10:00 18 May 2018 1589
Ana səhifə Xəbərlər

"Biz 26 ildir ölmüşük, bizə dua etməyin" - TAXTA KÖRPÜDƏN REPORTAJ

Bu gün Ağcabədinin Taxta Körpü qəsəbəsi deyiləndə ilk yada düşən laçınlılar olur. Artıq yerli sakinlər buna o qədər alışıb ki, bu əraziləri Laçın adlandırmağa başlayıblar.


APA TV-nin Qarabağ bürosunun məlumatına görə, 75804 nəfər əhalisi olan Laçın rayonunun 15 minə qədər sakini bu obalarda məskunlaşıb.


Zakir müəllimin 63 yaşı var, riyaziyyat müəllimidir. Köçkün düşdüyü gündən yurd həsrəti ilə yaşayır. Laçınsız yaşadığı illəri isə ömürdən saymır: "İnsan doğulduğu yerdə, doğulduğu məkanda bir istilik, doğmalıq tapır. O ocağın istiliyini mən burda tapa bilmirəm. Ona görə deyirəm ki, elə biz 1992-ci ildən vəfat eləmişik, yoxa çıxmışıq. Bu yaşamaq deyil vallah. Düzdür, uşaqlar da böyüyüb, evləniblər, ev, şərait, hamısı öz yerində. Amma 26 ildir mən bənövşə qoxusuna həsrət qalmışam. 26 ildir sərin bulaq suyuna həsrət qalmışam".

Ömrünün 43 ilini müəllim işləyən Zakir Orucov elə Laçında olanda da peşəsini çətinliklə icra etdiyini deyir. Məsələn, yaşadığı kənddə özünümüdafiə batalyonuna ilk yazılanlardan olub. Gecələr kəndin müdafiəsinə qalxan Zakir müəllim, gündüzlər sinfə silahla gəldiyini deyir. Dərsarası tənəffüslərdə isə silahdan istifadə qaydalarını uşaqlara öyrətməyə çalışıb: "Mən özüm də könüllü özünümüdafiə batalyonundaydım. Biz ancaq kənddə müdafiə olunurduq, 24 nəfər idik. Dərs vaxtı avtomat çiynimdə mən dərs keçirdim. Dərsimi qurtarandan sonra gedirdim posta".

Laçının Şadrlar kəndi ilk şəhidini 1990-cı ilin aprelin 10 da verib. Laçının işğalından düz bir il əvvəl eyni gündə, 1991-ci il mayın 17-də bir gündə 4 şəhid verib bu kənd. Həmin şəhidlərdən biri də Zakir müəllimin 23 yaşlı qardaşı Orucov Nadir Şükür oğlu olub: "Orucov Nadir Şükür oğlu və onun dostları, Məmmədov Tahir Məmməd oğlu, Məmmədov Polad Əsgər oğlu polis, Allahverdiyev Qaçay isə onların sürücüsü idi. Polislər subay idi, amma Qaçayın 5 övladı qaldı".

Nurəddinli obasında qarşılaşdığımız Qaragöz nənənin 84 yaşı var. Kameramıza dərdini bayatı ilə başlayır. Ceyran-cüyür sürülərinin yaşadığı dağlardan köçkün düşdükdən sonra aranda yaşamağa hələ də alışa bilməyib: "42 ildir qazandığıma yiyə durmamışam. Düzdür korluğumuz yoxdur. Amma o günlərə çatmaz. Qoyunum sürü ilə idi. İnəklərim, hinduşka sürüsü qoyun quzu sürüsü ilə bir idi. 24 bulağımız qalıb. Dünən gecə yuxuda görmüşəm. Görürəm qar yağıb. İnəklərim qalıb çöldə".

"Allah ömür versin!" deyirik. Bu duadan xoşu gəlmir, "Laçınsız ömrü mənə arzulamayın!" deyir Qaragöz nənə. Çünki həyatında nə yaxşı nə gün görübsə, nə ömür yaşayıbsa, o yerlərdə, o dağlarda yaşayıb. Tanrı o günlərini yenə nəsib etsin, Qaragöz nənə!

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın