, yumurta yeyənlərdə mədə problemlərinə çox rast gəlinir.

Mədə problemlərinin yaranmasında genetik amilin də rolunun olduğunu deyən həkim bildirib ki, insanların ağır iş rejimində çalışmaları, ayaqüstü qidalanma, zamanın az olduğu üçün qidanın çox az çeynənməsi də burada rol oynayır: “Bundan başqa, 3 yaşa qədər uşaqlara blenderdən keçirilmiş yeməklərin verilməsi çeynəmə vərdişini azaldır və mədə xərçəngi riskini artırır”.

Qastroenteroloq vurğulayıb ki, yaxşı çeynənmədən udulan qida, xüsusilə ac qalıb, axşam saatlarında birdən-birə çox qida qəbul olunması, hisə verilən qidalardan tez-tez istifadə, çox alkoqol, kofein tərkibli içkilərin, yəni çay, kofe qəbulu mədənin selikli qişasını qıcıqlandırır, reflüsk riskini artırır. Ən çox yayılan problemlərdən birinin də reflüks olduğunu vurğulayan həkim deyib ki, bu problem qidanın mədədən qida borusuna geri qayıtması ilə xarakterikdir: “Döş qəfəsi arxasında olan, bəzən hətta ürək ağrısını xatırladan ağrılar, döş sümüyü arxasında yanma hissi, ağıza acı su gəlməsi, həddən artıq gəyirmə, ağızda acılıq yaranması, ağız qoxusu reflüks əlamətləri sayılır.

Reflüksü olan xəstələr yemək yedikdən 3 saat sonra uzanmamalıdırlar. Yaxud da yemək yeyəndən sonra əyilmək, fiziki işlə məşğul olmaq olmaz. Piyada gəzmək daha çox faydalıdır. Yəni mədədə həzmin rahat getməsinə şərait yaratmaq lazımdır”.

Həkim bildirib ki, idman hərəkətlərini də yeməkdən 2-3 saat sonra, ya da acqarına etmək lazımdır.

Onun sözlərinə görə, həm reflüks, həm də mədə xərçənginin yaranmasında artıq çəkinin də rolu var: “Ona görə də artıq çəkidən qurtulmaq, bol su içmək, qazlı sulardan uzaq olmaq, fast food yeməklərindən imtina etmək, qidalanmada meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Bütün bunlar sağlamlığa, mədə problemləri riskini azaltmağa xidmət edir”.

Davamlı olaraq qızardılmış qidalardan istifadənin də mədə problemlərinə səbəb olduğunu deyən həkim bildirib ki, qızardılmış ət yeməkləri ilə çox qidalanmaq mədə xərçəngi riskini artırır: “Zeytun yağlarından istifadə zamanı da diqqətli olmalıyıq. Zeytun yağının isinmə dərəcəsi çox tezdir. İki dəqiqə ərzində bu yağlar hətta tüstülənmə dərəcəsinə çatır. Bu olduqca kanseregen haldır. Zeytun yağı sağlamlıq üçün olduqca faydalı qidadır. Biz zeytun yağı alanda da diqqətli olmalıyıq. Bu yağların salatlar, yaxud yeməklər üçün olduğunu dəqiqləşdirmək lazımdır. Salatlar üçün olan zeytun yağından yemək bişirmək üçün istifadə etmək, “sızma zeytun” yağı deyilən yağları isitmək belə olmaz”.

A.Yusifova kofedən çox istifadənin yolverilməz hal olduğunu açıqlayıb: “Demirəm ki, kofe içməyək, xeyr, içmək lazımdır. Amma gün ərzində bir fincandan artıq içmək məsləhət deyil. Həm də yaxşı olar ki, dəmləmə kofedən istifadə olunsun. Bir çox araşdırmalar göstərir ki, təzə dəmlənmiş kofe qaraciyər xəstəliklərində faydalıdır. Hətta dəmlənmiş kofenin qadınlarda uşaqlıq miomalarında yaxşı nəticəyə səbəb olduğu göstərilir. Kofenin acqarına istifadə olunması da məsləhət deyil. Çox yaxşı olar ki, acqarına su qəbul olunsun. Bütün orqanlar üçün ən sağlam müalicə bol su içməkdir".

Qidalanma rejimi barədə danışan həkim bildirib ki, uzun müddət ac qalmaq, sonra birdən-birə çox qida qəbul etmək mədədə ciddi narahatlıqlar yaradır: “Belə rejimdə davam edən insanlarda mədə xəstəliklərinin yaranması qaçılmazdır”.

Qastroenterloq onu da deyib ki, mədə ağrılarının qalıcı olması, daimi yanma, qıcqırma, epiqastral nahiyədə davamlı ağrılar, dayanmayan qusma, çəki itkisi ilə bağlı mütləq həkimə müraciət olunmalıdır: “Ümumiyyətlə, 40 yaşdan sonra hamı mədə müayinələrindən keçməlidir. Ələlxüsus genetikada mədə xərçəngi, 12 barmaq bağırsaq yarası varsa, mütləq müəyyən yaşdan sonra diqqətli olmaq lazımdır.

Mədə xərçəngi çox zaman adi bir mədə ağrısı ilə, bəzən isə heç bir ağrı vermədən inkişaf etməyə başlayır. Tez aşkarlayanda bununla bağlı aparılan müalicələr qənaətbəxş nəticələr verir. Amma gec aşkarlandıqda hətta aparılan əməliyyatlara baxmayaq beş il yaşamaq şansı çox aşağı, 10 faiz sayılır. Ona görə də erkən diaqnostika çox önəmlidir. Mədə diaqnostikası üçün qızlı standart endoskopik müayinədir”.

Mədə xəstəlikləri içərisində qastritin də daha çox yayılan mədə problemlərindən biri olduğunu deyən həkim bunları açıqlayıb: “Gün ərzində apardığımız endoskopik müayinələrdə nadir hallarda normal, problemsiz mədəyə rast gəlirik. Səthi də olsa qastrit aşkarlanır. Bəzən qastrit hər hansı simptom verməyə də bilər. Əgər çox acılı, turş yeməklər mədədə şikayət yaradırsa, deməli, mədə selikli qişasında qıcıqlanma var və həkimə müraciət olunmalıdır. Amma bir problem iki-üç gün davam edirsə və daha sonra təkrarlanmırsa, buna görə xüsusi olaraq müayinələrə ehtiyac yoxdur”.

Mütəxəssis qastritin müalicəsinin çox da çətin olmadığını deyib: “Əgər helikobakter pilori bakteriyası yoxdursa, bəzən bir dərmanla qastritin müalicəsi mümkündür. Yox, əgər helkobakter pilori aşkarlanıbsa, onu zərərsizləşdirmək üçün antibiotik müalicəsi də lazımdır. Amma mədə yaralarında müalicə prosesi bir qədər uzun müddət davam edir.

Gecə yuxudan qaldıran, məcburi vəziyyət yaradan, bıçaq batması təsəvvürü yaradan ağrılar təcili həkimə müraciət olunması üçün əsasdır. Belə ağrılara dözmək, əhəmiyyət verməmək mədə qanaması, yaranın deşilməsi ilə nəticələnə bilər. Bu zaman isə təbii ki, cərrahi əməliyyat tətbiq olunur. Halbuki zamanında müraciət edəndə həmin problemi dərmanlarla çox asanlıqla müalicə etmək mümkündür”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın