12:40 10 İyun 2016 7474
Ana səhifə Öncə Sağlıq

Uşaqlarda səpgilər, qaşınmalar: təhlükə varmı?

“Uşağın dərisində olan istənilən problem araşdırılmalıdır”

“Heç bir səpki olmadan dəridə qaşınmanın səbəbi adi infeksion xəstəlikdən tutmuş onkoloji problemə qədər ola bilər”

“Dəri problemlərinin irsiyyətlə birbaşa bağlılığı var”

“Uşaqların dərisini nəmləndirməklə bir çox xəstəliklərin qarşısını almaq olar”

“Günəş qoruyucu kremlərdən iki saatdan bir istifadə olunmalıdır”

“Dermatitin səbəbindən uzaq olanda problem aradan qalxır”

“Körpələrdə üzdə yaranan ağ ləkələrə, bədəndəki sızanaqlara toxunmaq olmaz”

“Uşaqlarda kəpək varsa, zeytun yağı ilə onu aradan qaldırmaq olur”

"Son zamanlarda uşaqlarda bir çox xəstəliklər olduğu kimi dəri problemləri də geniş yayılıb. Uşaqlarda, xüsusən də körpələrdə dəri problemləri çox həssas bir məsələdir. Azyaşlıların dərisi böyüklərin dərisinə nisbətən daha zərifdir. Kiçik yaşlarda dərinin özünümüdafiə qabiliyyəti çox zəif olur. Ona görə də uşaqlarda dəri problemlərinə daha həssas yanaşmaq lazımdır”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor Lalə Cahangirova deyib.

Körpələrin dərisində baş verən dəyişikliklərin bir çox hallarda fizioloji proseslərlə bağlı olduğunu bildirən dermatoloq vurğulayıb ki, bu kimi hallarda həyəcanlanmağa əsas olmamalıdır:

“Hər bir ailədə uşaq anadan olan kimi dəridə baş verən fizioloji dəyişikliklər çox həssaslıqla izlənilir. Məsələn, bəzi uşaqlar doğulanda dərisi tüklə örtülü olur. Ən çox da qız uşaqlarının anaları bundan narahat olurlar. Bu hal narahatçılığa səbəb olmamalıdır. Az sonra bu tüklər tökülür. Əksər hallarda yeni doğulan uşaqların burunlarının üzərində ağ sızanaqlar yaranır. Hətta onları sıxmağa çalışan analarda var. Onları sıxmaq olmaz, çünki iki-üç həftə ərzində öz-özünə gedəcək.

Dəridə soyulmalar da yarana bilər. Onlar heç bir tədbir görülməsə belə, 7-10 günə keçir. Üzdə yağlanmanın, sızanaqların əmələ gəlməsi mümkündür. Bunlar da maksimum iki ay ərzində hər hansı tədbir görülməsə də, öz-özünə itir. Əgər daha böyük yaşlarda, yeniyetmələrdə belə bir problem yaranarsa, buna qarşı tədbir görülməlidir”.

L. Cahangirovanın sözlərinə görə, körpələrdə saçlı dəridə kəpəyin yaranması da normal hal sayıla bilər: “Belə hallarda körpələri çimdirməzdən əvvəl həmin hissəyə bir saat əvvəl zeytun yağı çəkmək lazımdır. Bir saatdan sonra körpəni yuyunduranda yumşaq saç darağı ilə darayanda kəpək tökülür. Bunu bir neçə dəfə təkrarladıqda problem tamamilə ortadan qalxır.

Bəzən isə uşaqların dərisində mərmərə bənzər bir hal yaranır. Valideynlər bundan çox narahat olurlar. Bunu ürək- damar problemlərinin əlaməti kimi yozanlar da olur. Mən istərdim ki, valideynlər bu mövzuda da narahat olmasınlar, əksinə rahat olsunlar. Çünki bu fizioloji haldır. Buna əhəmiyyət vermək lazım deyil, bu hal öz-özünə tədricən aradan qalxır”.

Böyüklərə nisbətən uşaqların dərisinin daha quru olduğunu deyən L. Cahangirova uşaqların dərisini daim nəm saxlamağın zəruri olduğunu vurğulayıb: “Uşaq dərisi quru qalanda qıcıqlanmaya daha çox meylli olur. Çiməndən sonra dərini mütləq nəmləndirmək lazımdır. Bununla bir çox dəri xəstəliklərinin qarşısını almaq olar.

İsti aylarda müxtəlif həşərat dişləmələri nəticəsində uşaqların dərisində səpkilərə çox rast gəlinir. Bundan sonra allergik reaksiyaların da yaranması mümkündür. Bəzən belə səpkilər bədəninin əksər hissəsində yayıla bilir. Bu ciddi narahatçılığa səbəb olur.

Bağçaya, məktəbə gedən, idmanla məşğul olan uşaqlarda yoluxucu virus mənşəli səpkilərin yaranması mümkündür. Əfsuslar olsun ki, bəzi poliklinikalarda valideynlərə bu halın öz-özünə keçib gedəcəyini deyirlər. Kiçik səpkilər çox nadir olsa da, öz-özünə keçib getməsi ehtimalı var. Amma bəzən belə səpkilərin yayılması və çoxalması mümkündür. Bunlar böyük sahəni əhatə edəndə izləri qalır, hətta üzdə sonradan keçib getməsi çətin olan kosmetik defektlərə də gətirib çıxarır. Səpkilər müxtəlif nahiyələrdə dəri rəngində, yumru, özəkli içi qatı ağ maddə şəklində olur . Belə səpkilərə diqqətlə yanaşılmalı və yoluxucu olduğundan vaxtında müalicə olunmalıdır”.

Uşaqların 90 faizində toza qarşı allergiyaların yarandığını deyən dermatoloq bildirib ki, ümumiyyətlə, allergiya diaqnozu qoyulmuş uşaqların ailələrinin məişət şəraitini dəyişdirmələri mühümdür:

“Uşaqlarda toza qarşı allergiyanın olduğu təsdiqlənərsə, bu zaman uşağı tozdan qorumaq lazımdır. Mümkün olduğu qədər toz yığan əşyaları evdən yığışdırmaq gərəklidir. Allergiyalı uşaqlar olan ev tez-tez havalandırılmalıdır. Uşaq otağında kitab olmamalı və bütün yataq və yastıqlar sintifon olmalıdır. Otaqların küləksiz havada tez-tez havası dəyişdirilməlidir. Küləkli havalarda isə hava kondensioner vasitəsilə dəyişilməlidir. Belə hallarda kondensionerlərin filtrləri tez-tez açılıb təmizlənməlidir.

Əgər uşağın valideyninin siqaret çəkmək kimi zərərli alışqanlığı varsa, yaxşı olar ki, bu vərdişdən uzaqlaşsın, ən azı uşağın yanında çəkməsin”.

Uşaqlarda dermatitlər barədə danışan mütəxəssis dermatitlərin növündən asılı olaraq şiddətli qaşınmalar yaratdığını deyib: “Uşaq dərini qaşıdıqca qaşımaq istəyir. Buna imkan vermək olmaz. Qaşınma zamanı dəri zədələnir və bu prosesə infeksiyanın daxil olması daha ağır fəsadlara səbəb ola bilər. Uşaqların əllərini təmiz saxlamaq, dırnaqlarını dibindən tutmaq lazımdır. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Hər şeydən əvvəl dermatitin səbəbi aşkar olunmalıdır. Həmin səbəbdən uzaq qalanda problem aradan qalxır”.

L. Cahangirova bu və bu kimi hallarda uşaqlara pambıq parçadan paltarlar geydirməyin vacib olduğunu vurğulayıb.

Mütəxəssis onu da deyib ki, son zamanlarda uşaqlarda dəri xəstəliklərinin artması səbəbilə xəstəliyin yaşı cavanlaşıb: “Bəzi xəstəliklər yaşlılarda yaranırdısa, indi həmin xəstəliklər uşaqlarda da aşkarlanıb. Məsələn, uşaqlıqda suçiçəyi olan hər bir kəs ömrünün sonuna qədər bu virusun daşıyıcısı olur. Bu virus 50 yaşından yuxarı olan yaşlılarda imuniteti zəif anında kəmərvari dəmirov şəklində yenə özünü büruzə verir”.

Bəzi dəri xəstəliklərinin səbəbinin bəlli olmadığını deyən həkim onu da qeyd edib ki, bu xəstəliklər (pullu dəmirov, vitiliqo və s) hər yaşda təkrarlana bilər.

Mütəxəssis əksər dəri xəstəliklərinin genetik olaraq keçdiyini deyib: “İnfeksion problemləri istisna etməklə, dəri problemlərinin irsiyyətlə birbaşa bağlılığı var. Atopik dermatitin özü də irsi olaraq keçir”.

Həkim vurğulayıb ki, ümumiyyətlə, uşağın dərisində yaranan hər hansı bir problem araşdırılmalıdır: “Heç bir səpki olmadan dəridə qaşınma varsa, buna əhəmiyyətsiz bir hal kimi yanaşmaq olmaz. Heç bir səpki olmadan dəridə qaşınmanın səbəbi adi infeksion xəstəlikdən tutmuş onkoloji problemə qədər ola bilər. Yadda saxlamaq lazımdır ki, dəri xəstəlikləri əksər hallarda orqanizmdə olan digər xəstəliyin əlamətidir.

Dərinin rəngi də bizə daxili orqanlardakı problemlərindən xəbər verir. Ona görə də diqqətli olmaq lazımdır".

Dəridəki xallara da biganə yanaşmağın tərəfdarı olmayan mütəxəssis deyib ki, dəridəki xallar ən azı bir dəfə həkim müayinəsindən keçməlidir: “Çünki adi xal kimi görünən qəhvəyi ləkənin altında dəri xərçəngi yata bilər. Xüsusilə, diametri 5 mm-dən böyük olan, kənarları girintili-çıxıntılı lakin yumru olmayan iki rəngdən çox olan və zaman içərisində dəyişməyə meylli olan xalları daha da diqqətli müayinə etdirib və lazım gələrsə zamanında çıxarılması vacibdir. Xalq arasında xala “bıçaq vurmaq olmaz” deyirlər. Amma tibdə bunun heç də doğru olmadığını hamı bilməlidir”.

Günəşdən qoruyucu kremlərdən düzgün istifadə barədə danışan dermatoloq deyib ki, bu, bir çox dəri problemlərin yaranmasının qarşısını alır: “Günəş qoruyucuları uşaqlar üçün xüsusi seçilməli, dəriyə yaxılması asan olmalı, qoruyucu dərəcəsi SPF 30 dan çox olmalıdır. Hər bir ananın çantasında mütləq günəşdən qoruyucu krem olmalıdır . Bayıra çıxmazdan 20 dəqiqə öncə sürtülməli və ondan hər iki saatdan bir istifadə olunmalıdır”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın