16:22 21 Oktyabr 2014 44163
Ana səhifə Öncə Sağlıq

Yeni doğulmuşlarda sarılıq: təhlükəli hal nə zaman yaranır?

Sarılığın çox yüksək olduğunu hansı əlamətlə bilmək mümkündür?

Uzman doktor Erkin Rəhimov: “Bəzən sarılıqla bağlı lazımsız müalicələrə başlanır...”

“Dünyanın inkişaf etmiş heç bir ölkəsində sarılığın qlükoza, şəkərli su ilə müalicəsi deyilən bir anlayış yoxdur”

“Ən təhlükəli hal uşaqlarda artıq bilirubinin beyinə toplanması, beyində problemin yaranmasıdır”

“Vaxtında doğulan uşaqların 60, vaxtından əvvəl doğulanların isə 70-80 faizində sarılıq

müşahidə olunur. Yeni doğulanların keçirdiyi sarılıq böyüklərdəki sarılıqdan fərqlidir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr-neonatoloq , uzman doktor Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, sarılıq ən çox uşaqlar anadan olandan 2-3 gün sonra ortaya çıxır: “Yeni doğulmuşlarda yaranan sarılıq halı ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, sarılığın səviyyəsi çox olmadığı hallarda əslində uşaqların xeyrinədir. Sarlığın yaranması fizioloji prosesdir. Amma bir sıra hallarda fizioloji proses zamanı pozuntular da yaranır və bu hal qanda sarılığın çox yüksəlməsinə səbəb olur”.

Erkin Rəhimov deyib ki, körpələrdə sarılıq artdıqca dəriyə sarı rəng verməklə yanaşı bir sıra başqa simptomlar da yaradır: “Uşaqlarda bilirubin maddəsi artdıqca süstləşmə, yuxululuq, zəiflik müşahidə olunur, əmmədə zəiflik yaranır. Uşaqların incə bir səslə ağlaması da müşahidə edilə bilər. Biz həmişə analara deyirik ki, süstlük yaranarsa, uşağı mütləq həkimə aparın. Ən təhlükəli hal uşaqlarda artıq bilirubinin beyinə toplanması, beyində problemin yaranmasıdır. Bu zaman beyində tonus artır, hərəkətlərdə pozuntular yaranır, titrəmələr ortaya çıxır. Bu əlamətlər varsa, deməli qanda bilirubin çox artıb. Yeni doğulan uşaqlarda biluribinin beyində toplanması beynində hərəkəti tənzimləyən yerdə fəsadlara səbəb olması qorxduğumuz haldır”.

E. Rəhimov deyib ki, sarılıq diaqnozunu dəqiq qoymaq üçün uşağı tam soyundurub gün işığında baxmaq lazımdır: “Günəş işığında sarlılığın artdığı, ən başlıcası gözlərdə sarılıq görünürsə, sarılıq göbək səviyyəsindən aşağı enibsə, bütün bunlar risk faktorları sayılır. Ən çox qorxduğumuz hal isə ayaqlarda sarılığın görünməsidir. Bu isə o deməkdir ki, sarılıq çox yüksəlib. Əgər bu halın vaxtında qarşısı alınmasa, fəsadları çox ola bilər”.

Bəzən sarılıqla bağlı lazımsız müalicələrə başlandığını deyən mütəxəssis hesab edir ki, əslində fizioloji halda sarılıq izlənməli, ehtiyac yoxdursa, müalicə

təyin olunmamalıdır: “Bilmək lazımdır ki, fizioloji və patoloji sarılıqları ayıran kriteriyalar var. Uşaqda ilk gündən sonra sarılıq yaranırsa, fizioloji sarılıqdır. Amma burada bilirubinin artma sürəti önəmlidir. Məsələn, sarılıq ikinci gün ortaya çıxa, amma bilirubinin artması sürətlə gedə bilər. Sürətlə irəliləmə gedirsə, deməli bu patoloji kriteriyadır. Ortada risk faktorları varsa, vaxtında doğulan uşaqda iki həftədən çox davam edən, vaxtından əvvəl doğulanlarda isə 3 həftədən artıq sarılıq olursa, hərəkət pozğunluqları yaranırsa, bu, patologiya sayılır. Fizioloji sarılıq çox zaman 2 və 4-cü gün arasında başlayan bir haldır. Belə hallarda vaxtında doğulan uşaqlarda 7-10 gün ərzində keçən, bəzən isə 14 – 15 günə qədər uzanan sarılıq olur. Fizioloji sarılığın çox zaman müalicəyə ehtiyacı olmur. İstənilən halda uşaqlarda sarılıq müşahidə olunan kimi mütləq həkimə müraciət etmək lazımdır”.

Sarılıqla bağlı yanlış təsəvvürlərə toxunan mütəxəssis daha sonra bunları deyib: “Bəzən hansısa inanclara əsaslanaraq sarılıq keçirməsin deyə uşaqlara yanlış olaraq sarı rəngdə paltar geyindirirlər. Bu isə gözü yanıldır. Biz bunu tövsiyə etmirik. Yaxşı olar ki, yeni doğulan uşaqlara ilk zamanlar sarı geyindirməsinlər, çünki bu valideynləri yanıldar, sarılıq olduğu halda bunu yaxşı sezməyə bilərlər”.

Erkin Rəhimov onu da deyib ki, yeni doğulanlarda sarılığın müalicəsi üçün qlükozadan, şəkərli sudan, baldan istifadə olunması ziyanlıdır: “Bütün bunlar uşaqlara ziyan verir. Qlükoza qəbul edən uşaqda toxluq hissi yaranır və əslində sarılığın müalicəsi üçün vacib olan ana südünü almır. Ötən əsrin 80-ci illərindən sonra aparılan tədqiqatlar göstərir ki, uşağa sarılıq zamanı qlükoza, şəkərli su verilməsinin xeyrindən çox zərərləri var. Sarılığı olan uşağı sadəcə, tez-tez əmizdirmək lazımdır. Uşaq daha çox əmdikcə bədəndə daha çox kalori toplanır. Ana südündə həm qlükoza, yəni karbohidrat var, həm zülal var, həm yağlar, minerallar, vitaminlər var, bir sözlər çox zəngindir. Qlükoza dediyimiz isə sadəcə, şəkər, karbohidratdır. Aparılan elmi tədqiqatlar da sübut edib ki, uşaq daha çox ana südü əmdikcə sarılığı yaradan bilirubinin miqdarı aşağı düşür. Amma uşağa qlükoza verdikcə onda toxluq yaranır və ana südünü əmə bilmir. Təbii ki, bu ciddi təhlükədir. Uşaq əmmədikcə ana südü də azalır və süni qidaya keçid baş verir. Dünyanın inkişaf etmiş heç bir ölkəsində sarılığın qlükoza, şəkərli su ilə müalicəsi deyilən bir anlayış yoxdur. Bəzən belə hallarda uşaqlara bal da verilir. Bir yaşına qədər uşaqlara bal vermək çox təhlükəlidir, bu hətta ölümə səbəb ola bilər. Balda olan bakteriyalar var ki, bu bəzi hallarda bir yaşına qədər olan uşaqlarda öldürücü xüsusiyyətə malik olur. Bütün bunlar aparılan elmi tədqiqatlarla sübut olunub. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, körpələrə, ələlxüsus da neonatoloji dövrdə - ilk 28 gündə olanlara verilən hər bir dərmanın, qidanın əks təsiri ola bilər, ona görə çox diqqətli olmaq lazımdır. Ana südündən fərqli nə olursa, olsun uşağa ziyan verə bilər”.

Mütəxəssisin sözlərinə görə, daha bir yanlış hal sarlığı olan uşaqların günəş işığı alında saxlanmasıdır: “Bu da çox əsası olmayan bir müalicə növüdür. Ola bilsin ki, tibdə sarılıq zamanı işıq müalicəsi var deyə bəlkə də düşünürlər ki, problem günəş işığı ilə da aradana qalxar. Əksinə bunun ziyanları var, hətta günəş yanıqları əmələ gələ bilər. Çünki uşaqların dərisi çox həssasdır. Sarılıq zamanı bilirubinin miqdarı çox yüksək olduqda uşaqları fototerapiya ilə müalicə etmək olar”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın