14:40 14 Oktyabr 2014 12374
Ana səhifə Öncə Sağlıq

Ürək-damar xəstələrinə invaziv üsullarla müdaxilələr nə zaman tətbiq olunmalıdır?

Kardiologiya uzmanı Ülvi Mərzəyev: “İndi aritmiyalar, qapaq xəstəlikləri, anadangəlmə ürək qüsurları, insultlar zamanı da xəstələrə invaziv üsullarla yardım edilir”

İnvaziv üsullarla müdaxilənin fəsadları varmı?

“Ürək-damar problemi olan insanları əməliyyat etmədən, narkoz vermədən invaziv üsulla da müalicə etmək olur. Bu gün ürək-damar problemlərindən əziyyət çəkən yüzlərlə insana invaziv kardiologiya metodları ilə həm diaqnoz qoymaq, həm də müalicə etmək mümkündür”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya bölməsinin müdiri, uzman doktor Ülvi Mirzəyev deyib.

Kardiologiya uzmanı Ülvi Mirzəyev bildirib ki, əvvəllər bu üsullar müəyyən xəstə qrupuna, əsasən də damar tıxanması, işemik problemlər zamanı tətbiq olunurdusa, indi invaziv metodların tətbiq edildiyi sahələr artıb: “Hazırda aritmiyalar, qapaq xəstəlikləri, anadangəlmə ürək qüsurları, insultlar zamanı da invaziv üsullarla daha geniş xəstə qrupuna yardım edilir”.

Mütəxəssis deyib ki, xüsusilə infarkt keçirənlər, ağırlaşmış infarktı, ağciyər ödemi olanlar üçün müdaxiləvi əməliyyatlar mütləq aparılmalıdır: “Belə hallarda müdaxiləvi metodlara müraciətdə məqsəd tac damarındakı qan axımını bərpa etmək və mümkün olduğu qədər ürəkdə yaranan zədəni azaltmaqdır. Bu addımlar nə qədər tez atılsa, qan axımı nə qədər tez bərpa olunsa, xəstələr bir o qədər yaxşı fayda görür. Tac damarındakı qan axımının vaxtında bərpa edilməməsi ölümə və əlilliyə səbəb ola bilər. Xəstəyə müdaxilə vaxtında, yəni ilk 90 dəqiqə, ən uzağı 24 saat ərzində olmasa, ürək çatışmazlığı başlayır. Kəskin infarkt zamanı tac damarı tıxanır və onun qidalandırdığı bölgədə, ürək əzələsində zədə olur, sonra isə geri dönə bilməyən problemlər yaranır. Zamanında müdaxilə olmasa, həyati təhlükələr yaranır, ölüm nisbəti artır. Ölüm baş verməsə belə insan ömür boyu əlil qala bilir. Ona görə də xəstədə ağrı başlanan zaman dərhal təcili yardıma müraciət olunmalı, yerində kardioqram çəkilməli, miokard infarktı görülürsə, xəstə ən yaxında olan mərkəzə köçürülməlidir. Bundan sonra dərhal anjioplastika tətbiq olunmalıdır. Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Xüsusilə ilk üç saat ərzində müdaxilə baş verərsə, çox yaxşı nəticə alınır. Amma bu baş verməyibsə, ağrı davam edirsə, yenə də xəstə müdaxilənin aparıla biləcəyi mərkəzə mütləq köçürülməlidir”.

Ü. Mirzəyev deyib ki, stend tətbiqi kəskin koronar sindromlu xəstələr üçün ən faydalı üsuldur. Çünki bu üsul həm problemlərin qarşısını alır: “Anjioplastiika və stend tətbiqi ciddi şəkildə yaşam müddətinə təsir edir”.

Ü. Mirzəyev onu da vurğulayıb ki, müdaxiləvi və medikamentoz müalicədən sonra xəstələrin kardioloji reabilitasiyası aparılmalıdır: “Xəstə əvvəlki sosial statusuna qayıtmalıdır. Bəzən bütün lazımi addımların atılmasına baxmayaraq xəstə əvvəlki vəziyyətinə, həm fiziki, həm də psixoloji olaraq çətinliklə qayıdır, yaxud da qayıda bilmir. Ona görə də xəstə üçün xüsusi kardioloji reabilitasiya proqramı seçilməlidir. Bura həm də xəstənin ziyanlı vərdişlərdən uzaq tutulması, fiziki aktivliyə cəlb olunması, var olan ürək qüvvəsindən lazımi şəkildə istifadə olunması daxildir.

Yəni təkcə xəstənin tıxanan damarını açmaqla, ya da başqa problemini həll etməklə kifayətlənmək olmaz”.

Kardioloq deyib ki, kardioloji reabilitasiya zamanı çox yüksək fiziki aktivlik tövsiyə olunmur: “Biz stend taxılan insanlar üçün dinamik hərəkətlər təyin edirik. Məslən, gəzmək, bağda işləmək kimi hərəkətlər. Sürətli qaçışın xeyri yoxdur, amma gəzintinin faydaları çoxdur”.

Ürək-damar problemi olan, eyni zamanda müdaxiləvi müalicə almış insanların siqaretdən imtinasının vacibliyi barədə danışan mütəxəssis, alkoqolun ürəyə təsiri ilə bağlı mübahisələrin olduğunu qeyd edib. Kardioloq deyib ki, bir sıra yanaşmalara görə, həkimlə məsləhətli şəkildə qırmızı şərabdan qismən istifadə ürək üçün faydalıdır: “Təbii ki, həkimlə məsləhətləşərək təyin olunan dozalarda müsbət təsiri ola bilər. Lakin bu, hipertoniya xəstələrinə aid deyil”.

“Müdaxiləvi üsulların tətbiqinin riskləri varmı” sualına cavab olaraq kardiologiya uzmanı deyib ki, şəkərli diabet, böyrək çatışmazlığı kimi hallar anjioplastika üçün riskli hesab olunur: “Məsələn, biz anjioplastika zamanı xüsusi kontrast maddələrdən istifadə edirik. Həmin maddələr böyrək toxumasına zərər verəcək maddələrdir. Bu maddələr böyrək çatışmazlığını artıra bilər. Daha yayğın aterosklerozun olması da risk faktorlarına daxildir”.

Onun sözlərinə görə, anjioqrafiya müayinəsinin aparılmasına əks-göstsəriş olması halları çox azdır: “Qan xəstəlikləri, laxtalanma problemləri olan hallarda, damara daxil olunan bölgədə hər hansı infeksiya olarsa, risk yarana bilər. Amma əks göstərişlər çox nadir hallarda yaranır”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın