19:31 08 Aprel 2014 14491
Ana səhifə Öncə Sağlıq

Sürətli və sağlam arıqlamağın sirləri

Sürətli və sağlam arıqlamağın sirləri

Dietologiya uzmanı Məlahət Kərimova: “Pəhriz proqramlarına əməl edən zaman duzu azaltmaq, suyu çoxaltmaq lazımdır”

“Zülalların, yağların, karbohidratların, vitaminlərin vəhdət şəklində, normada qəbul olunması pəhrizin əsas şərtlərindən birdir”

“Orqanizminə hörmət edən, sağlamlığını düşünən hər bir kəs düzgün, balanslaşdırılmış pəhriz proqramlarına əməl etməlidir. Pəhriz seçilən zaman insanın yaşı, boyu, çəkisi, həyat tərzi mütləq nəzərə alınmalıdır. Buna əsasən, balanslaşdırılmış dietaya başlamaq olar”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan dietologiya uzmanı, Mərkəzi Gömrük Hospitalının mütəxəssisi Məlahət Kərimova deyib.

Dietoloq bildirib ki, yanlış pəhrizlər mədə-bağırsaq, ürək-damar sistemində ciddi problemlər yarada, qaraciyər, böyrək funksiyalarını poza bilər: “Bu gün əsasən də gənclər məşhurların sürətlə arıqlamasını örnək kimi qəbul edirlər. Su ilə, ac qalmaqla, bol zülallı qidalarla sürətli arıqlamaq düzgün yanaşma deyil. Zülalların, yağların, karbohidratların, vitaminlərin vəhdət şəklində, normada qəbul olunması pəhrizin əsas şərtlərindən birdir. Məsələn, belə bir dieta proqramı var - gün ərzində beş yumurta, beş stəkan qəhvə qəbul olunur. Bununla kilo verilə bilər, amma nəticədə nə baş verəcək, onu düşünmək lazımdır. Bu, tez bir zamanda özünü göstərməyə bilər, amma bir müddət keçəndən sonra belə bir dietanın orqanizm üçün mənfi fəsadları mütləq özünü göstərəcək”.

M. Kərimova deyib ki, şişmanlıq bir sıra hallarda çox qida qəbul etmək nəticəsində ortaya çıxır: “Düzdür, burada genetik faktorların da rolu var. Amma ananın körpə vaxtlarında uşağı həddən artıq çox yedirməsi sonradan şişmanlığın yaranmasına səbəb olur. Hər hansı hormonal pozuntular nəticəsində də şişmanlıq yaranır. Düzgün qidalanmama, gecə saatlarında qidaların qəbulu da şişmanlığa yol açan əsas amillərdən biridir. Fiziki hərəkətliliyin azlığı səbəbindən də şişmanlıq yaranır.

Hər bir normal insan axşam saat 6-dan sonra çox az miqdarda qida qəbul etməlidir. Saat 6-dan sonra aclıq hissiyyatı yaranırsa, qatıq, süd, kəsmik, qoz, fındıq, qara gavalı qəbul etmək olar. Təbii ki, hunlar da miqdarında qəbul edilməlidir. Məsələn, 5-6 ədəd qara gavalı, 4 ədəd qoz, 3 ədəd fındıq, qəbul etmək norma sayılır. Amma axşam saat 10-dan sonra heç bir qida qəbul etmək olmaz”.

Dietoloq səhər yuxudan duran kimi hər bir insanın kimi bir stəkan su qəbul etməsini, gündə 2-3 litr su içməli olduğunu və bunun artıq çəkidən xilas olmağa da kömək etdiyini vurğulayıb:

“Suyun yeməkdən yarım saat qabaq və ya yeməkdən yarım saat sonra içilməsi mütləqdir. Suyu ilıq qəbul etmək mədədə doyumluluq hissi yaradır, az yeməyə yol açır. Soyuq su isə mədədən tez həzm olur. Onu da yadda saxlamaq lazımdır ki, duzlu qidaları qəbul edib, çoxlu su içdikdə duz suyun orqanizmdən çıxmasına imkan vermir. Və belə olan halda orqanizmdə ciddi problemlər ortaya çıxır. Pəhriz proqramlarına əməl edən zaman duzdan az istifadə etməli, suyu çoxaltmaq lazımdır”.

Onun sözlərinə görə, qədərində qəbul olunan qəhvə də orqanizmdə olan yağların parçalanmasına yol açır: “Məsələn, bir gündə iki kiçik fincan qəhvə qəbul etmək olar. Normadan artıq qəhvə qəbulu mədədə olan problemlərin şiddətlənməsinə gətirib çıxarar”.

M. Kərimova onu da deyib ki, artıq çəkidən xilas olmaq istəyənlər meyvə və tərəvəzlərə, göyərtilərə üstünlük verməlidirlər: “Bir gündə bir alma, bir portağal, bir stəkan çiyələk, yarım banan qəbul etmək norma sayılır. Bundan artıq yemək artıq çəkiyə səbəb olur.

Ümumiyyətlə, dietoloq tərəfindən verilən balanslaşdırılmış qida rasionlarına əməl etmək lazımdır. Kor-koranə seçilən dieta proqramları nəticəsində böyük fəsadları əmələ gələ bilər”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın