22:40 25 İyul 2013 3396
Ana səhifə Ulduz axını

Vəli Qasımov: “AFFA-da futbol adamı azdır”

“Uşaqlıqda stadionun yanında yaşayırdıq, bütün günü stadionda olurdum. Çox futbol oynayırdıq və bu xoşuma gəlirdi. Yaxınlıqda futbol məktəbi vardı, gedib orada oynayan uşaqlara baxırdım. Bir gün məşqçiyə dedim ki, olar, mən də yazılım sizin futbola? Dedi ki, niyə olmur. O vaxtdan futbol həyatım başladı. O zaman yeddi yaşım vardı”. Bu fikirləri APA TV-də yayımlanan “Ulduz axını” proqramının qonağı olan futbolçu Vəli Qasımov deyib.

O böyük futbola özünün gəldiyini deyib: “13 yaşımda məni milli komandaya çağırdılar. Milli komanda ilə Litvaya yarışa getdik, sonra məni Bakı millisinə dəvət etdilər. Bir dəfə istədiyim turnirə düşmədim, inciyib qayıtdım evə. Sinif yoldaşımla getdim Xarkova. Orada bir futbol məktəbini elanını gördüm, getdim ora. Peşəkar futbola mənim məktəbdən başladım. 15 yaşımda SSRİ yığmasının tərkibinə daxil edildim. 16 yaşımda artıq öz yaş qrupumda Avropa çempionu idim. Sonra çox komandalara dəvət aldım, onların içində “Neftçi” də vardı. Amma mən “Metallist”i seçdim. İki il sonra dəvətlə gəldim “Neftçi”yə. Yarım il də “Spartak”da oynamışam. Onun ardınca Moskva “Dinamo”suna dəvət olunmuşam. İlk Rusiya çempionatının bombardiri də mən oldum. Avropa bu oyunumla məni tanıdı. İtalyanlar, ispanlar, almanlar məni transfer etmək istəyirdi, heç özüm də bilmirdim hara gedim. Azərbaycan komandasında oynamağı çox istəyirdim, amma Sovetlər dağıldıqdan sonra Azərbaycanda futbolun səviyyəsi çox düşdü. Futbolda çox ciddi problemlər vardı. Bəxtim gətirdi ki, həmin dövrdə burada olmadım. Həm də böyük futbolu böyük komandalarda gördüm”.

Vəli Qasımov futbolun kollektiv oyun olduğunu deyib: “ Mən İspaniyada oynayanda Azərbaycan futbolunu tanıyan yox idi. İlk dəfə Azərbaycan futbolunun İspaniyada, Portuqaliyada mən tanıtmışam. İndi Azərbaycanda futbolun inkişafı üçün hər cür şərait yaradılır, amma futbol nədənsə irəli getmir. Futbolumuzda problemlər var. Bu sahənin inkişaf etməsi, irəli getməsi üçün nə etmək lazım olduğunu bilmirəm. AFFA-da futbol adamı azdır. Mən və mənim kimi başqa çox uşaqlar var ki, işsizdirlər. Futbolçuya futboldan uzaqda qalmaq çox çətindir”.

Vəli Qasımov komandalara legionerlərin cəlb olunmasını effektsiz siyasət sayır: “Kənardan gələn futbolçu burada can qoymur, Azərbaycana pula görə gəlir, fikri isə evində qalır. Amma biz burada can qoyarıq. İstəyərik ki, futbolumuz inkişaf etsin. Gələnlər gedir, onların yanlışlıqlarını biz düzəldirik. Çox futbolçularımız var ki, həyatlarını futbola veriblər, amma bu gün onları yada salan yoxdur. Həmin şəxslərdən istifadə olunmalıdır, veteranlarla görüşlər keçirilməlidir ki, uşaqlar da onları tanısın. Çünki Azərbaycan futbol məktəbi çox güclü olub”.

Futbolçu aldığı zədənin karyerasının bitməsində əsas rol oynadığını vurğulayıb: “Bir vaxtlar üzüyuxarı gedirdim, zədələndim, geri getdim. İndi əlimdən başqa iş də gəlmir. Uşaqlara gəldikdə isə, düşünürəm ki, onlar həm futbolla məşğul olmalı, həm də dərslərini oxumalıdır”.

Müəllif | Apa.Tv

Kodu kopyalayın