14:01 18 Aprel 2021 63

Qazi gizir: “Dedim ki, dözə bilmirəm, məni torpaqla söndürün!” - REPORTAJ

44 günlük Vətən Müharibəsinin tarix yazan qəhrəmanlarından biri də gizir Vüqar Həsənovdur.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Vüqar Samux rayonunun Ağasbəyli kəndində anadan olub.

14 ildir ki, Azərbaycan Silahlı Qüvvələrində döyüş maşın komandiri kimi xidmət edir. Ötən il sentyabrın 27-də müharibə başlayan zaman qulluq etdiyi hərbi hissədən könülü olaraq döyüşə gedib. Vətən Müharibəsində cəbhənin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Gizir Vüqar Həsənov müharibənin ilk günündə Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iki döyüş yoldaşı ilə birlikdə yaralanıb. Yoldaşlarını hospitala təxliyə edib, özünün yaralandığını isə komandirindən gizlədib və yaralı halda yenidən döyüşlərə qatılıb: “Ondan sonra yenə yeni ekipaj verdilər, döyüşümü davam etdirdim. Həmin günü qəlpələr ağrılar verdi. O ağrılara dözdüm, çünki torpaqlarımız işğaldan azad olunurdu. Demək olar, hər günümüz uğurla keçirdi. Düşmənin canlı qüvvəsini məhv edirdik. Düşmən çox aciz qalmışdı. Onlar döyüş texnikalarını və sursatlarını atıb qaçırdılar”.

Vüqar Həsənov yaralı halda 3 gün düşmənlə üz-üzə döyüşüb. Müharibənin 3-cü günü Xocavənd rayonunun Hadrut qəsəbəsində BMP-si ilə ikinci dəfə düşmənin atəşinə tuş gəlib. Atəş nəticəsində maşında güclü yanğın başlayıb. Həmin vaxt Vüqar Həsənov özü və sürücüsü ağır yanıq xəsarətləri alıb, tuşlayıcısı isə şəhid olub: “Yerə düşdüm, mexanikə dedim ki, dözə bilmirəm, məni torpaqla söndürün. Maşında yanacaq çəni partlamışdı. Sağ olsun uşaqlar, köməklik elədirlər. Bir dənə onu dedim ki, maşındakı uşağı çıxarın. Sonra huşumu itirdim”.

Vüqar əvvəlcə Fizulidə yerləşən hospitala, daha sonra Saatlı xəstəxanasına yerləşdirilib, oradan isə Bakı şəhərində yerləşən 5 nömrəli yanıq xəstəxanasına aparılıb. Elə Azərbaycan Ordusunun qələbə xəbərini də xəstəxanada müalicə olunarkən eşidib: “Sözün açığı, biz şəhid olmaq istəyirdik, əsir düşmək istəmirdik. Baxırdı körpə uşaqdır, 18-19 yaşı var, silahı götürüb sinəsini erməninin qabağında verir. Bizdə ruh yüksəkliyi çox idi”.

Qazimizin atası Asim Həsənov deyir ki, oğlu müharibədən bir gün əvvəl - sentyabrın 26-da zəng edərək, ondan halallıq istəyib: “Çox sağ olsunlar həkimlər, oğlumu sağaltdılar. Allahın bu gününə min şükür ki, oğlum sağ-salamat yanımdadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən oğlumla fəxr edirəm. Ali Baş Komandanımız sağ olsun!”

Əmisi Rabil Həsənov da onunla qürur duyduqlarını, yenilməz ordumuzun Ali Baş Komandanı İlham Əliyevin yanında olduqlarını bildirib: “Mən Azərbaycan xalqının belə igidləri ilə, Azərbaycan Ordusu ilə fəxr edirəm. 44 gün ərzində erməni düşmənlərini məhv etdilər. Mən də fəxr edirdim ki, qardaşım oğlu Azərbaycan Ordusunda xidmət edir. Əlaqəmiz hər saat olmurdu. Televizorda baxırdıq ki, Azərbaycan Ordusu hər zaman irəli gedir”.

Qalib ordumuzun qazi giziri Vüqar Həsənov Vətən Müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qeyd edək ki, Vüqar Həsənov ailəlidir, iki övladı var.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Samux

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın