14:18 27 May 2014 10618
Ana səhifə Öncə Sağlıq

Nefroloq Elnur Fərəcov: “Böyrək köçürülən insanların 10 il yaşamaq şansı 97 faizdir...”

Nefroloq Elnur Fərəcov: “Böyrək xəstəlikləri bir çox hallarda, hətta böyrək çatışmazlığına qədər heç bir simptomla özünü büruzə vermir”

“Hemodializ müalicəsi alan xəstələrin ciddi ürək problemləri ortaya çıxır”

“Böyrək xəstəlikləri çox gizli keçən xəstəliklərdəndir. Əfsuslar olsun ki, bir çox hallarda hətta ən son mərhələyə, böyrək çatışmazlığına qədər heç bir simptomla özünü büruzə vermir. Hətta bəzi xəstələr biləndə ki, onlarda böyrək çatışmazlığı var, buna çox təəccüblənirlər. Çünki ağrıları, şikayətləri olmayıb”.

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan transplant-nefroloq, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası mərkəzinin mütəxəssisi Elnur Fərəcov deyib.

Elnur Fərəcov bildirib ki, böyrək çatışmazlığının, böyrəyin zədələnməsinin əsas simptomlarından biri yüksək arterial təzyiqdir: “Əgər heç bir problemi olmayan bir insanda birdən-birə təzyiq yüksəlirsə, o zaman mütləq böyrəklərin müayinə olunması barədə düşünmək lazımdır. Bunu sadə bir müayinə - sidiyin ümumi analizi ilə aşkarlamaq mümkündür. Çox ucuz və hər yerdə edilə bilən müayinədir. Risk qrupuna aid olan xəstələrdə sidiyin ildə iki dəfə analizi vacibdir"

Onun sözlərinə görə, böyrək xəstəliyinə vaxtında diaqnoz qoyularsa, düzgün müalicə başlandığı təqdirdə 100-də 90 faiz hallarda xəstələr tamamilə sağalır: “Amma problem vaxtında aşkarlanmasa, bu proses irəliləsə, onu geriyə qaytarmaq olmur. Böyrək çatışmazlığı irəliləyən və geri dönməyən prosesdir. Təəssüf ki, biz onu sadəcə, ləngidə, simptomatik müalicə edə bilirik. Son anda isə böyrək əvəzedici müalicə lazım gəlir. Bu ya böyrək transplantasiyası, ya da hemodializdir”.

Böyrək çatışmazlığının beş mərhələsinin olduğunu xatırladan nefroloq deyib ki, sonuncu mərhələyə keçid olandan, yəni böyrəklər öz funksiyasının cəmi 15 faiz yerinə yetirdiyi halda böyrək əvəzedici terapiyaya başlamaq lazımdır: “Təbii ki, ilk növbədə transplantasiya barədə düşünmək gərəkdir. O şəxslərə ki, böyrək çatışmazlığı diaqnozu qoyulub, onlara böyrək köçürülməlidir. Əgər xəstədə əks göstəriş yoxdursa, əməliyyat olunmalıdır. Hemodializ müalicəsi ilə xəstənin on il yaşamaq şanı 15 faizidir. Yəni yüz hemodializ müalicəsi alan xəstədən 10 ildən sonra cəmi 10-15-i dünyada qalır, qalanları dünyasını dəyişir. Niyə? Səbəb böyrək çatışmazlığı olmur. Hemodializ alan xəstələrin ciddi ürək problemləri ortaya çıxır. Onlarda ürək çatışmazlığı, ürək ritminin pozulması, miokard infarktı yaranır.

Təbii ki, hemodializ gözəl müalicə üsuludur. Əgər xəstənin böyrəyinin fəaliyyət gücü 15 faizdirsə, transplantasiya olunmursa, hemodializ edilməsə, cəmi 2 -3 ay yaşaya bilər. Amma hemodializ müalicəsi ilə insan qısa müddətə yaşayır, bu, uzun müddətə yaşamağı təmin eləmir. Amma transplantsiya olunan xəstələrin 10 il yaşamaq şansı 90-97 faizidir”.

Mütəxəssis onu da deyib ki, böyrək köçürülən insanlar normal şəxslərə bərabərdir. Sadəcə, onlar sağlam qidalarla qidalanmalıdırlar. Böyrək köçürülən xəstələr bütün zərərli vərdişlərdən qəti imtina etməlidirlər.

E. Fərəcovun sözlərinə görə, hemodializ müalicəsi alan qadınların hamilə qalmaq şansı olduqca kiçikdir: “Bu qadınların hamilə qalması risklidir.

Amma transplantasiya olunan qadınların ana olmaq şansı tam sağlam qadınların ana olmaq şansına bərabərdir”.

Nefroloq böyrək transplantasiyasına əsas əks göstərişin xərçəng xəstəliyi olduğunu açıqlayıb.

E. Fərəcov Azərbaycan cəmiyyətində böyrək probleminə münasibətdə də bir çox yanlış stereotiplərin olduğunu da vurğulayıb: “Məsələn, hemodializ olunana xəstəyə əməliyyat olmaz, böyrək köçürmək olmaz, şəkəri olanlara əməliyyat olmaz, böyrək köçürüləndən sonra cəmi iki il işləyəcək, sonra isə imtina edəcək, hepatitlərə böyrək köçürmək olmaz və sairə kimi. Bütün bunlar yanlışdır və yəqin ki, bu stereotiplər müasir tibbi biliklər olmadığı halda yaranır”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın