Səhv edən həkim cinayət məsuliyyətinə cəlb olunmur

Son zamanlar Azərbaycan səhiyyəsində ən vacib problemlərdən biri pasiyentlərə düzgün diaqnozun qoyulmamasıdır. Üstəlik həkimlər pasiyentləri zəruri olmayan prosedurlara yazır, bahalı dərman reseptlərindan istifadə etməyə təhrik edirlər. Bu cür nöqsanlardan ehtiyat edən pasiyentlər isə, ölkənin hüdudlarından kənara üz tutmalı olurlar. Bəs bu problemin həlli nədədir? Bunun aradan qaldırılması üçün hansı addımları atmaq lazımdır? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu problemlə bağlı qızğın fikir mübadiləsi aparılıb.

 

Millət vəkili Qənirə Paşayeva diaqnozun düzgün qoyulmamasında əsas səbəb kimi savadsızlığı göstərir: "Bəzi həkimlər var ki, onlar təkmilləşməyiblər. Çünki tibb ən çox sürətlə inkişaf edən sahələrdən biridir. Öz üzərində işləməyən həkimlər bu səhvlərə yol verirlər". Qənirə Paşayeva həmçinin bu cür problemlərin səhlənkarlıq və qəsdən yarandığını da istisna etməyib: "Bəzən həkim xəstəyə bir A4 kağızını tutacaq qədər dərman yazır. Bəlkə də bu insana az dərman yazılsa yetərlidir. Diaqnozun yanlış qoyulması, yanlış müalicənin aparılması deməkdir".

 

Həkim Rafiq Yusifli isə hesab edir ki, son illər səhiyyə sistemində bu cür nöqsanların aradan qaldırılması ilə bağlı ciddi işlər aparılmaqdadır: "Qrafik əsasında bütün ixtisas həkimləri müəyyən sertifikasiya komissiyalarından keçirlər. Tibbi protokollarla, müasir müayinə metodları ilə tanış olmayan həkimlər işdən azad edilir. Amma kifayət qədər görüləsi işlər var". R. Yusifli səhiyyə sahəsində texniki təchizat işinin, xəstəxanaların avadanlıqlarla təmin edilməsinin  yüksək səviyyədə olduğunu vurğulayıb.   

 

Hüquqşünas İradə Cavadova Azərbaycanda düzgün diaqnoz qoyan həkimlərin az olduğunu vurğulayıb: "Çox təəssüf ki, həkimin cəzalandırılmasına yol verilmir. Biz bu sahədə nəticə əldə etməmişik. Səhiyyə Nazirliyində müvafiq komissiya var. Ən pis halda həkimi işdən azad edirlər. Sonrakı prosedur gedir hüquq mühafizə orqanlarına, amma nə qədər görünən səhv olsa belə həkim cəzalandırılmır. Cinayət məcəlləsinin bir xeyli maddəsi var ki, cəzalandırıla bilər. Bunu sübut etmək çox çətindir".

 

Qənirə Paşayeva iddia edir iki, cəzalanma təkcə Səhiyyə Nazirliyindən asılı məsələ deyil: "Əgər Səhiyyə Nazirliyi buna biganə yanaşdısa, bu bitdi deyil. Vətəndaşın bu məsələni məhkəməyə vermək haqqı var. Mənim yaxınlarımda bu cür hadisə olub. İsrailə apardılar onu və orada həkim dedi ki, mənim ölkəmdə belə bir həkim olsaydı, bir də səhiyyə sisteminə buraxmazdılar. Bəzən elə insanlar bunun arxasınca getmir ki, biz bunun qarşısını almaq istəyiriksə, işləri məhkəməyə, səhiyyə komissiyasına aparmalıyıq. Bu məsələ ictimailəşdirilməlidir".

 

İradə Cavadova isə məhkəmə prosesinə çatmağa imkan verilməyi fikrindədir. İ. Cavadova həmçinin Səhiyyə Nazirliyinin nəzdində yaradılmış komissiyaya da öz münasibətini bildirib: "O komissiyada olanlar kimlərdir? Həkimlər. O dövlət xəstəxanalarında işləyən həkimlər kimə tabedir? Səhiyyə Nazirliyinə. Mənim əlimdə cinayət işi var. Xəstə daxil olub 14.30-da, əməliyyata alınıb 00.10-da. Nə etməliyik? Komissiyaya müraciət etdik. Komissiya həmin adamı işdən azad edib. Çox gözəl. Zərərçəkənin qohumları hüquq-mühafizə orqanlarına müraciət edib. Amma ekspertizanın rəyi yoxdur, çünki yarılmayıb. Rəy də olsa, hara gedir? Səhiyyə Nazirliyinə. Bizdə müstəqil ekspertiza yoxdur". İradə Cavadov əməliyyatın video yazısının vacib olduğunu vurğulayıb: "Komissiya və ekspertiza müstəqil olarsa, bunları həll etmək mümkündür".

 

Qənirə Paşayeva müxtəlif təşkilatların nümayəndələrindən ibarət müstəqil komissiyanın yaradılmasının tərəfdarıdır: "Həkim də bilməlidir ki, o ömürlük həkim işləməkdən məhrum ediləcək".

 

Rafiq Yusifli bu cür hallarda səhlənkarlıq və məsuliyyətsizlik anlayışlarının fərqli olduğunu vurğulayıb.  

 

Qənirə Paşayevanın sözlərinə görə bəzi tibb sahələrində mütəxəssislərin sayını görürük, amma daha çox azlıqdan əziyyət çəkirik: "Bu sistemə o zaman son qoyulacaq ki, icbari tibbi sığorta sistemi işə düşəcək. Əcnəbi ölkələrdə xəstəxanalar sığorta şirkətlərindən qorxurlar. Çünki o məbləği ödəməlidirlər. Tibbi sığorta səhiyyənin onurğası hesab edilir".

 

İradə Cavadova müayinə məsələsində tibbi protokolların vacibliyini vurğulayıb. İ. Cavadova həmçinin onu da qeyd edib ki, Azərbaycanda bəzi prosedurlar axşam və gecə vaxtı fəaliyyət göstərmir: "Mən Ukraynada olarkən, MRT-dən keçməli idim, məni axşam saat 22.05-ə yazdılar. Mən o laboratoriyaya gedəndə gördüm ki, növbə var. Bütün mütəxəssislər iş başında idi və xidmətlər bizdən qat-qat ucuz. Elə bir laboratoriya yaradıla bilər ki, vacib analizlər üçün 24 saat işləsin. Bu çox vacibdir". Hüquqşünas hesab edir ki, Azərbaycanda zəruri olub-olmadığı təqdirdə belə həkim xəstəni prosedura göndərir və bunun fəsadları barədə məlumat vermir: "Həkim heç nə tapmayanda deyir ki, apendisit əməliyyat olunmalıdır. Xəstələr nəticəsindən asılı olmayaraq, daim şikayət etməlidirlər".

 

RafiqYusifli də hesab edir ki, tibbi protokolu bitirməyən həkim, xəstəni əməliyyat masasına götürə bilməz: "Bu saat respublikamızda 24 saat ərzində ürək-damar sistemi xəstəliklərinin andeqrafiya olma problemi yoxdur. Çünki burada saatların rolu var. Maqnit müayinəsi də güman edirəm ki, diaqnostikada lazım olan vaxt onu etmək olar".

 

 

 

 

Müəllif | Apa.Tv