08:40 28 Oktyabr 2013 6916
Ana səhifə Ulduz axını

Olimpiya çempionu Nazim Hüseynov: "Mən yolumu azmışdım"

Olimpiya çempionu Nazim Hüseynov: "Mən yolumu azmışdım"

"Ətrafım pis idi. Mən olimpiya oyunlarından sonra ümumiyyətlə məşq etmirdim. Yarışlara bir ay qalmış başlayırdım məşqə. Onda da təbii ki, alınmırdı. Beləliklə, məşqçilər korpusu məni qəbul etmədi. Adam yolunu azanda adama inam da azalır. Cavan idim, yolumu düz seçmədiyimi deyən olmayıb. Mən yolumu azmışdım. İndiki ağlım o zaman olsaydı, hər şey başqa olardı". Bu sözləri APA TV-nin "Ulduz axını" verilişinin qonağı olan olimpiya çempionu Nazim Hüseynov deyib.

Nazim Hüseynov hesab edir ki, indiki dövrdə uğur qazanan idmançı olmaq üçün bütün imkanlar var: "Mən indiki dövrün gənci olsaydım, ikiqat, üçqat olimpiya çempionu ola bilərdim. Bizim dövrümüz çox çətin idi. 1992-ci il idi, xaos idi. Qazandığımın çoxunu mənim üçün ailəmdən də artıq olan dostlarıma verirdim".

“Mənə yol göstərən də olmadı” - deyən keçmiş idmançı döyüşlərdən öncə həyat yoldaşı ilə söhbətin ona uğur gətirdiyini söyləyir: "Mən kimdəsə günah axtarmıram indi, çünki günah özümdə idi. İnsanlara baxırsan, hamısının üzündən nur yağır, amma sonra görürsən ki, başqa cürdürlər. Onda da gec olur. Mən indiki gənc idmançılara deyirəm ki, adamları tanısınlar. Karyeraları ilə məşğul olsunlar. Onda çox yaxşı olacaq. Olimpiya çempionumuz Elnur Məmmədli ikiqat-üçqat çempion ola bilərdi. Amma olmadı. Çünki istənilən halda qalib gələndə, nüfuz qazananda başına yığılan çox olur. O özünü qorumalı idı. Dostlarla hər axşam yarım saat, bir saat oturmaq kifayətdir. Mən yenə onu qınamıram".

Olimpiya çempionu indi orta məktəbin köhnə idman zalında yeniyetmələrlə, həm də öz oğlu ilə məşq keçir. Ümid edir ki, bir gün öz məktəbini açmaq imkanı olacaq: " Bu olsa, mən nəticə verə bilərəm. İndi bütün diqqətimi və gücümü əsasən oğluma yönəltmişəm. İstəyirəm mən keçdiyim pis yolları o keçməsin, pis insanlara qoşulmasın. Hələlik yaxşıdır. İnşallah ciddi nəticələr verəcəyinə ümidim böyükdür".

Müəllif | Apa.Tv

Kodu kopyalayın