18:41 11 Noyabr 2014 7923
Ana səhifə Öncə Sağlıq

Süd vəzi xəstəliklərindən qorunmağın yolu: erkən diaqnostika nəyi dəyişir?

Mammoloq-radioloq Nuridə Əfəndiyeva: “40 yaşı tamam olan bütün xanımlar süd vəzlərinin müayinəsi üçün həkimə müraciət etməlidir”

“Süd vəzilərində ağrı sindromu barədə əhali arasında yanlış fikirlər var”

“Rentgen-mammoqrafiya müayinəsi süd vəzi xərçənginin aşkarlanmasına görə qızıl standart sayılır”

“Artıq çəki süd vəzi xərçəngi riskini artırır”

“Hər bir qadın ayda bir dəfə süd vəzlərini özü müayinə etməli, bir dəyişikliyin olub-olmadığını öyrənməlidir. 40 yaşı tamam olan bütün xanımlar şikayətləri oldu-olmadı mammoloqun müayinəsinə getməlidirlər. İrsiyyətində süd vəzi problemi olanlar isə bu vərdişə daha tez - 35 yaşdan sonra alışmalıdırlar. Ümumiyyətlə, hər bir xanım bilməlidir ki, süd vəzi problemlərinin vaxtında qarşısının alınması üçün erkən diaqnostikanın böyük əhəmiyyəti var”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-radioloq, mammoloq Nuridə Əfəndiyeva deyib.

Süd vəzlərinin müayinəsində çoxsaylı metodlardan istifadə olunduğunu qeyd edən Nuridə Əfəndiyeva bildirib ki, buraya klinik müayinə, Rentgen-mammoqrafiya, Ultrasəs, Maqnit-rezonans, Kompüter-tomoqrafiya müayinələri aiddir: “Texniki proqresə baxmayaraq, klinik müayinə bu müayinələrin içində çox önəmli yer tutur. Ümumi baxış, süd vəzilərini və ətraf limfa düyünlərinin müayinəsi, palpasiyasını təkcə klinik həkimlər yox, həm də diaqnostika həkimləri mütləq aparmalıdırlar. Çünki diaqnozun qoyulması üçün bu çox önəmli bir vasitədir. Bizim xanımlarda Rentgen-mammoqrafiya müayinəsinə qarşı bir fobiya var. Bu bir az diskomfortlu müayinə sayılır. Çünki orda müayinə zamanı kompressiya olur. Bunsuz müayinə aparmaq olmaz. Amma xanımlarımız bilməlidirlər ki, kompressiyanın heç bir fəsadı olmur”.

Mütəxəssis deyib ki, Rentgen-mammoqrafiya müayinəsi süd vəzi xərçənginin aşkarlanmasına görə qızıl standart sayılır: “Başqa müayinələrdən fərqli olaraq bu müayinə zamanı xərçəng xəstəliyinin erkən mərhələsi olan hüceyrədaxili xərçəngi aşkarlamaq mümkün olur. Bu da həm xanımların sağlamlığı, həm də həyatlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir, olduqca vacib amildir.

Rentgen-mammoqrafiya müayinəsi əsasən 40 yaşdan sonrakı xanımlara tətbiq olunur. Burada yaş məhdudiyyəti var. Bu da onunla bağlıdır ki, 40 yaşa qədər xanımlarda radiogen xərçəng riski yüksək olur, həm də vəzi toxuması üstünlüyü olduğu üçün rentgen-mammoqrafiya müayinəsinin informativliyi aşağı düşür. Ancaq istisna hallar var. İrsiyyətində süd vəzi problemləri, xərçəngi riski olan xanımlar bu müayinəyə 35 yaşdan sonra cəlb olunmalıdırlar. Onlar 35 yaşa qədər iki ildə bir dəfə, 35 yaşdan sonra ildə bir dəfə mammoloqa müraciət etməlidirlər. Bu da onunla bağlıdır ki, irsi xərçənglər daha erkən, 40 yaşadək əmələ gələ bilər”.

Mammoloqun sözlərinə görə, Rentgen-mammoqrafiya müayinəsi digər müayinələrdən daha obyektiv hesab olunur: “Məsələn, mən hesab edirəm ki, USM müayinəsində az da olsa subyektivlik var. Bununla yanaşı hər bir qadın ayda bir dəfə süd vəzlərini özü müayinə etməli, bir dəyişikliyin olub-olmadığını öyrənməlidirlər. Hər xanım süd vəzlərinin quruluşunu müşahidə edib, öyrənməlidir. Təzə bir sahə əmələ gələndə xanım bunu həkimdən də yaxşı görür. Ona görə də ayda bir dəfə özü-özünü müayinə etməlidir.

Xərçəng olarsa, dəridə dartılmalar, limon qabığına bənzər qabarmalar olur. Amma bu hallar olmaya da bilər”.

Mütəxəssis qeyd edib ki, süd vəzilərində ağrı sindromu barədə əhali arasında yanlış fikirlər var: “Adətən deyirlər ki, ağrı varsa, süd vəzində olan problem xoşdur, ağrımırsa bəddir. Bu çox yanlış təsəvvürdür. Adətən 15 faiz hallarda ağrı olur, qalan hallarda klinik sindrom olmaya da bilər”.

N. Əfəndiyeva bildirib ki, süd vəzilərinin erkən diaqnostikasında ultrasəs müayinəsi də çox vacib müayinə sayılır: “Bəzən vəzi toxuması üstünlüyü olduğu hallarda Rentgen- mammoqrafiya müayinəsinin informativliyi çox aşağı düşə bilir. Bu zaman ultrasəs müayinəsinin aparılması zəruridir. Bu, köməkçi vasitədir, yanaşı aparılmalıdır. Həm də USM kistaların, solid törəmələrinin bir-birindən fərqləndirilməsi üçün vacib müayinə üsuludur”.

Süd vəzi problemləri ilə bağlı MRT müayinəsinin rolundan danışan N. Əfəndiyeva deyib ki, Rentgen-mammoqrafiya müayinəsinin həssaslığı 95 faizdirsə, MRT-nin həssaslığı 95,5 faiz hesab olunur: “Amma spesifikliyə görə MRT-nin spesifikliyi Rentgen-mammqorafiyadan aşağı sayılır. Təbii ki, göstəriş olduğu hallarda MRT müayinəsinə də üstünlük verilir”.

Süd vəzi xərçəngi ilə bağlı risk faktorlarına diqqət yetirməyin vacib olduğunu vurğulayan həkim-radioloq bunları deyib: “İrsiyyətində süd vəzi xərçəngi olan qadınlardan başqa, ginekoloji problemləri olan qadınlar risk qrupuna aiddir. Bəzi ginekoloji problemlər süd vəzlərində problemlər yarada bilər. Bundan başqa, gecikmiş doğuşu olan, qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkən, alkoqol qəbul edən, siqaret çəkən qadınlar risk qrupuna aid sayılırlar. Hesab olunur ki, bu hallar süd vəzi xərçəngi riskini artırır”.

N. Əfəndiyeva bunlarla yanaşı qadınları çəkilərinə diqqət yetirməyə çağırıb: “Biz hər zaman artıq çəkili xanımlara arıqlamağı tövsiyə edirik. Çünki orqanizmdə, eyni zamanda süd vəzi nahiyəsində piy toxuması çoxalırsa, orda qadın hormonları deposu yaranır. Bu isə xərçəng yaranması riskini artırır”...

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın