18:03 28 Oktyabr 2014 17539
Ana səhifə Öncə Sağlıq

Qastritin tam sağalması mümkündürmü?

Uzman doktor Tərlan Abbasov: “Qastritin olduğunu sübut etmək üçün mütləq endoskopiya, üstəgəl biopsiya müayinəsi aparılmalıdır”

“Biopsiya aparmadan xəstəyə qastrit diaqnozu qoymaq yanlışdır”

“Mədəsində narahatlığı olan hər xəstəyə endoskop müayinəsi tətbiq etmək olmaz”

“Qastrit mədənin selikli qişasının iltihabi prosesi, xəstəliyidir. Bu xəstəliyin olduğunu sübut etmək üçün mütləq endoskopiya, üstəgəl biopsiya müayinəsi aparılmalıdır”.

Bunu APA.TV-nin “Öncə sağlıq” proqramlında daxili xəstəliklər uzmanı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Qastroenterologiya bölməsinin baş ordinatoru, tibb xidməti polkovnik-leytenantı Tərlan Abbasov deyib.

Tərlan Abbasov deyib ki, histoloji müayinə zamanı mədənin selikli qişasında iltihabi proses getdiyi aşkarlanarsa, xəstəyə qastrit diaqnozu qoymaq olar: “Yox, iltihabi proses görünmürsə, deməli, şikayətə funksional dispepsiya deyilən hal səbəb olub. Xalq arasında tez-tez qastrit sözü işlənsə də, bu diaqnozu qoymaq üçün hökmən və hökmən endoskopiya və biopsiya müayinəsi aparılmalıdır. Biopsiya aparılmırsa, mədədə hansı problemin olduğunu fərqləndirmək qeyri-mümkündür. Kim biopsiya aparmadan xəstəyə qastrit diaqnozu qoyursa, yanlış edir. Biopsiya həm də qastritin tipini, iltihabın hansı səviyyədə olduğunu göstərir”.

Mütəxəssis onu da deyib ki, hər mədəsində narahatlığı olan xəstəyə endoskop müayinəsi tətbiq etmək olmaz: “Xəbərdarlıq simptomları olduqda xəstə endoskopik müayinəsindən keçməlidir. Avropada qəbul olunan qaydalara görə əgər xəstə ilk dəfə həkimə müraciət edirsə, onun keçmişində heç bir ağrısı olmayıbsa, ciddi bir şikayəti yoxdursa, xəstəni o anda endoskop müayinəsinə göndərmək şərt deyil. Həm praktik həkim, həm də uzmanlar səviyyəsində xəstələrə ilkin müalicə kursu təyin edilir. Müalicə ilə bu şikayətlər keçmədisə, bu zaman endoskop müayinəsi etmək vacibdir”.

Tərlan Abbasov bariumlu rentgenoqrafiyanın qastritlə bağlı diaqnoz qoymaq üçün tarixə qovuşmuş müayinə üsulu olduğunu da vurğulayıb. Onun sözlərinə görə, mədədə olan bir sıra problemlərlə bağlı bu müayinənin öz rolu olsa da, artıq Avropa ölkələrində qastritin, mədə xorasının diaqnostikasında bu müayinəyə ehtiyac görülmür.

Qastritin əlamətləri barədə danışan mütəxəssis deyib ki, mədəüstü nahiyədə həzmsizlik, bəzən epizodik küt ağrılar, köp, nadir hallarda da olsa qıcqırma, bəzən ağrılı udma, udma zamanı boğazda düyünlənmə hissi bu problem üçün xarakterik əlamət sayılır.

Qastroenteroloq qeyd edib ki, kəskin qastritlər zamanı şikayətlər anidən ortaya çıxır. Onun sözlərinə görə, ən çox qeyri-steroid, iltihab əleyhinə, ağrıkəsici preparatlar, çoxlu alkoqol qəbul edən insanlarda bu problem yaranır. Eyni zamanda stress keçirmiş, depressiyada olmuş, ağır cərrahiyyə əməliyyatları olunmuş, reanimasiya bölməsində yatan xəstələr, səhvən kimyəvi maddələr qəbul edən insanlarda kəskin qastrit ortaya çıxır.

Tərlan Abbasov spesifik qastritlərin bəzi mikroblar, bakteriyalar tərəfindən törədildiyini də açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, mədədə olan narahatlıqlarla bağlı həkimə müraciət edən hər yüz xəstədən 10-12-də qastrit ortaya çıxır: “Adətən yerdə qalan hallarda keçici bir problem olur. Funksional dispepsiyası olan insanlar adətən bir dərman, ya bir ot çayı içir və problemləri aradan qalxır. Belə olanda çox zaman deyirlər ki, qastritim keçdi. Amma qastritin belə asanlıqla keçməsi mümkün deyil. Mədədə yaranan problemlərlə bağlı ot çaylarının da faydası var. Sadəcə, onlardan doğru, yerində istifadə etmək lazımdır. Bütün bunlar həkimin tövsiyəsi olsa, yaxşı olar. Həmin çayların bir çoxu alışqanlıq yaradır. Bəzən də qəbizliyi olanlar nanə çayı içir, halbuki bu əks-göstərişdir”.

Tərlan Abbasov, müasir tibdə qastritin müayinəsi ilə bağlı ən mükəmməl üsullardan birinin də nəfəs testi olduğunu deyib: “Hətta bu, müalicədən sonra mikrobun hansı səviyyəyə, dərəcəyə qədər öldüyünü göstərən testdir. Mikrob nəfəslə xaric olduğuna görə bu test də onun üzərində qurulub, xəstəyə xüsusi bir kapsula içirdilir, sonra xüsusi bir torbaya nəfəs verilir və qastriti yaradan mikrob dənəsinə qədər ölçülür”...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın