17:20 29 Dekabr 2016 8701
Ana səhifə Öncə Sağlıq

Mədə xorası: necə qorunmaq olar? - Öncə sağliq

“Mədə xorasına əksər hallarda “helikobakter pylori” səbəb olur”

“Ağrıkəsicilərdən uzun zaman istifadə mədə xorası yaradır”

“Hətta uşaqlarda da mədə xorasına rast gəlinir”

“Stress mədə turşuluğunu artırır, bu isə mədə xorası üçün zəmin yaradır”

“Mədə xorası ölümə də səbəb ola bilər”

“Mədə xoralarının bədxassəli şişə çevrilməsi mümkündür”

“Xora ilə bağlı cərrahiyyə əməliyyatlarının sayı kəskin şəkildə azalıb”

“Uzun müddət davam edən və səbəbi tapılmayan anemiyalar mədə xorası ilə bağlı ola bilər”

“Kələm şirəsi xora zamanı çox faydalı sayılır”

“Mədə xorası mədənin selikli qişasının, yəni iç təbəqəsinin zədələnməsidir. Normal selikli qişa əzələ qatına qədər zədələnibsə, artıq bu halı xora adlandırmaq olar. Bütün mədə xoraları qastritlə, mədə iltihabı ilə başlayır. Düzgün qidalanmadıqda, düzgün müalicə olmadıqda problem xoraya qədər inkişaf edir”.

Bu fikirləri APA TV-nin “Öncə Sağlıq” proqramında həkim-qastroenteroloq Nigar Cəfərova bildirib.

Mütəxəssis deyib ki, mədə xorasının yaranmasının bir çox səbəbləri var, amma həm xoranın, həm də qastritin yaranmasının əsas səbəbi “helikobakter pylori” bakteriyasıdır. Onun sözlərinə görə, 80 faiz hallarda mədə xorası bu mikrobun sayəsində yaranır. İkinci səbəb isə qeyri-steroid dərman preparatlarının, ağrıkəsicilərin uzun müddət qəbul olunmasıdır.

Üçüncü səbəb kimi mədə turşuluğunun artmasını göstərən həkim, həddən artıq ifraz olunan turşunun selik təbəqəsini pozduğunu, turşuluğun isə daha çox stresslə bağlı artdığını qeyd edib: “Stress mədə turşuluğunu artırır, bu isə mədə xorası üçün zəmin yaradır”.

Qastroenteroloq bildirib ki, mədə xorasına istənilən yaşda rast gəlmək mümkündür. Bu gün hətta uşaqlarda da bu problemlər aşkarlanır.

N. Cəfərova vurğulayıb ki, düzgün, vaxtlı-vaxtında qidalanmayan, tez-tez stresslər keçirən, siqaret, spirtli içkilərdən istifadə insanlar problemlə bağlı risk qrupuna daxildirlər.

Helikobakter pylori bakteriyasına yoluxma yollarına gəlincə, mütəxəssis deyib ki, bu, ağızdan yoluxur, daha çox gigiyena qaydalarına düzgün əməl olunmadıqda baş verir:

“Helikobakter pylori turş mühitə davamlıdır, yəni mədə mühiti bu mikrob üçün əlverişlidir”.

Həkim onu da deyib ki, xora birdən-birə ortaya çıxmır, başlanğıc mərhələdə kiçik siqnallarla da olsa özünü büruzə verir: “İlkin olaraq xəstələr yeyilən qidanın yaxşı həzm olunmamasından, köpdən şikayət edirlər. Problem irəlilədikcə digər şikayətlər də ortaya çıxır. Burada təbii ki, həzmsizlik, gəyirmə, qıcqırma kimi əlamətləri qeyd etmək olar. Xəstəni həkimə getməyə məcbur edən hal isə ağrının başlanmasıdır.

Bəzən xəstələr acqarına ağrı olduğunu, yemək yedikdən sonra mədə ağrılarının sakitləşdiyini, gecə yuxudan oyadan ağrıların yarandığını, hətta gecə yarısı aclıq hiss etdiklərini, yemək yediklərini deyirlər. Onlar bildirir ki, yemək yedikdən sonra şikayətlər ötür. Bu isə 10-15 dəqiqə davam edir. Çünki bir müddət sonra daha şiddətli ağrılar yaranır. Bundan başqa, ağıza acı su gəlməsi də mümkündür”.

N. Cəfərova deyib ki, mədə və onikibarmaq bağırsaq bir-birinə yaxın yerləşdiyindən, əlaqəli olduğundan mədədə olan problem onikibarmaq bağırsağa da keçir.

Ona görə də mədə ilə yanaşı onikibarmaq bağırsaq xoralarına çox rast gəlinir.

O qeyd edib ki, tək mədə xoraları xoraların 60 faizini təşkil edir.

Mədə xorasının diaqnostikası barədə danışan N. Cəfərova bildirib ki, əvvəllər rentgenlə qoyulan diaqnozların dəqiqliyinə şübhələr olsa da, bunu endoskopik müayinələrlə bağlı demək olmaz: “Endoskop müayinəsi ilə çox dəqiq diaqnoz qoymaq mümkündür.

Müayinə zamanı mədədə helikobakter pylori mikrobunun olub-olmadığına əmin olmaq üçün biopsiya nümunəsi götürülməsi də lazımdır. Düzgün diaqnoz uğurlu müalicənin əsasıdır. Onu da deyim ki, mədə xorası müalicəyə tabe olur və çox yaxşı nəticələr əldə olunur”.

Həkim bildirib ki, qarşısı alınmadıqda xora çox ciddi ağırlaşmalar yaradır. Bu mənada bədxassəli törəmələri, qanaxmaları və mədə deşilmələrini vurğulayan qastroenteroloq “Xora qanaması qəhvəyi rəngdə qan qusuntusu, eyni zamanda nəcisin tünd, qara rəngdə olması ilə özünü büruzə verir”, - deyə bildirib.

Mütəxəssis qeyd edib ki, son 5-10 ildə mədə xorasından ölüm halları kəskin şəkildə azalıb: “Vaxtilə xoranın müalicəsində çoxlu sayda cərrahiyyə əməliyyatları tətbiq olunurdu. İndi isə cərrahiyyə əməliyyatlarının sayı çox azdır. Bu səbəblərin tapılması, onların aradan qaldırılması üçün tətbiq edilən konservativ müalicələrin yüksək effektinin olması ilə əlaqədardır”.

O, həmçinin xora səbəbindən mədədə gizli zəif qanamaların da yarandığını deyib: “Bu, qidalanmadan, hər stress halından sonra kapilyarların partlaması nəticəsində baş verə bilər”.

C.Cəfərovanın sözlərinə görə, xroniki, müalicəyə tabe olmayan anemiyalar da mədə xorasının əlamətlərindən biridir.

Həkim onu da bildirib ki, uzun müddət ağrıkəsici qəbul edən şəxslərdə mədədə xora, digər problemlərin yaranmaması üçün mədə qoruyucu dərmanlardan istifadəsi çox vacibdir.

Xora müalicəsində xalq təbabətinin rolu barədə suala cavabında həkim bildirib ki, otlardan, dəmləmələrdən, şirələrdən kor-koranə deyil, həkim tövsiyəsi ilə istifadə etmək olar. Özfəaliyyət şəklində istifadə nəinki mədədə, digər orqanlarda problemlər yarada, hətta toksik hepatatilərə də səbəb ola bilər.

Mədə xorasının müalicəsində bitki dəmləmələrinin o qədər də effektli olmadığını deyən N. Cəfərovanın sözlərinə görə, bu halda daha çox kələm şirəsinin faydalı olduğu təsdiq olunub.

Həkim, mədəni qorumaq üçün çox soyuq, isti, turş, qızardılmış qidalardan istifadə etməməyi tövsiyə edib. Eyni zamanda mədə problemi olanları siqaret və alkoqoldan uzaq durmağa çağırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın