09:20 31 Yanvar 2017 7702
Ana səhifə Öncə Sağlıq

Uşaqlarda qızdırma: yanlış tədbirlər hansı fəsadlara yol açır?

“Hər şeydən əvvəl qızdırmanın fizioloji bir vəziyyət, yoxsa xəstəlik əlaməti olduğunu aydınlaşdırmaq lazımdır”

“Antibiotiklərdən hərarət salan dərman kimi istifadə olunması yanlışdır”

“Qızdırma bir gündən artıq davam edirsə, həkimə müraciət olunmalıdır”

“İlkin mərhələdə qızdırmanı dərmanla yox, fiziki üsullarla aşağı salmaq lazımdır”

“Virus əleyhinə istifadə olunan simptomatik dərmanlar xəstəliyin daha çox davam etməsinə səbəb olur”

“Qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək olmaz”

“Bəzən 37,5 dərəcə temperaturda da qıcolma baş verə bilər”

“Risk qrupuna aid olan uşaqlarda qızdırma 37,5 olan kimi tədbir görmək lazımdır”

“Qızdırmadan yaranan qıcolmanın ilk üç yaşda yenidən təkrarlanma riski var”

“Temperaturun qalxması uşaqlarda ən çox rast gəlinən hallardan birdir. Qızdırma xəstəlik deyil, simptomdur və heç də hər zaman xəstəlik əlaməti kimi ortaya çıxmır. Amma yüksək hərarət varsa, səbəbsiz deyil. Bu səbəbin nə olduğunu araşdırmaq gərəkdir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi Nigar Sədiyeva deyib.

Mütəxəssis bildirib ki, hər şeydən əvvəl qızdırmanın fizioloji bir vəziyyət, yoxsa xəstəliyin əlaməti olduğunu aydınlaşdırmaq lazımdır. Bunu ayırd etmək üçün uşaq klinik olaraq hərtərəfli dəyərləndirilməlidir.

Onun sözlərinə görə, temperatur bəzən adi fizioloji hal, bəzən isə ciddi bir problemin göstəricisi ola bilər: “Yəni temperaturun yüksəlməsi ətraf mühit faktorları ilə, uşağın susuz olması, Günəş şüalarına məruz qalması, diş çıxarması ilə də bağlı ola bilər. İstənilən bu kimi vəziyyətlərdə bədən temperaturu qoruyucu mexanizm kimi də yüksələ bilər.

Adətən valideynlər hərarət 37 olan kimi təlaşa düşürlər. Əsas yanlış budur. Halbuki yeni doğulmuşda 37,5 temperaturu normal sayılmalıdır”.

“Temperatur varsa, demək bədəndə infeksiya var” fikrinin yanlış olduğunu deyən həkim bildirib ki, temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir: “Ola bilər ki, temperatur var, amma infeksiya yoxdur, araşdırma aparanda uşaqda şiş olduğu, hərarətin bunun əlaməti olduğu aydın olar. Ona görə də yüksək temperatur varsa, həkim tərəfində dəyərləndirilməlidir”.

N. Sədiyeva deyib ki, uşaqlarda qızdırma bir gündən artıq davam edərsə, həkimə müraciət edilməlidir:

“Yaxşı olar ki, valideynlər hərarət olan kimi uşağa qızdırma salan dərmanlar verməsinlər. İlk növbədə hərarəti salmaq üçün fiziki üsullara müraciət olunmalıdır.

Orta dərəcəli hərarət varsa, əlavə vasitələr olmadan uşağı soyundurmaq, ilıq bezlərdən istifadə edərək su ilə kompres qoymaq, ilıq duş qəbul etdirmək lazımdır.

Yox, temperatur çox yüksəkdirsə, risk faktorları varsa, ailədə hərarətdən qıcolma keçirmək kimi hallar olubsa, o zaman dərmandan istifadə edilməlidir”.

Onun sözlərinə görə, qızdırmalı uşağa soyuq duş qəbul etdirmək yanlış addımdır: “Uşaqlarda 37,5 temperatur görən kimi bədəni soyutmağa çalışır, soyuq duşun altına salırlar.

Bu, yanlış addımdır. 37,5 həddə olan temperaturu birdən-birə aşağı salmaq uşaq orqanizmində hipotermik bir vəziyyət yaradır. Bu zaman hipotermiyanın yaratdığı

problemlərlə üz-üzə qalırıq. Nəzərə almaq lazımdır ki, temperatur orqanizmin qoruyucu reaksiyasıdır.

Həm də soyuq deyil, ilıq sudan, yəni uşağı bədən hərarətindən bir qədər aşağı olan sudan istifadə etməyi tövsiyə edirik. 29-32 dərəcə temperaturda olan sudan vanna kimi istifadə olunmalıdır.

Duşu ayaqdan başlayaraq etmək lazımdır. Temperatur bununla da düşmürsə, o zaman dərman preparatlarından istifadə etmək olar”.

Mütəxəssis qızdırma zamanı yol verilən əsas yanlışlardan birinin də antibiotik tətbiqi olduğunu vurğulayıb: “Bəzən hesab edirlər ki, antibiotiklərdən istifadə hərarətin salınmasında yaxşı effekt verir. Antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır”.

Həkim onu da deyib ki, kəskin respirator infeksiyaların ilkin mərhələsində simptomların zəifləməsi üçün dərmanlardan istifadə yanlış addımdır: “Halbuki istifadə olunan dərmanların tərkibində elə maddələr var ki, ilkin mərhələdə burunda selik ifrazını azaldır. İfrazın artması əslində qoruyucudur. Bununla tənəffüs tənzimlənir, burun özü-özünü viruslardan qorumağa çalışır. Eyni zamanda virus infeksiyalarının aşağı tənəffüs yollarına daxil olmasına mane olur. Bu dərmanların qəbulu xəstəliyin ilk günlərində simptomların yüngülləşməsinə şərait yaratsa da, xəstəliyin davam etmə müddətini uzatmış olur.

Çünki bu dərmanları qəbul etməklə qoruyucu mexanizmlərin qarşısını alırıq. Biz bunun əvəzində bol maye qəbul edilməsini məsləhət görərdik. Bu, hər şeydən əvvəl temperaturla mübarizədə effektli addımdır. İkincisi, burun tənəffüsünü açıq tutmaq lazımdır. Yaşı nəzərə almaqla fərqli burun damcılarından istifadə etmək olar”.

Mütəxəssis deyib ki, qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək yanlışdır, çünki bu kimi hallarda uşaq toksik təsirinə məruz qala bilərlər.

Pediatr ilk üç yaşda qızdırmalı uşaqlara “Aspirin” preparatı verməyin ziyanlı tərəflərini açıqlayıb: “Konkret olaraq bu preparatın qaraciyərə və beynə toksik təsiri Reyno sindromu ilə nəticələnə bilər”.

Qızdırma zamanı yaranan qıcolmalar barədə suala cavabında N. Sədiyeva deyib ki, qızdırma fonunda qıcolmanın baş verməsi üçün mütləq yüksək 39-40 dərəcə temperaturun olması şərt deyil: “Bəzən temperaturun 37,5 olduğu halda da qıcolmanın baş verməsi mümkündür.

Biz adətən hərarət 38,5-i keçəndə hərarət salan dərmanların tətbiqini tövsiyə edirik. Amma ailədə qıcolma ilə bağlı risk faktoru varsa, bu kimi hallarda artıq temperaturun 37,5 olması bizim üçün sərhəd olur”.

Həkim belə hallarda rektal, yəni bağırsağa yeridilən preparatların istifadəsini tövsiyə etmədiklərini bildirib.

N. Sədiyevanın sözlərinə görə, qızdırma zamanı hərarət salan dərmanlardan istifadə edərkən mütləq yaş faktorları nəzərə alınmalıdır.

Onun sözlərinə görə, 6 aya qədər uşaqlarda bəzi hərarət salan dərmanlar əks göstərişlidir.

Dərmanların əks göstərişlər barədə danışan həkim deyib ki, onlar mütləq həkim tövsiyəsi və düzgün dozada, dəqiq şəkildə istifadə olunmalıdır.

Mütəxəssis, temperatur fonunda baş verən qıcolmanın ilk üç yaşda təkrar olunma riskinin olduğunu da qeyd edib. Bildirib ki, qıcolma 2-3 dəqiqədən çox davam edirsə, beynin oksigenlə təmin olunması funksiyası pozulur, bunun da fəsadları ola bilər:

“Qıcolma baş veribsə, bunun sadəcə, adi bir qızdırmaya bağlı olan, yoxsa beyində olan problemlə bağlı ortaya çıxan bir hal olduğu dəqiq araşdırılmalıdır. Yalnız bundan sonra valideynə qıcolmaya qarşı hansı profilaktik tədbirləri görməyi, qıcolma zamanı nə etməyin vacib olduğunu tövsiyə edirik.

İlkin olaraq tənəffüs pozulmasının qarşısını almaq lazımdır və təbii ki, qızdırmanı aşağı salmaq üçün tədbirlər görülməlidir. Belə uşaqlara əvvəlcədən qıcolma əleyhinə preparatlar təyin olunur və valideynə izah olunur ki, temperatur 37,5-i keçərsə, həmin preparatlardan istifadə olunsun”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın